Kimlərin tələ qurduğunu, kimlərin müdafiə etməkdən boyun qaçırdığı...
Azərbaycan Avropa Hərəkatının prezidenti, Ümid Partiyasının sədr müavini Ramin Hacılı 2015-ci il Parlament seçkiləri zamanı ölkəni təcili tərk etməsinin səbəblərini ilk dəfə Qaynar.info-ya açıqlayıb.
"2015-ci il parlament seçkilərinə aktiv şəkildə qatılacağımı ilin əvvəlindən bəyan etmişdim. Artıq iyun ayında ofisimiz, əməkdaşlarımız, peşəkar kadrlarımız hazır idi. Komanda olaraq çox fəal bir seçki planı qurduq. Bundan dərhal sonra bizə qarşı bir hücum başladı. Mən hər zaman özümə qarşı olan hücumları ictimailəşdirməkdən imtina etmişəm. Çünki bu halda insanlar bizimlə birgə olmaqdan çəkinirlər. Buna görə barəmizdə “təzyiq yoxdursa, hökumətin adamıdı” deyilməsinə bilərəkdən razı oluruq. Onu da deyim ki, bizə basqılar açıq və birbaşa olmur. Bunu məsələn, fürsət tapıb şayiə buraxmaqla, hansısa işə dolayısıyla əngəl olmaqla edirlər. Bu özü də bir növ tərkisilah yoludu. İstəyirəm növbəti dəfə oyunları pozum və hər şeyi açıqlayım. Baxmayaraq ki, biz dövlətimizin adına xələl gəlməsini istəmirik, lakin görünür bunu istəyənlər elə dövlət adından danışanlardı.
Uzun müddət idi ki, mənim "www.raminhacili.info" domenim porno saytların birinə yönləndirilmişdi. Bu, deputatlığa namizəd üçün ciddi bir problem idi. İki ilə yaxın müddətdə bunu həll etməkdə çətinlik çəkirdim.
2015-ci ilin iyun ayında mənə "facebook"dan bir şəxs tərəfindən müraciət daxil oldu ki, bu problemi müəyyən vəsait qarşılığında həll edə bilər.
Dedim ki, həll edin, sonra istədiyiniz vəsaiti ödəyərəm. Razılaşdıq, işə başladı. Növbəti gün artıq problem aradan qaldırılmışdı. Başqa mail vasitəsi ilə, sayt yenidən mənim adımda oldu. Problem çözüldü düşündük, həmin şəxsin təkidi ilə o domendə mənim üçün özünün qurmaqda olduğu sayta daxil ola bilirdim. Guya iş gedirmiş. Bu işləri də görmək üçün məndən ayrıca vəsait almışdı.
Günün birində bu adam yoxa çıxdı. Onu tapmayanda biz İT sahəsində çalışan peşəkarlara müraciət etdik ki, həmin domen əsasında sayt yaratmağa kömək etsinlər.
Məlum oldu ki, bu domen virusdu və kim ora daxil olursa onun kompüterində, telefonunda olan papkalar götürülür.
Bu arada başqa bir adam məni davamlı olaraq təhdid və şantaj etməyə başladı.
Təhdid edən şəxs deyirdi ki, sənin və ailənin kompüterinin, telefonlarınızın yaddaşına daxil olmuşuq, əlimizdə materiallar var. Əvvəlcə inanmadım. Amma sonradan o elə məlumatlar verdi ki, narahat olmağa başladım.
Mənə gələn materialı ofisdə olarkən öz kompüterimlə, evdə olarkən isə xanımımın kompüterilə açıb oxuyurdum. Bunlar da bu vasitə ilə hər iki kompüterin yaddaşını köçürüblər. Bu bizi çox narahat etməsə də, onun dediyi kimi kompüter kamerası vasitəsi ilə evin içinə daxil olub-olmamasını gərginlik yaratmışdı. Çünki iddia edirdi ki, kompüter kamerasıyla evdən görüntülər əldə edib. Həmin adam əlində çox ciddi material olduğunu və bunu açıqlayacağını deyərək məni davamlı şantaj edirdi.
Məndən tələb edirdilər ki, xanımım Aysel Əlizadə və mən seçkilərdən geri çəkilək.
