Hər dəfə məmur övladlarının harınlığından danışan Əli Həsənov özü hədəfə gəldi
Bir neçə gündür ki, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvələrinə məxsus olduğu bildirilən bahalı maşınlarla bağlı video yayılıb.
Hələ ki, Əli Həsənov məsələyə münasibət bildirməyib. Komitə sədrinin sükutu həmin maşınların onun nəvələrinə məxsus olduğu barədə iddiaların doğruluğuna şübhələri artırır.
Qeyd edək ki, Əli Həsənov zaman-zaman məmur övladlarının harınlığı barədə fikirlər səsləndirib. Bir müddət əvvəl o, məmur övladlarının dəbdəbəli həyat tərzi ilə bağlı məlumatları şərh edərkən demişdi: “Mənim də övladlarım var. Sizin xəbəriniz var o kimdir? Onu heç kim tanımır. Hər bir məmur övladına nəzarət etməlidir”.
Bundan əvvəl isə o, bəzi məmur övladlarının narkotik vasitələrin aludəçisi olması barədə fikirlər səsləndirmişdi.
Həm də narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri olan Əli Həsənov rəhbərlik etdiyi komissiyanın da təşkilatçısı olduğu narkomaniyaya qarşı tamaşaya bəzi dövlət məmurlarının gəlməmələrinə münasibət bildirərkən demişdi: “Dəvət olunan məmurlar gəlməyiblər, özləri bilərlər. Belə etsələr, bir gün başlayacağam onların övladları haqqında danışmağa, onda ayılarlar. Bir dəfə demişdim, mətbuat 6 ay məndən yazdı ki, nə vaxt onların adlarını açıqlayacağam. Belə getsə, açıqlamalı olacağam”.
Indi məmur övladlarını tənqid edən Əli Həsənov nəvələrilə bağlı iddialara aydınlıq gətirməlidir.