YAP-çı deputat hökuməti necə rüsvay etdi?

6-02-2016, 11:26   
YAP-çı deputat hökuməti necə rüsvay etdi?
Siyavuş Novruzovun Əli Kərimliyə cavabı bumeranq effekti verdi

Hökumət komandası yenə də öz ampluasındadır. Ölkədəki ağır vəziyyət, insanların acınacaqlı həyat şəraiti, dünya ilə soyuqlaşan münasibətlər hökuməti qətiyyən narahat etmir. Həmişəki kimi daxili auditoriyanı çaşdırmağa, boş təsəllilər verməyə və real müxalifətə ləkə atmağa girişiblər.

Xüsusən də AXCP sədri Əli Kərimlinin ölkə başçısı Ilham Əliyevin ittihamlarına verdiyi cavab, komandanın təzyiqini qaldırıb. Bəli, Əli Kərimli “onluğa” vurduğuna görə, komandanın “xal”ı itib. Ona görə də hökumətin mandat gəzdirənləri “anti-böhran” tədbiri görməyə başlayıblar. Amma iqtisadi böhrandan çıxış planları kimi, anti-Əli Kərimli planları da fiaskoya uğrayır.


Bu dəfə də Əli Kərimlinin itthamlarına YAP-çı deputat Siyavuş Novruzov cavab verməyə çalışıb. Ümumiyyətlə, bu adamı o qədər müxalifətə qarşı “dəbilqə” kimi istifadə ediblər ki, artıq “qoruyucu” funksiyasını itirib. Axı, raket zərbələrinin qarşısında, dəbilqə nə edə bilər?

Qayıdaq, Siyavuş müəllimin ittihamlara cavabına. YAP-çı deputat bildirib ki, Əli Kərimli Kür çayından o tərəfə keçməyib, dostlarını satıb, hərbi xidmətdə olmayıb, iqtidarla danışıqlara gedib deputat seçilib və s. Daha sonra qeyd edib ki, bütün bu ittihamları sübut etməyə hazırdı.

Əvvəla, qeyd edək ki, cənab Novruzov özü də fərqinə varmadan hökuməti saxtakarlıqda ittiham edib. Deyir ki, Əli Kərimli hökumətlə danışığa gedib, deputat olub. Deməli, Siyavuş Novruzov etiraf edir ki, seçkilər xalqın iradəsiylə yox, hökumətin iradəsiylə keçirilir. Deməli, hökumətlə danışığa gedib, deputat olmaq mümkündür. Deməli, hökumət öz maraqlarına görə xalqın səsini oğurlaya bilir, MSK saxta rəy verə bilir. Yaxşı olar ki, Siyavuş Novruzov bu məsələyə aydınlıq gətirsin. Əli Kərimliyə şər atarkən, hökuməti saldığı quyudan çıxarmağa çalışsın.

Əli Kərimli məlum açıqlamasında ortaya arqumentlər çıxardı və göstərdi ki, hökumətlə danışıq nəticəsində parlamentə düşən deputatlardan olmayıb. Uzun illərdi Azərbaycan xalqı parlamentdəki “müxalifət”in leksikonuna bələddir. Hökumətlə separat danışıqlara gedən deputat, parlementdə hökuməti ifşa edə bilməz, prezidentlə deyişə bilməz və hökumət də razılığa gəldiyi deputatın cibindən tank əleyhinə qumbara çıxarmağa cəhd etməz.

Amma məqsədimiz Əli Kərimlinin haqlı olduğunu sübuta yetirmək deyil. Çünki, hökumət AXCP-yə və onun liderinə qarşı münasibətiylə, bütün suallara aydınlıq gətirib. Yəni, hökumət real müxalifətin kimliyin etiraf etməyə məcbur olub.

Sadəcə olaraq biz Siyavuş Novruzova məsləhət görərdik ki, “Əli Kərimli hərbi xidmətdə olmayıb”, “Kür çayından o tərəfə keçməyib” deyəndə, çevrilib yan-yörəsinə baxsın. Bütün bunlar yaxın tarixdə baş verib və kimin nə vaxt harada olmasını göstərən xeyli faktlar var. Yəni, bu adam tarixə istinad edəndə elə faktlara söykənməlidir ki, o faktlar bumeranq kimi qayıdıb kəlləsinə dəyməsin.

Amma Siyavuş Novruzovdan acizanə bir xahişimiz də olacaq. Belə ki, uzun illərdi hökumətimiz Əli Kərimliylə bağlı faktlardan, kompromatlardan danlışır. Hər dəfə də məlum olur ki, bu “fakt”lar hökumətin fantaziyalarının məhsuludur. Gah dedilər ki, Əli Kərimli xaricdən maliyyələşir, gah dedilər ki, terrorçu təşkilatlarla iş birliyindədir, gah dedilər ki, Isveçrə banklarında hesabı var, gah da Elçibəyi zəhərləməkdə ittiham olundu. Amma bugünə qədər bu ittihamların heç biri çin olmayıb və əriyib. Indi də əsrimizin Siyavuşu deyir ki, mənim əlimdə faktlar var və sübut edə bilərəm. Ey millətimizin vəkili, ey mandatın keşikçisi, bu faktları ortaya çıxart, bizim də intizarımıza son qoyulsun. Məsələn, Əli Kərimli hansı əqidədaşlarını satıb? Ümumiyyətlə, neçəyə satıb, hansı valyutayla satıb, satılanları kim alıb?

Həqiqətən də dərdimiz ağırdı. Camaat millət vəkil seçir ki, dərdini söyləməyə yeri olsun. Bizim millət vəkillərimiz də ləyaqətli insanlara atmağa “daş” axtarırlar.

Amma Siyavuş Novruzov bir məsələni sübut edə bilər və əlində fakt da var. Belə ki, Əli Kərimli Kür çayından o tərəfə keçə bilsə də, 10 ildir ki, ölkədən kənara çıxa bilmir. Çünki, offşorlara qədər gedib çıxan hökumət, real alternativin ölkədən çıxmasında maraqlı deyil.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.