Namizədliyimi geri götürməsəm də seçki gününə bir ay qalmış kampaniyanı dayandırmaq qərarına gəlmişdik. Buna səbəb namizədlərə efir vaxtının verilməməsi, seçki məcəlləsində olan boşluqların qalması, beynəlxalq müşahidəçilərin prosesə buraxılmaması, dövlət resurslarının YAP namizədlərinin xeyrinə işlənməsi, Vətəndaş Cəmiyyəti İnisututlarının dişsiz hala salıması idi. Passiv mövqe tutmaq qərarımızdan sonra, geri çəkilmək barədə düşünməyən xanımım Aysel Əlizadəyə yardım etmək qərarı aldım.
Şantaj edənlər təkidlə Azay Quliyevin adını çəkir və xanımımın onun xeyrinə namizədliyini geri çəkməsini istəyirdi(lər). Düşünürdüm ki, bu qrupa tapşırığı Azay Quliyevin komandası verir. Ona qarşı çox qəzəbli idim. Yaydığım video müraciətdə MTN başda olmaqla bütün tərəflərə qəzəbimi göstərirdim. Nə olur olsun insanlarla, rəqiblərlə münasibətdə təmkinli olmağa çalışmışam. Ancaq indi vəziyyət başqa idi. Baş verənlər səbrimi daşırırdı. Sonradan Azay Quliyevin mənə çaşqın halda verdiyi “Mənə qarşı niyə belə aqressivsən?” sualı bu barədə yenidən düşünməmə səbəb oldu. “Burda nəsə başqa bir oyun oynanılır” versiyası istisna deyildi.
Türkiyədə yaşayan və İT sahəsi üzrə çalışan Emre adlı dostum ilə əlaqə saxladım. O mənə yardımçı olacağını bildirdi. Seçki gününə az qalmış yoxa çıxmamın yaradacağı ajiortajı təxmin etmişdim və bununla həm də oyunları pozmaq istəyirdim. Namizəd olduğum dairədə əleyhimə plan qurulduğundan xəbərdar idim. Belə də oldu, seçki günü guya mənim adıma yazılmış bülletenlər “tutuldu” (!) Yalnız bir dairədə, kameraların gözü qarşısında saxta bülletenlər aşkarlanır, o da, sən demə, mənim adıma hazırlanıb. Bunu yayan “Azadlıq” qəzeti oldu ki, (Link BURADA) o da ayrı problemdi.
Barəsində dediyim “www.raminhacili.info” domeninə virisu qoyan adamı ortaya çıxarmaq üçün bir sentyabr tarixində polisə müraciət etmişdim. Üstündən 40 gün keçməsinə baxmayaraq 102 xidmətinə etdiyim müraciət, yazdığım ərizə əsasında heç bir tədbir görülmürdü.
Qərara gəldim ki, bütün materialları götürüb Emre ilə görüşə gedim və özümüz bu həmlənin edildiyi ünvanı aşkarlayaq, adamı və ya adamları ortaya çıxaraq. Elə getməliydim ki, bunu heç kəs bilməsin. Çünki izlənirdim. Telefonları söndürdüm, kompüterimi götürdüm və bir sutkaya Ankaraya çatdım. Emre məni hakerlərlə görüşdürdü. Məndə olan virusların potensialını, təhdid gələn ünvanın İP-sini tapdıq. Məlum oldu ki, bu adam bizim evə yaxın yerdə qalır və ya ev kiralayıb.
İP ADRESSİ: 85.132.78.164
Mütəxəsislər əsas məsələyə aydınlıq gətirdi: o adam kamerayla evimizə daxil ola bilməyib. Bu məsələ tez zamanda aydın olduğu üçün “facebook” profilimdə yazdığım tarixdə - 2 noyabrda yox, daha tez qayıtdım.
Təhdid edən şəxs(lər)in ünvanını, hansı proqramlarla işlədiyini, virusun funksiyalarını öyrəndik. Məlum oldu ki, Delta Telecom-dan öz evinə birbaşa ayrılmış xətt (fiper optik) çəkdirib. Provayder olmadığından adresi dəqiq təyin etmək mümkün olmur, yalnız yerləşdiyi ərazini aşkarlaya bildik. Kiber terror seçkidən sonra da, bu gün də davam edir. Sonradan olanlar artıq türkiyəli dostlarım tərəfindən deşifrə olunur.
