Süleyman Mikayılov Prezident Adminstrasiyasını aldatmaq istədi, ifşa olundu

9-02-2016, 05:50   
Süleyman Mikayılov Prezident Adminstrasiyasını aldatmaq istədi, ifşa olunduSüleyman Mikayılov Prezident Adminstrasiyasını aldatmaq istədi, ifşa olundu Qaradağın icra başçısının öz-özünü ifşa edən hesabatının pərdəarxası məqamları

İcra başçılarının ənənəvi hesabat bleflərinə start verilib. Bu günlərdə Qaradağ rayonunda da 2015-ci ilin yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib. Yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Tağı Tağıyev, Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Qaradağ rayonunda keçirilən bu tədbir və tədbirdə səslənən faktlarla bağlı cumhuriyyet.az olaraq xüsusi araşdırma apardıq. Nəticələr isə çox maraqlıdır.

Hesabat yığıncağında gedişat niyə dəyişdi, yaxid Mikayılovun “ayaqdayım” mesajı
Qaradağ rayon icra başçısının sözügedən hesabatına keçməzdən öncə onu bildirək ki, Süleyman Mikayılov adətən bu kimi hesabat yığıncaqlarında bir çox icra başçılarından fərqli bir ssenari seçirdi. Qaradağda keçirilən bütün hesabat yığıncaqlarında icra başçısı yalnız ölkə səviyyəsində məlumatlarla çıxış edir, rayon haqda məlumatları isə adətən birinci müavin Emil Abbasov məruzə edirdi. Bu dəfə isə gedişat fərqli olub. Ümumi məruzəni icra başçısının özü edib. Buna qədərki bir çox tədbirləri izləsək, doğurdan da S.Mikayılovun tribunaya meyilli olmadığını görərik. Adətən bu funksiyanı birinci müavin olaraq E.Abbasov həyata keçirib. Bu dəfə ssenarinin dəyişilməsi haqda bir çox ehtimallar var və ehtimallardan biri də budur ki, son vaxtlar adı bir çox qalmaqallarda hallanan icra başçısının görəvdən alınacağı, hətta artıq rayonu birinci müavin olaraq E.Abbasovun idarə etməsi ilə bağlı şayələr dolaşır. Hesabat yığıncağındakı jesti ilə S.Mikayılovun bu şayələrə son qoyduğu və “ayaqdayım” mesajı verdiyi güman edilir.

Müdafiə Nazirliyinin işi üzərindən blef
Maraqlıdır ki, özünü sanki ölkə rəhbəri zənn edərək respublika miqyaslı rəqəmlərə toxunan icra başçısı Süleyman Mikayılovun Qaradağ rayonu ilə bağlı səsləndirdiyi faktların bir hissəsinin icra hakimiyyətinə aidiyyatı yoxdur. Belə ki, mövzu ilə bağlı cumhuriyyet.az olaraq rayon icra hakimiyyətinin rəsmi internet səhifəsində yer alan məlumat (http://qaradagh.gov.az/news/651.html) üzərində apardığımız araşdırma bunu göstərir. S.Mikayılovunçıxışından kiçik bir hissəyə diqqət edək: “Ötən ilin iyun ayının 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin açılışında iştirak etdiyi Puta qəsəbəsindəki Hərbi Dəniz Qüvvələrinin yeni bazası və “N” saylı hərbi hissəsidir.”. Hər iki obyektin tikilməsi və istifadəsi birbaşa Müdafiə Nazirliyinə aiddir. İcra başçısının bunu rayonun uğuru kimi təqdim etməsi isə ucuz blefdən başqa bir şey deyil.

Səliqəli rəqəmlər, pafos və…
Qaradağ rayonunun 2015-ci ilin yekunlarına həsr edilmiş hesabatı da kifayət qədər müəmmalı məqamlarla zəngindir. Məsələn cumhuriyyet.az olaraq onlardan bəzilərinin üzərində dayanaq. Məruzəçi bildirir: “rayon üzrə 660,5 milyon manatlıq sənaye məhsulu istehsal edilmişdir. Neft və qaz sənayesi müəssisələrində 523 min ton xam neft və 539 milyon kub metr təbii qaz hasil olunmuşdur. Rayonun sosial və iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 149 milyon 736 min manat investisiyadan istifadə edilmişdir. Sevindirici haldır ki, bütövlükdə hesabat ilinin əvvəlindən rayonumuzda 1201 yeni iş yeri açılmışdır ki, bunun 1153-ü fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərdədir. Hesabat ilində rayonun 1228 aztəminatlı ailəsinə ümumilikdə 2 milyon 586 min manat ünvanlı sosial yardım verilmişdir.” Səliqəli rəqəmlərdi. Hələ bunu pafosla oxuyanda düşünmək olar ki, Qaradağ rayonu Süleyman Mikayılovun rəhbərliyi altında sürətli iqtisadi inkişaf dövrünü yaşayır. Amma… Adi bir müqayisə bu pafosun altındakı reallığı ortaya qoyur. Gəlin ötən ilin eyni dövrü üçün eyni məlumatlara diqqət edək. Qaradağ rayonunun 2014-ci ilin birinci yarımilliyinin yekunlarına həsr edilmiş hesabatı:“ ötən ilin yekunlarına əsasən rayon üzrə sənaye məhsulunun ümumi həcmi 670 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və ya xidmətlər göstərilmişdir. İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 524,6 min ton xam neft və 746,1 milyon kub metr təbii qaz hasil olunmuşdur. Sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 591 milyon manat investisiyadan istifadə edilmişdir. Hesabat ili ərzində rayonumuzda orta aylıq əmək haqqı 766,2 manat olmuşdur.Ötən il 1299 ailəyə (5234 nəfər) orta hesabla 139,2 manat məbləğində ünvanlı sosial yardım verilmişdir”.

