Respublikanın polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş daha bir qətlin üstü “İsti izlər”lə açılmışdır.
Bu barədə DİN və Baş Prokurorluğun birgə məlumatında deyilir.
Belə ki, fevralın 20-də Gəncə şəhərində 1982-ci il təvəllüdlü Cəlilov Elmir Elqədər oğlunun odlu silahla qətlə yetirilməsi faktına görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Məlumatda bildirilir ki, aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Tağıyev Anar Şahin oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunmuşdur.
A.Tağıyev cinayətin aləti olan lüləsi kəsilmiş ov tüfəngini istintaqa təhvil vermişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.