VİRUSUN MAHİYYƏTİ:
GÖNDƏRİLƏNLƏR:
Barəsində polisə şikayət etdiyim şəxs aldığımız məlumata görə artıq Azərbaycanda yaşamır. Polisə olan şikayətimə isə rəsmi cavabı 26 yanvar 2016-cı il tarixində aldım. Şikayətdə onun məndən pul aldığını və yoxa çıxdığını qeyd etdiyimdən, buna uyğun cavab gəlib. Hansı ki, şikayətlə həmin şəxsi ortaya çıxarmaq fikrində idim:
POLİSİN CAVABI:
İndi yenidən Mətbuat Şurasına, Daxili İşlər Nazirliyinə və aidiyyatı qurumlara müraciət edəcəm.
Marqlı nüanslardan biri də odur ki, həmin İP ünvanından idarə olunan facebook səhifəsi daha çox insanları radikal addımlara səsləyir. Provakasiya ilə məşğul olur”.
Ramin Hacılı Türkiyədə olduğu zaman, onun haqqında yayılan bəzi informasiyalara da aydınlıq gətirib:
“Türkiyəyə heç kimə demədən getməyim, bir çox insanı nigaran qoymuşdu. Bəziləri hətta iddia edirdilər ki, mən Almaniyadan siyasi sığınacaq almışam və ora getmişəm.
Nüfuzuma xələl gətirmək istəyənlər üçün də əla fürsət yaranmışdı. Sonradan öyrəndim ki, sinəsini qabağa verən İranın Azərbaycandakı səfirliyi ilə uzun illərdi əməkdaşlıq edən, vəkil kimi çalışan, İran vətəndaşlarının hüquqi işlərini görən İmani soyadlı bir şəxs olub. O, Azərbaycanlı bir qadınla evlənib və 10 ildən çoxdur ki, Bakıda yaşayır. Onun işi həm də İranın Bakıdakı səfirliyi qarşısında aksiya keçirən adamları nəzarətdə saxlamaqdı.
Həmin vaxt bu adam da fürsətdən istifadə edərək, qərara gəlib ki, məni şantaj etsin, cinayət işi açdırsın. Guya mən kimlərisə aldadıb 18 min dollar pul atıb qaçmışam.
Təbii ki, bu çox bəsit bir məbləğdi və buna görə heç kim öz işini, karyerasını və ailəsini qoyub getməz. Bu məlumatların yayılmasında əsas məqsəd, Güney Azərbaycanda mənim nüfuzumu azaltmaq və məni bununla şantaj etməkdi. Bu məlumatlar bir çox saytlara göndərilmişdi. Lakin əksər peşəkar saytlar bu informasiyanı verməkdən imtina etdilər. Çünki kimdən pul aldığım, kimə pul atdığım barədə heç bir sənəd yox idi, ad çəkilmirdi. X.H. deyilən adamdan danışılırdı. X.H. kim idi heç kim bilmirdi. Bu çox gülməli idi. Nədənsə xarici pasportumun onlarda olması iddiası bir çoxları tərəfindən ciddiyə alınmışdı. Lakin peşəkar media qurumları sənədi görmədən belə yazı dərc etməzdilər, etmədilər də.
Yalnız Qafqazinfo portalı sevə-sevə yayımladı bu xəbəri. Bu saytın sədr müavini olduğum Ümid Partiyası ilə uzun zamandı reklam müqaviləsi, əməkdaşlığı var. Ona görə də partiya əngəl olsaydı, sayt bu xəbəri yaymazdı. Güman edirəm ki, həmin dövrdə partiyada da mühacirətə getdiyimi və qayıtmayacağımı düşünüb yalan xəbərin qarşısını almayıblar. Çünki sədrim və əziz dostum İqbal Ağazadə olanlara belə bir açıqlama verib: “əgər məlumat təsdiqlənsə biz ölçü götürəcəyik.” Görünür İqbal bəy də dönməyəcəyimə inanıbmış.
Facebook səhifəmdə xarici pasportumun şəklini yayımladım. Burdan görmək olur ki, həmin tarixlərdə Gürcüstan üzərindən Türkiyəyə keçmişəm və üç gün sonra birbaşa reyslə geri dönmüşəm.
PASPORTUN ŞƏKİLLƏRİ:
Həqiqətin gözə batan olduğunu biləndən sonra Qafqazinfo saytı yazını sildi. Amma çox təəssüf ki, Qafqazinfo-ya istinadən bəzi mətbuat orqanları bu məlumatı verib və hələ də yığışdırmır. Mən də o xəbərlərin yığışması üçün enerji və vaxt sərf etmək istəməmişəm. Məntiqi olan hər kəs bilir ki, 18 min dollara görə heç kəs əzizlərini, karyerasını qoyub qaçmaz.
