Bakı sakinlərinin 14 Fevral istəyi: Maşın, çiçək, ətir… - VİDEO

14-02-2016, 10:06   
Bakı sakinlərinin 14 Fevral istəyi: Maşın, çiçək, ətir… - VİDEO



Uzun illərdir ki, 14 Fevral dünyanın bir çox yerlərində Sevgililər Günü (Valentine's day) olaraq qeyd olunur.

Lakin Sevgililər Günü ətrafında gedən mübahisələr də az deyil. İnsanlar sözügedən günün səbəbkarı Valentin haqda yazılan müxtəlif əfsanələrə görə bu günü qiymətləndirirlər. Hətta bir çox ölkələrdə 14 Fevralın Sevgililər günü kimi qeyd olunması qadağan olunub. Özbəkistan, Malayziya və Türkmənistan bu ölkələr sırasına daxildir.

Əvvəla 14 Fevralın tarixinə nəzər salaq. Sevgililər Gününün başlanğıcı ilə əlaqədar müxtəlif əfsanə və hekayələr var. Bu tarixin Sevgililər günü kimi qeyd edilməsi təxminən 1500 il əvvələ gedib çıxır. Bunun əsası əski Roma ənənələrinə dayanır. 14 Fevral tarixi bütün Roma xalqı üçün xüsusi əhəmiyyət kəsb edirdi. İnanclara görə, həmin gün Roma “Tanrı” və “Tanrıçaları”nın kraliçası olan Junoya duyulan sayğıdan dolayı bayram elan olunurdu. Səhəri gün isə Lupercalia bayramı başlayırdı. Bu tarix xalqın gənc kütləsi üçün böyük önəm daşıyırdı.

Bunun səbəbi isə həyatları qəti qanun-qaydalarla müəyyənləşdirilmiş və bunun da təbii nəticəsi olaraq gəzib-əylənmə şansı çox məhdud olan gənclərin bu bayramda bir-biri ilə iyrənc şəkildə əylənmələri idi. Romalı gənc qızlar adlarını kiçik kağız parçalarının üzərinə yazıb bir qaba qoyurdular. Gənc romalı kişilər isə qabdan bu kağızları seçərək üzərində hansı qızın adı yazırsa, o qızla bayram əyləncələri boyunca birlikdə yaşayırdılar. İmperator II Kladius isə bu adəti əxlaqsızlıq adlandıraraq ona qarşı çıxıb və onu qadağan edib.

Əfsanəyə görə, Valentin, İmperator Klaudiusun hökmdarlığı dövründə məbəddə keşiş olub. O, imperatorun qadağan etdiyi bayramı dəstəkləyib və keçmişdə qalmış adəti bərpa edərək gizli şəkildə qızlarla oğlanları qeyri-qanuni olaraq görüşdürüb.

Valentinin hərəkətlərindən xəbər tutan Kladius onu zindana atdırır və fevralın 14-ü günü öldürtdürür. 226 il sonra isə bu tarix “Valentin günü” adı altında açıq-aşkar qeyd edilir. Belə ki, Papa Gelasius tərəfindən 496-cı ildə Lupercalia bayramının adı Valentinin şərəfinə dəyişdirilir.

Bəzi mənbələrdə isə Valentinin homoseksual olduğu iddia edilir. İddialara görə, o, həbsxanadan keşiş dostu Mariusa, "Valentini unutma", "Səni sevirəm" məzmunku məktublar göndərirmiş.

30 İyun - Milli Sevgililər Günü

Azərbaycanda isə Sevgililər Gününün alternativi kimi 30 İyun Milli Sevgililər Günü qeyd olunur. Bu günün tarixi 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günündən götürülüb. 30 İyunla bağlı təklifi isə "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı verib. O, bu təklifi ilk dəfə 2003-cü ildə ictimailəşdirib. O zamandan bəri, məhz həmin gün yüzlərlə soydaşımız Şəhidlər Xiyabanına gedərək İlham və Fərizənin məzarını ziyarət edir və qəbirləri üzərinə gül dəstələri qoyurlar.

