Sülhəddin Əkbər: «Araşdırma obyektiv aparılacaqsa, bura Azərbaycanın müvafiq strukturları cəlb ediləcəksə, o zaman bu proses ölkəmizin xeyrinə olacaq»
Xəbər verdiyimiz kimi, Iran Xarici Işlər Nazirliyi Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəhhabilərlə əməkdaşlığına dair məsələni araşdıracaq. Bu barədə Xarici Işlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Cabir Ansari açıqlama verib.
XIN təmsilçisinin iştirak etdiyi mətbuat konfransı zamanı zalda olan jurnalistlərdən biri qeyd edib ki, kütləvi informasiya vasitələrində Azərbaycanın keçmiş nazirinin Qafqazda vəhhabilərin silahlanmasında vacib rol oynaması, Səudiyyə Ərəbistanı və Israillə sıx əməkdaşlıq etməsi barədə xəbərlər yayılıb. Məhz bu suala cavabında XIN təmsilçisi bildirib ki, Tehran bu istiqamətdə araşdırmaya başlayacaq: “Məsələ araşdırıldıqdan sonra müəyyən faktlar aşkar olunarsa, məlumat veriləcək”.
Əslində, Irandan gələn bu mesaj kifayət qədər maraq doğurur. Elə E.Mahmudovun tutduğu postdan uzaqlaşdırılmasından dərhal sonra vəhhabilərə qarşı paytaxtda başlanılan həbs dalğası bəzi mətləblərdən xəbər verirdi. Amma hələlik eks-nazirlə vəhhabilərin hansı əlaqəsinin olduğu konkret faktlarla ortaya qoyulmayıb.
Amma qonşu dövlətin Azərbaycanın naziri ilə bağlı araşdırmaya başlaması hansı mətləblərdən xəbər verir? Bu olaya Azərbaycan tərəfinin reaksiyası necə olmalıdır?
Ekspertlərin fikrincə, E.Mahmudovun vəzifədən uzaqlaşdırılmasından bir neçə ay sonra Iranda onun vəhabilərlə əlaqəsi məsələsinin gündəmə gətirilməsi təsadüfi deyil. Əslində, bu informasiyanın gündəmə gətirilməsində məqsəd, güman ki, Azərbaycana təzyiq göstərməkdir. Üstəlik, E.Mahmudov bütün Qafqaz regionunda vəhhabilərin silahlandırılmasında ittiham olunur. Sanki Iran bununla Rusiyanın da Azərbaycana təsir göstərməsini istəyir. Məsələnin araşdırılacağı və ciddi faktlar aşkarlanacağı halda bu barədə məlumatların veriləcəyi bəyanatı Iranın Azərbaycan-Səudiyyə münasibətlərinə yaxşı münasibət bəsləmədiyini və bundan sonra da bu mövqedən çəkinməyəcəyini göstərir.
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, bu, araşdırmanın necə aparılacağından asılıdır: “Bu məsələnin hansı səviyyədə araşdırılmasından asılıdır. Məsələ obyektiv araşdırılacaq, yoxsa burada müəyyən siyasi məqsədin güdüləcəyini demək çətindir. Iran belə bir bəyanat veribsə, deməli, həm öz kanalları, həm də Azərbaycan tərəfi ilə əməkdaşlıq hesabına müəyyən məlumatlar əldə edə bilər”.
S.Əkbərin sözlərinə görə, araşdırma obyektiv aparılacaqsa, bura Azərbaycanın müvafiq strukturları, XIN cəlb ediləcəksə, o zaman bu proses ölkəmizin xeyrinə olacaq.