Obama və Putin anlaşır, şərtlər Türkiyədən gizlidir? – Musavat.com-un operativ şərhi

22-02-2016, 16:27   
Obama və Putin anlaşır, şərtlər Türkiyədən gizlidir? – Musavat.com-un operativ şərhi
Ankaradakı son terror aktları Suriya məsələsi ətrafındakı duruma maraqlı bir dinamiklik gətirib. Bəzi iddialara görə, Suriyanın gələcəyi üçün hətta həlledici əhəmiyyətli günlər başlayıb. Rusiyanın bu yöndə siyasi-diplomatik fəallığı xüsusilə seçilir. Nə baş verir, Suriyada böyük sülh həqiqətən yaxındadırmı?

Ondan başlayaq ki, atəşkəslə bağlı son mühüm açıqlama ABŞ-ın dövlət katibi Con Kerridən gəlib. Kerri İordaniyanın paytaxtında dünən rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı apardığını və Suriya münaqişəsinin dayandırılması üçün şərtli razılaşma əldə etdiklərini, önümüzdəki günlərdə isə həmin anlaşmanın həyata keçiriləcəyini bəyan edib.

“Atəşkəsə indi daha yaxınıq” deyən dövlət katibi ardınca sensasion sayılacaq fikir söyləyib: “Bu mövzuda irəliləyiş var, lakin hələlik hər şey həll olmayıb. Qarşıdakı günlərdə prezidentlər Obama və Putinin bu missiyanı tamamlamaq üçün görüşü nəzərdə tutulur”. Ən ilginc gəlişmə də elə budur - ABŞ və Rusiya prezidentlərinin planlaşdırılan qəfil görüşü.
Doğrudan da belədirsə, o zaman görüş qərarı hansı zərurətdən doğub və onun mümkün sonucları bölgə üçün nə ola bilər?

Bəllidir ki, Suriyada atəşkəsin əldə edilməsi üçün BMT-nin təşkilatçılığı ilə 1 fevraldan etibarən Cenevrədə keçirilən görüşlər, habelə fevralın 12-də isə Münhendə Suriyadakı münaqişənin aradan qaldırılması üçün tərəf ölkələrin əldə etdikləri ilkin razılaşma nəticə verməyib. Tərəflər atəşkəsə hazır olduqlarını bildirsələr də, fərqli şərtlər irəli sürdüklərindən atəşkəs mümkün olmur.

Məsələn, Qərblə Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu (ASO) Rusiya və İranın hücumlarının dayanmasını tələb edirsə, Suriya rejiminin başçısı, atəşkəsə hazır olduğunu deyən Bəşər Əsəd Türkiyə də daxil, Qərbin müxaliflərə dəstəyini dayandırmasını istəyir. Mötədil müxalifət habelə bütün tərəflərin silahlı hücumları eyni anda dayandırmasını, fərqli regionlara tətbiq edilən blokadanın ləğvini, qadın və uşaqlar başda olmaqla saxlanılanların sərbəst buraxılmasını ilkin atəşkəs şərtləri olaraq bildiriblər.

Yada salaq ki, təxminən 10 gün öncə “Reuters” Agentliyi Moskvanın Suriyada martın 1-dən – Rusiyanın hava əməliyyatlarına başlamasının 5-ci ayının tamamında atəşkəs elan olunması barədə təkliflə çıxış etdiyi barədə xəbər yaymışdı. Xəbərdə deyilirdi ki, Rusiya ABŞ-a Suriyadakı böhranın konkret həll sxemini təklif edib. “Ümid edirəm ki, orada əksini tapan çox sadə təkliflərə baxılması Vaşinqtonda çox vaxt aparmayacaq”, - deyə Lavrov sxemli bağlı bildirmişdi.

İndi aydın olur ki, Rusiya bu tarix üçün Suriyadan daha urvatlı çıxmaq haqda həqiqətən də ciddi düşünür. Bunun üçün əsaslar heç vaxt olmadığı qədər çoxdur. Əvvəla, Kreml Suriyadakı hədəflərinə, demək olar, çatmayıb – hərgah Latakiyaya nəzarəti saxlamaqla Yaxın Şərqdə mövcudluğunu təmin etmiş saya bilər. Lakin Moskva üçün acı gerçək belədir ki, Suriyada rusların canlı və maddi itkiləri gündən-günə artmaqda, hətta artıq rus generalları da gülləyə tuş gəlməkdədir.

