''Milli Onkoloji Mərkəzə ayrılan vəsaitin necə xərclənməsi məlum deyil''

22-02-2016, 20:33   
''Milli Onkoloji Mərkəzə ayrılan vəsaitin necə xərclənməsi məlum deyil''




Azər Mehtiyev: “Ehtiyac məlum olmadığından nə qədər dərman alınması, bu dərmanların onkoloji xəstələrə necə verilməsi bilinmir”

Nazirlər Kabinetinin 2006-cı il 20 dekabr tarixli 266 nömrəli qərarı ilə Azərbaycanda onkoloji xəstələrin dərman vasitələri ilə təminatı, onların cərrahiyyə əməliyyatından tutmuş polikimyəvi terapiyasına qədər müalicəsi pulsuzdur. Bura sıra müalicəsi almaq, o cümlədən ağrıkəsici vasitə kimi narkotik vasitələrdən pulsuz istifadə də daxildir.

Milli Onkologiya Mərkəzinin həkimləri, nazirlik və s. də açıqlamalarında həmişə deyirlər ki, onkologiya sahəsində Azərbaycanda hər bir şərait var. Xəstələr Avropa ölkələrinin protokollarına uyğun müalicə alırlar. Ancaq nədənsə əksər imkanı olan onkoloji xəstələr müalicə üçün xarici ölkələrə, Türkiyə, İran, Rusiya, son dövrlərdə hətta Gürcüstana üz tuturlar.



Buna səbəb nədir?


Respublikanın baş onkoloqu Azad Kərimli deyir ki, biz müstəqil ölkənin, müstəqil vətəndaşlarıyıq. Azad seçim etmək hüququmuz var. Ona görə də bəzi xəstələr bu şansdan istifadə edib, müalicə üçün xaricə üz tuturlar:
“Deyərdim, çox nahaq yerə belə edirlər. Bu dəqiqə Bakı şəhərində müəyyən dəllallar peyda olub ki, müalicə üçün camaatı aldadıb aparırlar yaxın ölkələrə. Nə bilim, yığıb avtobusa aparırlar, növbədənkənar keçirirlər və s. Tərifləyirlər ki, həmin ölkələrdə əməliyyat, müalicə daha yaxşıdır. Amma onkologiya elə bir sahədir ki, xəstə dünyanın hansı ölkəsinə getsə belə, sonda gəlib bizə müraciət edir. Ancaq həmin xəstə əvvəldən bizim nəzarətimiz altında olsaydı, biz onun xəstəliyinin gedişatını ilboyu izləmiş olacaqdıq”.


Onkologiya sahəsinə ayrılan vəsait və xaricə üz tutan xəstələr

Bəxtiyar Məmmədov xərçəngdən əziyyət çəkən anasını Türkiyədəki özəl klinikaların birində əməliyyat etdirib. Deyir, birinci Milli Onkologiya Mərkəzinə müraciət edib. Burada ona anasının xəstəliyin sonuncu mərhələsində olduğunu, gecikdiklərini söyləyiblər:

“İnanmadıq. Çünki vaxtında düşmüşdük üstünə. Türkiyəyə apardıq. Dedilər, hələ 2-ci mərhələdədir. Əməliyyatla bir neçə il yaşaya bilər. Elə doğru deyiblər. Əməliyyatdan sonra 1 il yarım yaşadı”.



“Adam başını götürüb qaçmaq istəyir”

B. Məmmədovun xaricə üz tutmasına səbəb Milli Onkologiya Mərkəzində şəraitin olmaması deyil. Deyir, ümumiyyətlə, burdakı həkimlərin nəyə qadir olduqlarını bilmə şansı olmayıb: “Xəstə yaxınlarına, xəstələrə qarşı bir az laqeydlik var. Məsələn, Türkiyədə həkim hər dəqiqə gəlib maraqlanırdı, narahat olurdu səndən ötrü. Bakıda qəribə vəziyyətdi. Əvvəla, hər şeyə pul kimi yanaşırlar. İkincisi də adama ürək-dirək verməkləri də yoxdur. Sərtdirlər. Ona görə adam başını götürüb qaçmaq istəyir”.

2012-ci ilin dövlət büdcəsindən Milli Onkoloji Mərkəzə 21 milyon, 2013-cü ildə 32 727 928 milyon, 2014-cü ildə 38925773 milyon, 2015-ci ildə isə 42208324 milyon manat ayrılıb.




“Ehtiyac məlum olmadığından ayrılan vəsaitin necə xərclənməsi məlum deyil”
İqtisadçı ekspert Azər Mehtiyev bizimyol.info-ya bu vəsaitlərin əksər hissəsinin mərkəzin təmirinə sərf edildiyini bildirib. 39 milyon manatın cəmi 30 milyonu bilavasitə dərman, sarğı məmulatları üçün nəzərdə tutulub:

“Çox maraqlıdır ki, bu vəsait həmin proqram üzrə birbaşa Milli Onkologiya Mərkəzinə ayrılır. Vəsaitin çox və ya az olmasını demək çətindir. Çünki proqram qəbul olunmasına rəğmən, nə qədər onkoloji xəstənin olması, illər ərzində bu xəstələrin sayıda nə qədər artım olması ilə bağlı, bu xəstələrin dərman ehtiyacları nədən ibarətdir və bunun üçün nə qədər vəsait lazımdır? Bütün bunlar araşdırılmayıb. Ehtiyac məlum olmadığından ayrılan vəsaitin hansı dərmanların alınmasına yönəldilməsi, nə qədər dərman alınması, bu dərmanların onkoloji xəstələrə necə verilməsi şəffaf deyil”.



“Xəstələrin xaricə getmələrinə heç bir əsas görmürəm”

Azad Kərimli Onkoloji Mərkəzdə xəstələrin müalicəsi, əməliyyatı üçün hər bir şəraitin olduğunu deyir. Baş onkoloq xəstələrin xaricə üz tutmasına əsasın olmadığını bildirir:
“İstər cərrahi əməliyyat olunmuş, istər dərman müalicəsi almış, istərsə də şüa müalicəsi almış xəstə olsun biz öz xəstələrimizi tam axıra kimi izləyə bilirik. Xaricə getmələrinə heç bir əsas görmürəm. Çünki xarici ölkələrlə bizdə aparılan müalicə taktikaları arasında heç bir fərq yoxdur. Biz hal-hazırda Avropanın bir çox ölkələrinin protokollarına uyğun müalicələr aparırıq”.Meydan TV
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.