Həmin dövrdə bir neçə mətbu orqanı ailəmin dağılması, dönməyəcəyim haqda iyrənc yazılar yayımladı. Bu qədər qarayaxmanın çoxluğu sifarişdən xəbər verirdi. Bu həm də bir çox KİV orqanlarının “müstəqilliyindən” xəbər verir”.
Ramin Hacılı qeyd edir ki, onun nüfuzunun aşağı salınmasında və qarayaxma kampaniyasında özlərinə “əsl müxalifətçi” adı qoyanlar daha çox canfəşanlıq edirdilər:
"Məni həmişə güclü rəqib biliblər, daha potensiallı olduğumu da anlayırlar. İstədiyim an öndə ola bilərəm. Ona görə “müxalif media” duruşu və radikallığın ekstazı duyğusu ilə günorta yuxudan qalxan kimi yazdıqları statusla özlərini toxdadır, çayxanaya qaçıb uğursuz mübarizliklərindən canfəşanlıqla bir-birinə danışırlar. Onlardan ikisinin adını deyim. Bununla Günəşin aydınlatdığı səhərə salam söyləyək. Nazlı Pəncəliyeva adlı biri həmin yalanları həvəslə paylaşmışdı, üstəlik təhqir də yazmışdı. Səbəb isə çox bəsitdi. Bildiyiniz kimi mənim işlərimdən biri də xaricdə təhsildi. Həmin Nazlı, xanım da xaricdə təhsillə əlaqəli başqa bir şirkətdə işləyirdi. O şirkətin rəhbəri firldaqçılığa görə həbs olundu. Adamın saxtakar olduğunu həmin xanıma dəfələrlə sübut etmişdim. Haqqımda böhtanlar yayılanda isə qız fürsətdən istifadə edib “sən özün fırıldaqçısan” demək istəmişdi. Hay salanın biri də Zaur Qurbanlı adlı keçmiş məhbusun xanımı idi. Həbsdə ikən biz onlara dəstək olurduq. Bəs niyə sevincək qarayaxmanı paylaşırdı? Çünki o da xaricdə təhsil şirkətində işləyir. Macal ikən öz aləmində mənim “bazarımı” öldürürdü. Əlbəttə, bütün bunlar mənim mövzularım, qayğılarım deyil. Demək istədiyim başqadı. Adamların motivi bu qədər bəsit, intriqa dolu, ucuzdu. Bu adamlar gerçək idealogiyanın nə olduğunu bilmirlər. Belə kiçik dünyalarında sevgisiz yaşayırlar. Bir daha niyə bu tayfadan qaçdığımı dostlarım da bilsinlər. Bir də onu bilsinlər ki, özü bədbəxt olanlar heç kimə xöşbəxtlik gətirə bilməzlər. Bilirsiz, bir var adamın başına nəsə bədbəxtlik gəlir - pis bir hadisə-filan, bir də var, bədbəxtlik adamın mahiyyətindədi. Bunlar çox fərqli şeylərdi. Mənim dedi-qodu, intiriqa içində olmağa həvəsim və istəyim yoxdu. Böyük planlarım, hədəflərim var. Bunun yolu da mübarizədən yox xidəmətdən, faydalı olmaqdan keçir. “Əsl muxalifətçi kimdi” oyunu oynayan yaşım çoxdan keçib. Bu səbəbdən heç birinə, heç cəmiyyətə belə uzun müddətdir açıqlama vermirdim. Bu hadisələrdən gərginlik keçirən ailəmə, dostlarıma, iş gördüyüm şəxslərə görə üzüldüm... Və real addımlarımla onların ayanında etimadımı qaytara bildim. Sual edə bilərsiz ki, bəs niyə indi açıqlama verdim.
Baxmayaraq ki, Ankarada aldığım bilgilərə əsasən qoruna bilirəm. Birinci istəyim dövlət qurumlarının kiber terror mənbəsini aradan qaldırsın, araşdırsın, əgər özfəaliyyətdirsə cəzalandırsın. Yox, əgər hakimiyyətin özünə bağlıdırsa, o zaman bunu nə səbəbdən etdiklərini açıqlasınlar.
İkincisi isə çoxları hələ də mənə suallar ünvanlayır qeyd etdiyim böhtanlarla bağlı, onlar aydınlığa çıxsın.
Və ən əsası bu durum faydalı olmaq imkanlarımı azaldır və aradan qaldırılmaılıdı.”
SEÇKİ PLAKATI – Ramin Hacılı:
qaynar.info