Bakıda ötən gündən yoxa çıxan iki məktəbli tapılıb.
Bu barədə azvision.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib.
DİN rəsmisi 32 saylı orta məktəbin şagirdləri - 11 yaşlı Babayev Şamil və 10 yaşlı Safiyev İsmayılın paytaxt ərazisində tapıldığını qeyd edib.
Bildirilib ki, məktəblilər gün ərzində ailələrinə təhvil veriləcək.
Qeyd edək ki, fevralın 17-də günorta saatlarında Bakının 32 saylı orta məktəbinin 5-ci sinif şagirdləri Ş.Babayev və İ.Şəfiyev dərsdən çıxdıqdan sonra evə qayıtmayıb. Kamera görüntülərindən bəlli olur ki, Nizami rayon 32 saylı orta məktəbin rus bölməsində 5-ci sinifdə təhsil alan 11 yaşlı Şamil Babayev və İsmayıl Şəfiyev dünən saat 17:20 radələrində məktəbdən çıxıblar. Onlar piyada üzü “Neftçilər” metrostansiyası istiqamətinə gedib və "Dakar" dairəsi yaxınlığında kameraların nəzarət dairəsindən çıxıblar. Məktəblilər hərəkət edərək 25-ci Polis Bölməsinin ərazisindən 24-cü Polis Bölməsinin ərazisinə keçiblər.
İtkin düşən şagirdlərdən birinin – Şamilin anası Yekaterina xanım da məlumatı əsdiqləyib.
Onun sözlərinə görə, uşaqları Hövsan ərazisindən tapıblar. Uşaqlar sadəcə gəzməyə çıxdıqlarını deyiblər.
* * *18:34
“O uşaqların sinif rəhbəri başqa müəllimədir, amma biz də hər iki şagirdi sakit və çalışqan uşaq kimi tanımışıq. Uşaqlar yoxa çıxan gün də onları dərs vaxtları bitəndə müəllimləri yola salıb və ondan sonra xəbərimiz olmayıb”.
Bu sözləri virtualaz.org saytının əməkdaşı ilə söhbətində 32 nömrəli məktəbin yoxa çıxan şagirdləri Şamil Babayev və İsmayıl Səfiyev barədə danışan müəllim deyir. Adının açıqlanmasını istəməyən müəllimə təəccüblə vurğulayıb ki, uşaqlar həmişə dərsdən çıxıb evə tək gediblər. Bu barədə onların valideyni özü sinif rəhbərinə deyib.
Müəllimlə söhbətimiz zamanı biz də müşahidə etdik ki, valideynlərin əksəriyyəti çıxış qapısına toplaşıb uşaqların üst geyimini səliqəyə salır, çantasını düzəldir, onları evə aparmağa hazırlaşır. Həmsöhbət olduğumuz müəllim isə yanında 3-4 şagirdlə onların valideyninin gəlməsini gözləyir:
“Həmin uşaqlar məktəbin rus bölməsində təhsil alırdılar və ikinci növbədə oxuyurdular. İkinci növbənin dərsləri adətən 17:00-18:00 radələrində bitir. Müəllimə də həmin vaxtda uşaqları qapıdan yola salıb. Onlar bu yaxınlıqdakı yeni tikililərdən birində yaşayırdılar. İkisinin də evi məktəbə yaxındır. Axşam saat 20:00 radələrində isə uşaqların valideynləti sinif rəhbərinə zəng edib uşaqları soruşub, ondan sonra məlum olub ki, uşaqlar evə getməyib, itiblər. Bundan sonra da valideynlər polisə müraciət edib”.
Müəllim vurğulayır ki, hər iki şagird bu məktəbə bir neçə aydır ki gəlib, amma onları yaxşı şagird kimi tanıyıblar.
İtkin şagirdlərlə bağlı onların valideynləri ilə söhbətləşmək istəsək də, anaları sadəcə olaraq hələ tapılmadıqlarını deməklə kifayətləndilər. İsmayıl Səfiyevin anası Viktoriya Səfiyeva virtualaz.org-a açıqlamasında bildirdi ki, hələ uşaqlardan xəbər yoxdur.
Şamil Babayevin anası Yekaterina Doroşenko da eyni fikri təkrarladı. O, həmçinin uşaqların adətən dərsdən çıxandan sonra evə tək gəldiklərini də təsdiqlədi.
Xatırladaq ki, 11 yaşlı iki sinif yoldaşı Şamil Babayev və İsmayıl Səfiyev fevralın 17-də təhsil aldıqları 32 saylı məktəbdən çıxıb və evə qayıtmayıblar. Yekaterina Doroşenkonun sözlərinə görə, şagirdlər məktəbliləri axırıncı dəfə özlərindən böyük iki oğlanla görüblər.
Hazırda uşaqların axtarışı ilə Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi məşğul olur.
Fatimə Kərimli
Virtualaz.org