Aparat rəhbəri ölkədən qadınla qaçıb; olayla bağlı yeni detallar; zərərçəkənin adı açıqlandı

18-02-2016, 09:40   

170 minlik qalmaqalda icra başçısının da adı hallanır




Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yüksək vəzifəli şəxslərinin adının keçdiyi rüşvət qalmaqalında daha bir vəzifəli şəxsin adı hallanır.

AzNews.az xəbər verir ki, komitə əməkdaşlarının sahibkardan 170 min alaraq onu Binəqədi rayon icra başçısının müavini vəzifəsinə düzəltmək istədikləri məlum olub. Vəkil Adəm Məmmədovun verdiyi məlumata görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynova və sabiq Aparat rəhbəri Səfər Imanov sahibkardan 170 min dollar alaraq ona Binəqədinin başçısı Xaləddin Isgəndərova müavin vəzifəsini təklif ediblər: “Müvəkkilim deyir ki, bu təklif qarşı tərəfdən gəlib. Onlar deyiblər ki, Binəqədi ən yaxın və böyük rayondur. Səni ora düzəldəcəyik”.

Məlumat üçün bildirək ki, sözügedən rüşvət olayı 2012-ci ilin iyun ayında baş verib.

Onu da bildirək ki, Xaləddin Isgəndərov ölkə başçısı Ilham Əliyevin sərəncamı ilə 2012-ci ilin 26 aprel tarixində Binəqədi rayonuna icra başçısı təyin edilib.

Adəm Məmmədov onu da bildirib ki, Səfər Imanov Azərbaycandan bir xanımla qaçıb. Onun sözlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə bağlı daha 10 şikayətçi ərizə ilə müraciət edib: “Ortaya başqa şikayətçilər də çıxıb. Onların da şikayəti komitə ilə bağlıdır. Həmin 10 nəfərə də pul ”atıblar”. Onlara müxtəlif qurumlarda vəzifə söz veriblər. Bundan əlavə bəzilərindən komitənin özündə işə düzəltmək üçün pul alınıb. Şikayətçilər iddia edir ki, Səfər Imanov Azərbaycandan bir xanımla qaçıb. Onlar şikayət ərizələrində başqa tanınmış şəxslərin də adını hallandırdılar”.

Vəkil bildirib ki, Səfər Imanov ona qarşı şikayətlərin, ittihamların səslənəcəyini ölkədən çıxmamışdan öncə bilirmiş: “Hüququnu müdafiə etdiyim şəxs onun qaçdığını bilirdi. Yanvarın 31-də Bakı-Istanbul reysi ilə Türkiyəyə qaçıb. Oradan hansı ölkəyə getməsi ilə bağlı məlumat yoxdur. Səfər Imanov Hicran xanımın dayısı oğludur. Hər halda onun harada olduğunu və Azərbaycandan qaçdığını bilməmiş olmaz. Şikayətçi olan şəxs deyir ki, Səfər Imanov qaçmamışdan öncə Azərbaycanda adına olan bütün mülklərini satıb”.

Adəm Məmmədov əlavə edib ki, komitə ilə bağlı şikayətçilərin ərizələri müvafiq qurumlara göndəriləcək.

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) isə Səfər Imanovun dələduzluq əməlləri barədə məlumat yayıb.

Modern.az saytı xəbər verir ki, komitənin məlumatına görə, indiyədək qurum dələduzluq və korrupsiya ilə bağlı bir çox faktlarla da rastlaşıb. Komitə daha sonra aşağıdakıları bildirib: “Təkcə keçən il ərzində 27 nəfər dələduzluq, 11 nəfər pulunun aldadılaraq əlindən alınması şikayəti ilə bağlı müraciət edib. Bu kimi hadisələrdən heç kimin yaxınları və qohumları, bir sözlə, heç kəs sığortalanmayıb.

Bir daha qeyd edirik ki, Dövlət Komitəsinin keçmiş əməkdaşı Səfər Imanov 2015-ci il 1 noyabr tarixindən fəaliyyətini dayandırıb. Fəaliyət göstərdiyi müddət ərzində onunla bağlı inzibati pozuntular baş verib və iki dəfə töhmət alıb. Işdən azad olunma səbələrdən biri də ondan ibarət olub ki, Dövlət Komitəsinin bir neçə əməkdaşından öz problemlərinin həlli məqsədilə pul vəsaiti istəyib. Nəzərə çatdırmaq lazımdır ki, Səfər Imanov anası və digər ailə üzvlərinin səhhətindəki problemlərlə bağlı dəfərlərlə Komitənin rəhbərliyinə müraciət edib. Eyni zamanda 4 uşaq atasıdır. Onun işdən çıxarılmasının təxirə salınması da elə məhz bu kimi səbəblərdən, eləcə də humanistlik nöqteyi-nəzərdən gecikdirilirdi. Iş prosesində yol verdiyi sonuncu qeyd edilən pozuntuları və nöqsanları da fəaliyyətinin dayandırılmasına əsas olub.

Qeyd etməliyik ki, sabiq Aparat rəhbəri Səfər Imanov Komitədə işdən ayrıldıqdan bir neçə ay sonra 170 min dollarının mənimsənilməsini iddia edən Kərimov Eynur adlı şəxs Komitəyə müraciət edib. Həmin vətəndaşın dediyinə görə, o, 4 il əvvəl Səfər Imanova pul vəsaiti təqdim edib. Eyni zamanda rəqəmlər şəxs tərəfindən dəyişdirilərək hər dəfə fərqli ifadə edilib. Və bu 4 il müddətində həmin şəxs Səfər Imanovla yaxın əlaqədə olub. Burdan sual ortaya çıxır ki, niyə bu 4 il ərzində həmin vətəndaş tərəfindən rəsmi şəkildə Komitəyə və digər hüquq-mühafizə orqanlarına müraciətlər edilməyib?! Biz məsuliyyətlə qeyd edirik ki, həmin şəxslə Komitə sədri xanım Hicran Hüseynovanın işlə təmin edilməsi və hər hansı pul vəsaitinin verilməsi ilə bağlı heç bir əlaqəsi və danışıqlıqlar olmayıb. Qeyd etmək istərdik ki, Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova kimisə vəzifəyə təyin etmək üçün inzibati və rəsmi səlahiyyətlərə malik deyil. Onu da əlavə edək ki, bir sıra kütləvi informasiya vasitələrində Səfər Imanovun xanım Hicran Hüseynovanın dayısı oğlu olması ilə bağlı məlumatlar yer alıb. Və biz bunu təkzib edərək nəzərinizə çatdırmaq istərdik ki, bu məlumat yanlışdır.

Digər məqam isə ondan ibarətdir ki, 5 fevral 2016-cı il tarixində bu məsələlərin araşdırılması üçün Dövlət Komitəsi rəsmi şəkildə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsinə müraciət edib. Məsələnin öz həllini tapması üçün araşdırmaların nəticəsi gözlənilir. Təəccübedici məqamdır ki, bizim müraciətdən sonra həmin vətəndaş vəkili ilə birgə hüquq-mühafizə orqanları ilə əlaqədən qaçır. Hesab edirik ki, Vəkillər Kollegiyası və müvafiq təşkilatlar bu şəxsin vəkillik etikasına və vəkillik fəaliyyətindəki peşəkarlıq meyarlarına diqqət yetirəcəklər”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.