Fazil Məmmədov və Aydın Əliyev Samir Şərifova məğlub oldu - təfsilat

19-02-2016, 11:08   



Milli Məclisin fevralın 23-də müzakirə edəcəyi 2016-cı ilin yeni dövlət büdcəsi layihəsinin detalları məlum olub.

Layihədə büdcənin gəlirlər hissəsi 2 milyard 256 milyon manat və yaxud 15,5 faiz artırılaraq 16 milyard 822 milyon manata, xərclər hissəsi isə 2 milyard 231 milyon manat və yaxud 13,7 faiz artırılaraq 18 milyard 495 milyon manata, büdcə kəsiri isə 25 milyon manat azaldılaraq 1 milyard 673 milyon manata çatdırılıb.

Gəlirlərin strukturunda Vergilər Nazirliyinin öhdəliyi 6,2 faiz artımla 7 milyard 10 milyon manat, Dövlət Gömrük Komitəsinin öhdəliyi 13,8 faiz artımla 1 milyard 810 milyon manat nəzərdə tutulub.

Qeyd edək ki, “Azadlıq” hələ ötən saylarında yazmışdı ki, büdcəyə əlavə olunacaqsa, o zaman büdcənin doldurulması üçün əsas güc Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinindir. Lakin nəzərə alsaq ki, böhran səbəbindən Azərbaycanda idxal-ixrac əməliyyatları 48 faiz aşağı düşüb. Həmçinin ölkədə iri ticarət obyektləri, xidmət sahələri, iri bankların filialları ard-arda bağlanır. Bu halda adıçəkilən qurumların 2016-ci il üçün proqnozları yerinə yetirəcəyi inandırıcı görünmür. Ona görə də bu məsələdə əsas gücün onların üzərinə düşəcəyinin fərqində olan məmurlar Samir Şərifovun fikirlərilə razı deyil. Çünki bu proses onların “vurulması” ilə nəticələnə bilər.

Təsadüfi deyil ki, Aydın Əliyev bəzi gömrük rüsumlarının artırılması təklifilə çıxış edib. Fazil Məmmədov isə ötən il yığılan 6 milyard manat vergi pulunun təxminən 1 milyard manata qədərilə bağlı məhkəmə iddialarının olduğunu diqqətə çatdırmaqla, hələ 2015-ci ildə öhdəliyin yerinə yetirilməsinin xeyli çətin olduğuna işarə vurub.

Bəzi məlumatlara görə, bu məsələ ətrafında hakimiyyət daxilində ciddi mübahisə yaranıb və çoxluq Samir Şərifova qarşıdır. Lakin görünür, maliyyə nazirinin mövqeləri daha güclü olduğundan məqsədinə nail olub. Beləliklə də, faktiki olaraq Aydın Əliyevlə Fazil Məmmədovun üzərinə ağır yük qoyulub. Onların böhranın dərinləşdiyi bir vaxtda öhdəlikləri yerinə yetirəcəyi inandırıcı görünmür ki, bu da həmin məmurların karyerası üçün ciddi zərbə ola bilər.

Azadliq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.