Ölkədən 1 milyon dollarlıq qızıl çıxarmaq istəyən hansı məmurdur?

17-02-2016, 09:04   


Türkiyədə keçirilən əməliyyatla bağlı ilginc iddialar

Türkiyənin hüquq-mühafizə qurumları Azərbaycandan bu ölkəyə xalis qızıl külçə aparan şəxsləri saxlayıblar. Anspress-in məlumatına görə, əməliyyat Istanbulda həyata keçirilib. Polislər şübhə doğuran Azərbaycan dövlət nömrə nişanlı avtomobilə baxış keçiriblər. Baxış zamanı avtomobildə 33 kilo 576 qram ağırlığında 39 ədəd xalis qızıl külçə aşkar edilərək götürülüb.


Türk hüquq-mühafizə qurumları xəbər verir ki, külçələr Azərbaycandan Istanbula qaçaqmalçılıq yolu ilə gətirilib. Əməliyyat zamanı adları gizli saxlanılan 30 və 32 yaşlarında iki nəfər saxlanıb. Onlar istintaqa ilkin ifadələrində Türkiyədə qızıl baha olduğu üçün satışı burada həyata keçirmək istədiklərini bildiriblər.

Yanvarın 27-də Azərbaycandan Gürcüstana qeyri-qanuni yollarla qızıl keçirmək istəyən bir nəfər “Sınıq körpü” sərhəd-keçid məntəqəsinin Gürcüstan hissəsində saxlanılmışdı. Saxlanılan şəxsin əl çantasından 73.99 qr. qızıl aşkarlanmışdı.

Qeyd edək ki, Azərbaycanda maliyyə böhranı başlayandan qeyri-rəsmi ölkədən valyuta çıxarılmasına qadağa qoyulub. Lakin bu qadağaya əməl etməyənlər də var. Və onlar əksər hallarda valyutanı qızıl, yaxud da briliant şəklində ölkədən çıxarmağa cəhd edir. Ekspertlər bildirir ki, bu hadisə də ölkədən valyuta çıxarılmasına cəhddir. “Türkiyədə qızıl Azərbaycandan daha ucuzdur. Bu baxımdan Azərbaycandan ora qızıl aparıb satmaq inandırıcı görünmür. Görünür, həmin şəxslər pullarını bu şəkildə ölkədən çıxarmağa çalışıblar”.

Məlumat üçün deyək ki, Azərbaycanda 1 kiloqram qızılın qiyməti 36 min dollardır. 33 kiloqram qızıl isə 1 milyon 188 min dollar edir. Ekspertlər güman edir ki, bu işin arxasında hansısa məmur dayanır. “Həm tutulan şəxslərin adlarının açıqlanmaması, həm də qızılın çox olması işin arxasında hansısa məmurun dayandığı barədə şübhələr yaradır”, – deyə ekspertlər vurğulayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.