“Zeytunluq”la bağlı müdhiş qalmaqal
Məhkəmələr yaşıllığın məhvinə niyə «hə» deyiblər?
Binəqədidəki “Zeytunluq”la bağlı qalmaqal yaranıb. Redaksiyamıza daxil olan məlumata görə, Bakı şəhəri, Mir Cəlal küçəsi, 76 ünvanda yaşayan sakinlər “Zeytunluq”un bir hissəsinin, konkret olaraq 9-cu mikrorayonda, Cavadxan küçəsi, 1 saylı yaşayış binanın arxasındakı parkın məhv edilməsinin qarşısının alınması ilə bağlı Bakı Şəhər Icra Hakimiyyətinə müraciət ediblər.
Araşdırmalar zamanı bəlli olub ki, 2005-ci Binəqədi bələdiyyəsi 347 saylı qərarı və 338 saylı alqı-satqı müqaviləsi ilə həmin ərazidə 0.75 ha torpaq sahəsini Mənsimov Əlağa Saday oğlunun mülkiyyətinə verib. Sonradan vətəndaş ölçü-plan alınması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinə müraciət edib. Lakin şöbə müvafiq sənədi Əlağa Mənsimova verməyib. Çünki onun mülkiyyətinə verilən torpaq sahəsi bələdiyyə mülkiyyətinə təhvil verilmiş torpaq sahələrinin hüdudlarından kənarda olmaqla dövlət mülkiyyətinə aid olub. Həmçinin aydın olub ki, bu torpağın alqı-satqısı Bakı Şəhər Icra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş Idarəsinin rəyi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsindən torpaq sahəsinin sertifikat qiymətinə dair məlumatı olmadan həyata keçirilib. Bütün bunlar Binəqədi bələdiyyəsinin nəzərinə çatdırılaraq qərarın ləğv edilməsi tələb olunub. Maraqlıdır ki, bələdiyyə tələbi yerinə yetirməkdən imtina edib.
Əli Mənsimovun 2014-cü ildə 1 saylı Bakı-Inzibati Iqtisadi Məhkəməsinə müraciətindən sonra qalmaqal daha da böyüyüb. Adıçəkilən vətəndaş məhkəmədən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsindən tələb olunan sənədin verilməsinin təmin edilməsini xahiş edib. Məhkəmə Əli Mənsimovun iddiasını təmin edib. Qarşı tərəf apelyasiya şikayəti versə də, təmin olunmayıb. Beləliklə, vətəndaş məhəkəmə qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən ölçü-planı ala bilib.
Sakinlərin Bakı Şəhər Icra Hakimiyyətinə müraciətindən sonra isə icra başçısı Hacıbala Abutalıbov işə qarışıb. O, 2016-cı ilin yanvarında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə Iş Mərkəzinin rəhbəri Mehdi Səlimzadəyə müraciət edib. Bakı meri müraciətində Binəqədi bələdiyyəsinin qərarının qanunsuz olduğunu bildirərək qərarın ləğv olunmasını xahiş edib. Hacıbala Abutalıbov məsələ ilə bağlı əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənova da müraciət ünvanlayıb. Bakı meri Kərəm Həsənovdan mübahisəli torpaq sahəsilə bağlı hər hansı sənədləşmənin qarşısını almağı xahiş edib.
Mehdi Səlimzadə 12 yanvar 2016-cı il tarixli cavab məktubunda Hacıbala Abutalıbovun diqqətinə çatdırıb ki, Binəqədi bələdiyyəsinin qərarı artıq ləğv olunub. Lakin qərar ləğv olunsa da, sakinlər Bakı Şəhər Icra Hakimiyyətinə müraciət edərək parkda iş aparıldığını bildirib.
Hacıbala Abutalıbov da şəxsən Ali Məhkəmənin Inzibati-Iqtisadi Kollegiyasına kassasiya şikayəti yazaraq Bakı Apelyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının qərarını ləğv etməyi xahiş edib. Bakı meri bununla bağlı ayrıca Ali Məhkəmənin sədri Ramiz Rzayevə də müraciət edib.
Hazırda iş Ali Məhkəmə də olsa da, Əli Mənsimov ərazidə işləri davam etdirir. Sakinlər bildirir ki, ərazidə çox illik ağaclar kəsilir, yaşıllıq məhv edilir. Onlar ümid edir edir ki, Ali Məhkəmə məsələyə ədalətlə yanaşacaq.