Bir müddət əvvəl prezident İlham Əliyev Satınalmalar üzrə Dövlət Agentliyinin ləğvi barədə sərəncam imzaladı. Həmin vaxt sözügedən qurumun anti-böhran tədbirlərinin tərkib hissəsi kimi qiymətləndirildi. Lakin sonradan bəlli oldu ki, Satınalmalar üzrə Dövlət Agentliyinin ləğvi "MTN işi" ilə bağlıdır. Məlumatlarda iddia olunurdu ki, keçmiş MTN şefi Eldar Mahmudov və dəstəsi bu quruma da nüfuz ediblərmiş. Faktiki olaraq qurumu bu şəbəkə idarə edirmiş. Elə bu baxımdan iri dövlət layihələri ilə bağlı tenderlərdə Eldar Mahmudov və ətrafına yaxın şirkətlər qalib elan edilirmiş.
anaxeber.info- daxil olan məlumata görə, oxşar addım Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə də bağlı atıla bilər. Bu komitənin sədri Kərəm Həsənovun da adı "MTN işi"ndə hallandırılır. Bildirilir ki, Eldar Mahmudov Kərəm Həsənovu da toruna sala bilibmiş. Onun əlilə şantaj olunan sahibkarların əmlakı 1 gecədə MTN-dəki məlum şəbəkənin nəzarətinə keçirilirmiş. Hətta bəzi iddialara görə, Eldar Mahmudova arxalanan Kərəm Həsənov hakimiyyətdəki iri ranqlı məmurlarla hesablaşmırmış. Bu sırada Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin da adını çəkmək olar. "Azadlıq" qəzetinin məlumatına görə, hətta Ramiz Mehdiyevlə Kərəm Həsənov arasında mübahisə də baş verib. Daha doğrusu administrasiya rəhbərinin verdiyi tapşığı yerinə yetirməkdən boyun qaçıran (güman ki, Eldar Mahmudovun tapşırığı ilə) Kərəm Həsənov Ramiz Mehdiyev tərəfindən sərt şəkildə danlanılıb.
Bütün bunlara görə, Kərəm Həsənov hazırda hədəfdədir. Bildirilir ki, yaxın vaxtlarda onun rəhbərlik etdiyi qurum İqtisadiyyat Nazirliyinə birləşdiriləcək. Məlumat üçün deyək ki, əvvəllər də Əmlak Məsələləri üzrə Dövlət Komitəsi İqtisadi İnkişaf Nazirliyində departament kimi fəaliyyət göstərib.