Şəxsi əmlakları necə qiymətləndirəcək?
Azərbaycanın daşınmaz əmlak bazarında yeniliyə start verilib. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) fərdi daşınmaz əmlakların qiymətləndirilməsi xidmətinə başlayıb.
Qurum vətəndaşlara, fiziki və hüquqi şəxslərə ölkə ərazisində mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın qiymətləndirilməsi xidmətini göstərir. Komitədən bildirilib ki, qiymətləndirmə işləri DƏDRX-in peşəkar qiymətləndiriciləri tərəfindən həyata keçirilir. Bu qiymətləndiricilər bir sıra beynəlxalq qiymətləndirmə sertifikatlarına malikdirlər. Dünya Bankının xətti ilə həyata keçirilən Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində nüfuzlu beynəlxalq qiymətləndiricilərin apardığı təlimlərdə beynəlxalq sertifikatlar əldə ediblər.
Ilk baxışdan bu yenilik adama xoş təsir bağışlayır, düşünürsən ki, əmlakın ədalətli qiymətləndirmə mexanizmi var. Amma xəbər tutanda ki, bu qiymətləndirməni Əmlak Komitəsi aparacaq, bütün ümüdlər ölür.
Məsələ burasındadır ki, bugünə qədər Əmlak Komitəsi dövlət əmlaklarına o qədər gülünc qiymətlər qoyub ki, qurumun şəxsi əmlaklara qiymət qoyacağı ciddi qarşılana bilməz.
Məsələn, ötən il Əmlak Komitəsi “Vosmoy” bazarını 312 min manata özəlləşdirmişdi. Hansıki, bu qiymətə Bakının mərkəzində mağaza almaq da olmaz. “Vosmoy” bazarının təkcə torpaq sahəsinin qiyməti milyonlarla ölçülür. Yaxud, Gəncə Pambıq əyirici müəsisəsinin 6.2 milyonluq əmlakı, 85 min dollara naməlum adama satıldı. Əmlak Komitəsinin “Sabunçu Istehsalat Xidməti Bazası” ASC-ni səhmdarlardan xəbərsiz satışa çıxarması haqqında da mətbuatda geniş məlumat getmişdi. Dövlətin balansında olan “Passat”, “Nissan Maxima”, “Nissan Sunny” avtomobillərinin 2-3 min manata satışa çıxarılması da yaxın tarixin hadisəsidir. Belə faktlar çoxdur və xeyli sayda dövlət obyektlərinin naməlum alıcılara ucuz qiymətə satılması adi haldır.
Demək istəyirik ki, Əmlak Komitəsi dövlət əmlakını su qiymətinə satışa çıxarıbsa, şəxsi əmlakları hansı meyarlarla qiymətləndirəcəyi müəmmalıdır.
Yaxşı olar ki, bu qurum əvvəlcə bugünə qədər olan “qiymətləndirmə”lərini nəzərdən keçirsin, sonra vətəndaşlara yeni xidmətlər təklif edər.
“Vosmoy” bazarına 312 min manat qiymət qoyan qurum, 8 otaqlı mənzilə 312 manat qiymət qoya bilər.