****
Bəs, səhər sakinləri 14 fevraldakı "Valentin Günü" haqda nə düşünür? Onlar bu günün tarixi haqda nələr bilirlər? Onlar üçün hansı daha doğmadır - 30 İyun yoxsa 14 fevral?



Musavat.com saytının əməkdaşları Bakı sakinlərinin "Valentin Günü barədə fikirlərini öyrənmək üçün şəhər mərkəzində sorğu keçirib. Suallarımızı cavablandıran gənclərin fikirləri də müxtəlif olub.

Şəhərimizin xanım sakinlərindən biri bildirir ki, sevdiyi şəxsdən hədiyyə olaraq avtomobil istəyir:
“Cütlüklərin 14 Fevralı Sevgililər günü olaraq qeyd etmələrini düzgün hesab etmirəm. Mənim üçün sevgilimlə ilk görüşdüyüm gün bayramdır... Sevgilim yoxdur, amma hədiyyə olaraq maşın gözləyirəm... 14 Fevral mənim üçün bayram deyil. 30 İyunu qeyd etməyimiz doğru olar”.

İlham və Fərizənin toy gününü Sevgililər Günü olaraq qəbul edənlər də az deyil. Adını açıqlamayan vətəndaşımız isə Sevgililər Günü olaraq İlham və Fərizənin toy günü tarixini qəbul etdiyini bildirir:

“Sevgililər günü olaraq 30 İyunu qəbul edirəm. Bu tarix Azərbaycanın milli qəhrəmanları İlham və Fərizənin toy günü ilə bağlıdır. 14 Fevralı qeyd etmək Azərbaycan gəncinə yaraşmaz. Bu gün bizim milli mentalitetimizə uyğun deyil”.
Ən maraqlısı isə o idi ki, bayramla əlaqədar Sultan adlı gənc sevgilisi üçün video-rolik hazırlayırdı.



O, xanımlara yaxınlaşaraq onlardan “Günel, Sultan səni çox sevir”, cümləsini demələrini xahiş edirdi. Biz də Sultanın videosunda yer aldıqdan sonra onun bayram barədə fikirlərini öyrənirik:
“Sevdiyim xanım var. Sevgilimə sürpriz hazırlayıram, onun üçün dostlarımla video-rolik çəkirik. Ondan heç bir hədiyyə gözləmirəm. O özü mənim üçün hədiyyədir“.
Adətən bayram ərəfəsində güllərin, hədiyyələrin qiymətində artım olur. Mağazalarda qiymətləri öyrənmək üçün ilk olaraq bir neçə gül dükanına baş çəkirik. Satıcılarla söhbətdən aydın olur ki, bu il bayrama görə qiymət artımı yoxdur:

“Müxtəlif qiymətdə çiçəklərimiz var. Qızılgüllər 4-7 manat arasındadır. Gül buketlərimiz 20, yumşaq oyuncaqlar 15 manatdan başlayır. Qiymət artımı yoxdur”.

“14 Fevralda yoxsa 30 İyunda satışınız yaxşı olur?”,- sualımıza cavab belə oldu:
“Əsasən 8 Martda yaxşı alver olur. 14 Fevralda insanlar daha çox çiçək alır. Ötən il 30 İyunda gördük ki, insanlarımız Milli Sevgililər Gününü qeyd edir. Artıq bu bayramlar arasında fərq qoyulmur. Hər ikisinə isti münasibət var”.



Üz tutduğumuz kosmetika mağazalarında isə bildirdilər ki, bayram ərəfəsində əsasən ətirlərə üstünlük verilir:
“Bayram ərəfəsində alıcıların sayı artır. İnsanlar əsasən ətirlər alırlar. 30 iyun ilə müqayisədə deyə bilərik ki, Valentin Günündə alıcıların sayı daha çox olur”.
Sorğunun nəticəsində aydın oldu ki, bir çox şəhər sakinləri 14 Fevralın tarixindən xəbərsizdirlər. Yaxınlaşdığımız xanımlar isə sevdikləri bəylərdən əsasən avtomobil, ətir və çiçək gözləyirlər.


Könül İbrahim
Məğrur Mərd
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar