''Oğlumu əməliyyat stolunda qoyub qaçıblar'' (VİDEO)
8-02-2016, 22:12
“Oğlumun qolu qırılmışdı, əməliyyata götürdülər, meyitini qaytardılar. Belə xəstəxana olar? Bilmirəm nə edim. Balamın iki balasını ortada qoydular…”
Bu sözləri Qazax rayon sakini Əcəb Əhmədova deyir. Ananın sözlərinə görə, oğlu Zaur Əhmədov həkim səhlənkarlığının qurbanı olub: “Hadisə yanvarın 4-ü baş verdi. Gəcə saat 2-3 radələrində oğlumun qolu sındı. Apardıq Qazax rayon Mualicə Diaqnostika Mərkəzinə. Orada Fəxrəddin həkim muayinə edib gips qoydu. Xəstəxanada ləvazimat olmadığına görə resepdə yazilan dərmanları özümüz aptekdən aldıq. 10 manat da həkimə pul verdik. Sonra arxamızca çağırdılar ki, gəlin, 5 manat da xadimələrə verin. 5 manat da onlara “hörmət” eləmişəm. Sonra dedik ki, gedib rentgenə saldıraq, görək haradan qırılıb. Sabahısı xəstəxanaya gedəndə həkim rentgenə baxıb dedi ki, buna gips yox, cərrahiyyə əməliyyatı lazımdı. Oğlum həkimlə əməliyyatı 800 manata razılaşdırdı. Dedilər: “Sabah gətirin, əməliyyatını edək”. Oğlum qandan analiz verdi, ürəyinin kardioqrammasını çıxardılar, nə dedilərsə, edildi.
Səhərisi tezdən getdik əməliyyata. Bizə otaq ayırdılar. Saat 1-in yarısı idi, oğlumu yuxarı – cərrahiyyə otağına çıxardılar. Saat yarım gözlədik. Gördük ki, heç bir xəbər çıxmır, gəldik əməliyyat otağının qarşısına. Heç kim yox idi. Hardasa yarım saat da orda gözlədik. Bir də gördük ki, bir boğanaq qopdu. Polis və adamlar bir-birinə qarışdı. Qırdılar qapını, içəri girdilər. İçəri girəndə gördülər ki, heç kim yoxdu. Yalnız mənim oğlumdu, cərrahiyyə stolunda ölüb və onu qoyub qaçıblar”.
Əcəb Əhmədova deyir ki, həmin gün nə xəstəxana rəhbərliyini, nə də əməliyyat edən həkimləri tapıblar. Məlum olub ki, Zaur Əhmədovun qolunu heç əməliyyat etməyiblər də: “Deyirlər, oğlum narkozdan ölüb. Narkoz verən Aynur həkim olub. Biz heç kimi tapa bilmədik, çünki hamısı qoyub qaçmışdı. Heç xadimə belə yox idi ki, soruşaq nə baş verib. Orda polisdən başqa heç kim yox idi. O gündən - bu günə kimi heç bir həkimi də tapmırıq ki, bizə ölümün necə baş verdiyini anlatsınalr. Bir aydan çox vaxt keçib, amma həkimlərdən bir nəfər belə məni itirib-axtarmir”.
Ana oğlunun ölümündə günahkar olanların cəzalandırılmasını istəyir. Bu niyyətlə də ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edib, ondan kömək istəyir.
Əcəb Əhmədova deyir ki, bugünə kimi nəvələrinə Zaurun öldüyünü deyə bilməyib. Uşaqları atalarının müalicə üçün Bakıya getdiyini düşünürlər.
Zaur Əhmədovun qayını Elşən Rəhimov deyir ki, yeznəsi qolunun 3-4 ay gipsdə qalmagını istəməyib: “Çünki ailənin tək qazanc gətirəni idi. Ona görə də Fəxrəddin həkimlə danışıb, əməliyyata razılıq verib. Əməliyyata aparılandan 15 dəqiqə sonra ölüb, biz yaxınları isə bunu 2 saat sonra öyrənə bildik”.
Ailəsinin bildirdiyinə görə, Qazax Müalicə Diaqnostika Mərkəzinin həkimləri Zaurun ikinci cümə axşamında başsaglığı verməyə gəliblər.
Qazax Müalicə Diaqnostika Mərkəzinin həkimi Fəxrəddin Vəliyev Meydan TV-yə deyib ki, Zaur Əhmədov mərkəzə sol qol bazu sumuyunun qırığı diaqnozu ilə daxil olub: “Xəstənin qolunu muayinə etdim, gips qoyuldu. Ancaq sonra xəstə gipsdən şikayət etdi deyə alternativ variant kimi cərrahiyyə əməliyyatını məsləhət bildik və razilaşdıq. Xəstə yanvarın 6-sı bütün müayinələrdən keçdi və heç bir sistematik xəstəlik yox idi. Cərrahiyyə əməliyyatı üçün heç bir bir əks-göstərici olmadığına görə yanvar ayının 8-i cərrahiyyə əməliyyatına qərarlaşdıq. Xəstəyə əvvəlcə narkoz həkimləri Aişə və Niyazi həkim baxmışdılar. Ancaq əməliyyat otağına Aynur həkim gəldi”.
Fəxrəddin Vəliyevin sözlərinə görə, Aynur həkimin əməliyyata girməsinə etiraz etdikdə, anestizioloq ona novbətçi olduğunu və bu səbəbdən əməliyyata girəcəyini bildirib:
“Hazırlaşıb əməliyyat otağına girəndə Aynur həkimdən xəstənin vəziyyətini soruşdum. Bu zaman gördüm ki, xəstənin qarnı qalxıb-enir. Halbuki narkozda yatan zaman döş qəfəsi qalxıb-enməlidir. Monitorda xəstənin saturasiyası aşağı düşürdü. Bu, qanın oksigenlə zənginliyini göstərən əmsaldır. Aynur həkimdən xəstənin monitorda olan göstəricisinin niyə belə olduğunu soruşdum. Həkim bildirdi ki, xəstənin çənəsi yaxşı açılmayıb, yaxşı görə bilməyib, səhv düşdüşdüyü üçün borunu çıxarıb. Sonra masaj edib, xəstənin vəziyyətini düzəldib. Aynur həkim ikinci dəfə yenə narkozu düz verə bilməyib, düşə bilməyib və təkrar borunu çıxarıb. Mən də xəstənin ürəyini masaj edib, onu ayıltmağa calışdım. Ancaq xəstəni ayılda bilmədik”.
Fəxrəddin Vəliyev onu da deyib ki, əgər xəstəxanada traxeostomik boru olsaydı, bu vasitə ilə xəstəni ayıltmaq olardı.
Məsələdə adı çəkilən Aynur adlı həkimlə əlaqə saxlamaq mümkün olmayıb.