Hesabatın gerçək üzü
Rəqəmlər ortadadır və adi riyazi biliyə malik şəxs də rayondakı gerçək durum haqda təsəvvürə sahib ola bilər. Biz cumhuriyyet.az olaraq bu hesablamaları bir qədər də dəqiqləşdirdik. Demək, ötən illə müqayisədə rayonda sənaye məhsulunun istehsalında 9,5 milyon manatlıq azalma xam neft hasilatında 1,6 min ton, təbii qaz hasilatında 207,1 milyon ton azalma olmuşdur. Bundan başqa hər iki ildə elan edilən rəqəmlər göstərir ki, investisiya istifadəsində də 2015-ci il üçün ciddi azalma müşahidə olunur. Digər bir maraqlı məqam ünvanlı sosial yardımla bağlı səsləndirilən rəqəmlərdədir. Belə ki, ötən il 1228 aztəminatlı ailəsinə ümumilikdə 2 milyon 586 min manat ünvanlı sosial yardım verilmişdir. 2014-cü ilə aid hesabatda isə bildirilir ki, 1299 ailəyə (5234 nəfər) orta hesabla 139,2 manat məbləğində ünvanlı sosial yardım verilmişdir. Başqa sözlə, 2014-cü ildə 2015-ci illə müqayisədə 71 ailəyə artıq sosial yardım verilib. Amma nəqədər maraqlı olsa da daha çox sayda ailəyə verilən sosial yardımın ümumi məbləği 2015-ci il üçün olan ümumi məbləğdən azdır: 1299 ailəyə orta hesabla 139,2 manat, yəni 1 milyon 808 min manat(2015-ci ildə 71 sayda az ailəyə verilən sosial yardımdan 778 min manat az).

Qaradağda analoqu görünməyən iqtisadi məntiq
S.Mikayılovun 2015-ci ilə aid hesabatında maraqlı və sual yaradan digər bir məqam yeni iş yerlərinin açılması ilə bağlıdır. Icra başçısının məlum hesabatından bununla bağlı hissəni də cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: “bütövlükdə hesabat ilinin əvvəlindən rayonumuzda 1201 yeni iş yeri açılmışdır ki, bunun 1153-ü fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərdədir”. Əvvala onu bildirək ki, burda da bir il öncə ilə müqayisədə azalma var. Belə ki, 2014-cü ildə Qaradağ rayonunda 1497 iş yerinin açılması haqda məlumat verilmişdi. Bu öz yerində, 1201 yeni iş yerinin 1153-ü necə sahibkar olur, bu necə sahibkarlıqdır ki, hər biri özündən başqa heç olmasa bir nəfəri də işlə təmin edə bilməyib? Hər hala bu Qaradağ Rayon İcra Hakimiyyətinin iqtisadi məntiqidir…

Yalan!
Göründüyü kimi, 2015-ci ildə Qaradağ rayonunda bütün sahələr üzrə geriləmə faktının qarşısında iqtisadi inkişafdan danışmaq gülüncdür. Eyni zamanda cumhuriyyet.az olaraq apardığımız araşdırmalar göstərir ki, Süleyman Mikayılovun rayona rəhbərlik etdiyi müddətdə Qaradağ sosial-iqtisadi cəhətdən iflic vəziyyətə düşüb. Belə ki, Süleyman Mikayılovun iş adamlarına qarşı repressiv tədbirləri, qardaşının adı ilə bağlı qalmaqallar haqda mediada çoxsaylı məlumatlar yayılıb. Onu da bildirək ki, rayondakı mənbələrin cumhuriyyet.az-a bildirdiyinə görə, icra başçısının fəaliyyəti bəzi yerli idarə və müəssisələrin də rəhbərlərinin ürəyincə deyil. Hətta icra hakimiyyətində yüksək post tutan məmurlardan biri ilə qeyri-iş sahəsinə bağlı məsələ üstündə ciddi konflikt yarandığı deyilir. Bu mövzunun xeyli məhrəm olduğunu nəzərə alaraq növbəti yazılarımızda buna qayıdacağıq.

İndilik isə bütün sadalananlar və bir neçə gün öncə keçirilən yığıncaqda səslənən pafoslu fikirlərlə bağlı deyiləcək tək bir söz qalır. Bu rəqəmləri inkişaf kimi rəsmiləşdirib ortaya qoymaq və Prezident Adminstrasiyasının rəsmisi qarşısında səsləndirmək, prezidentə dolayısıyla söylənilən yalandır!
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.