Bundan əlavə, Rusiyanın bölgədə terrorçuluğun açıq dəstəkçisi imici möhkəmlənir, Moskva Əsədə görə əksər ərəb ölkələri və Türkiyə ilə az qala müharibə vəziyyətinə gəlib çatıb. İslam koalisiyası da müstəsna olaraq Rusiya və İranın Suriyaya hərbi müdaxiləsi və Əsədə hərbi köməyi əleyhinə yaradılıb, koalisiya qüvvələrinin təlimləri başlayıb.

Suriyaya hərbi müdaxilənin 5-ci ayında bütün bu baş verənləri və qorxulu gəlişmələri onsuz da ağır iqtisadi durumda olan Rusiya cəmiyyətinə izah eləmək getdikcə çətinləşir. Qərbin maliyyə-iqtisadi sanksiyaları fonunda neftin ucuzlaşması Rusiya iqtisadiyyatına başqa yandan ciddi problemlər yaratmadadır ki, nəticə etibarilə Kremli heç olmasa, xarici siyasətdə hansısa uğura imza atmaq zorunda qoyur. Payızda isə parlament seçkiləridir.

Sanksiyalardan qurtuluş üçün isə ən əvvəl ABŞ-la anlaşmaq zərurəti var ki, bu da bəzi ehtimallara görə, Suriya məsələsində güzəşt şəklində ola bilər. İddialara görə, Moskva məhz Əsəd rejimi məsələsində siyasi bazarlıq hesabına həm sanksiyaları yumşaltmağa ümid edir, həm də Suriyanı güzəştə getmək qarşılığında Azərbaycanın da yer aldığı Güney Qafqazda Amerikadan yeni “kart-blanş” alıb möhkəmlənmək hədəfi güdülür.

Vəziyyətə sözsüz ki, Türkiyə ilə gərginləşən münasibətlər də təsirini göstərməkdədir. Deyəsən, Moskva həm də Ankaranın başı üstündən sonuncunun bir elə isti münasibətlərdə olmadığı Vaşinqtonla sövdələşmə əldə edib, Türkiyəni fakt qarşısında qoymaq istəyir – ən əvvəl Suriya məsələsində. Hər halda, Ankaradakı son terror olayından sonra nə qədər qəribə də olsa Vaşinqtonla Moskva arasında siyasi-diplomatik zondaj güclənib.

Yada salaq ki, Ankara terrorundan sonra Türkiyə hökuməti ABŞ və Rusiyanı rəsmən gizli işbirliyində ittiham edib, Ağ Evdən PYD-YPG-ni terror təşkilatı kimi tanımağı, Rusiyadan da, Amerikadan da bu hörgütə köməyi dayandırmağı tələb edib, ABŞ-ı isə Türkiyə ilə müttəfiqliyin bitəcəyi haqda xəbərdar edib.

Yəni böyük savaş və xaosdan öncəki kritik nöqtə yetişmiş kimidir. Başqa sözlə, Vaşinqton da Suriya böhranı uzandıqca bölgədəki əsas müttəfiqinin itirə biləcəyinin yəqin ki, fərqindədir. Moskva ilə anlaşma imperativinə bu amil də təsir edə bilər(di).

Bütün hallarda Obama-Putun kritik görüşü baş tutarsa, bu digər həlli çatmış məsələlərdə nöqtə qoya bilər. Lakin detalları bəlli olsa da, olmasa da, heç bir razılaşma regional supergüc Türkiyənin bölgədəki köklü maraqları (kürd dövlətinin yaradılmaması və s.) nəzərə alınmadan həyata keçməyəcək. Demək, bölgədə daimi sülh də əlçatmaz olacaq.

Bunu Kremldə də, Ağ Evdə də yəqin ki, yaxşı bilirlər.

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar