Hökumət yeni iş yerləri görüntüsü yaratmaqla dövlət qurumlarını çətin vəziyyətdə qoyub. Hələ ötən saylarımızda məlumat vermişdik ki, Prezident Administrasiyasından dövlət qurumlarına tapşırıq gəlib ki, boş iş yerləri ilə bağlı siyahı hazırlasınlar. Sonradan həmin siyahılar üzrə dövlət qurumlarına yeni işçilər götürülsün. Hökumət bununla cəmiyyətdə rəy yaratmağa çalışacaq ki, böhran ölkəyə bir o qədər də təsir etməyib.
Dünən isə redaksiyamıza bununla bağlı daha bir məlumat daxil olub. Məlumatda bildirilir ki, yeni iş yerləri ilə bağlı hazırlanan siyahılar Dövlət Məşğulluq Xidmətinə göndərilir. Son günlər rayonlarda əmək yarmarkasının keçirilməsi də bununla bağlıdır. Lakin rayonlardakı vəziyyətdən görünür ki, işsizlərin sayı həddən çoxdur. Dövlət qurumlarının hər biri isə siyahıda maksimum 20-30 iş yeri göstərə bilib. Məlumatda deyilir ki, yeni işə götürələnlər olsa da, dövlət qurumlarının maaş fondu artırılmayıb. Əksinə, onlara tapşırılıb ki, digər işçilərin əmək haqlarından kəsib yenilərinə maaş təyin etsinlər. Beləliklə, hökumət yeni iş yerləri “pripiska”sı ilə böhrana qalib gəlmək istəyir.