Polis kapitanı bir qadının başına hansı oyunu açıb?-FOTOLAR

24-02-2016, 13:03   
Polis kapitanı bir qadının başına hansı oyunu açıb?-FOTOLAR
Aliyə İsmaylova: «Zaur Zeynalov məni zorladıqdan sonra hamilə qaldım, uşaq dünyaya gələn ərəfədə isə təhdid etdi ki, hər ikimizi öldürəcək»

Bakı şəhər sakini Aliyə İsmayılova üzləşdiyi problemdən dolayı indiyə qədər şikayət etmədiyi instansiya qalmayıb. Lakin onun şikayətlərinə baxılsa da, heç biri təmin olunmayıb. Əvəzində isə qanunun bəzi tələbləri pozulmaqla yanaşı, həm də onun yenicə doğulmuş körpəsi ortalıqda qalıb.

JAM.AZ-a müraciət edən Aliyə İsmayılova bildirir ki, o, ötən ilin fevralında 39-cu Polis Bölməsinin əməliyyat müavəkkili işləyən Zaur Zeynalovla tanış olub. Zaurla əlaqələri bir qədər genişləndikdən sonra polis əməkdaşı ona müxtəlif vədlər verməklə yanaşı, ailə həyatı quracaqlarını deyib. «Mənə dedi ki, səninlə ailə həyatı quracam və birlikdə yaşayacağıq. Fevral ayı idi, birlikdə maşınla Yasamal rayonu ərazindəydik, söhbət edirdik. Qəfil Zaur mənə hücum edib, maşındaca zorladı. Heç bir müqavimət göstərə bilmədim».

Şikayətçi qadın vurğulayır ki, bu əlaqədən sonra Zaur Zeynalovdan hamilə qalıb. «İlk dəfə biləndə heç bir etiraz etmədi. Lakin iyun ayından sonra vəziyyət tamamilə dəyişməyə başladı və Zaur məndən uşağın abort olunmasını tələb etdi».

Xanım İsmayılova qeyd edir ki, aralarındakı münasibətlər xeyli yaxşı olsa da, hər şey iyunun 17-dən sonra dəyişməyə başladı. «Həmin gün Zaurun qardaşı Azər Zeynalov yanında anası və əmisi qızı kimi təqdim etdiyi Həcər adlı şəxslə bizə gəldilər. Azər mənimlə yüksək tonla danışaraq, qardaşından nə istədiyimi soruşdu və ondan ayrılmağımı tələb etdi. Qarşılıq olaraq bildirdim ki, Zaur Zeynalovdan har hansı bir xüsusi tələbi yoxdur. Əksinə, dünayay gələcək körpəsinin qida xərclərini qarşılasa, mənim üçün kifayətdir. Bu sözlərdən sonra onlar yenidən səslərini qaldırmağa başladılar və aramızda mübahisə yarandı. Zeynalovlar evimdə məni təhqir və təhdid etməyə başladılar».

JAM.AZ-a danışan Bakı sakini bildirir ki, bu hadisədən sonra aralarındakı münasibətlər də pozulmağa başladı. Lakin məsələ bununla da bitməyib. Zaur Zeynalovun anası və əmisi qızı kimi təqdim etdiyi Həcər adlı şəxs Aliyə İsmayılovayla «Bayıl» Marketin qarşısında növbəti dəfə görüşüblər. «Məndən tələb edirdilər ki, mütləq abort olunmalıyam. Həmin gün həkimə getdik. Leylə Şıxlinskaya və Neftçilər Klinikasında bildirdilər ki, uşağın ana bətnindən götürülməsi qeyri-mümkündür. Ona görə ki, bu ananın da ölümünə səbəb ola bilər. Vəziyyəti belə görən Həcər adlı qadın qolumdan zorla tutaraq, məni Biləcəridəki Dəmir Yolu Xəstəxanasındakı tanış həkiminin yanına aparacağını dedi».

Bu zaman Aliyə İsmayılova qeyd olunan xəstəxanaya getməkdən imtina edir. Amma Həcər adlı qadının ondan tələbləri və israrları artmağa başlayır və iş az qala zor müstəvisinə keçir. Bu zaman Aliyə İsmayılovanın əlindəki telefonu yerə düşərək, sınır. «Həmin vaxt Zaurla Həcər telefonumu götürüb, təmir etdirəcəklərini bildirdilər. Etiraz etmədim. Amma axşam telefonumun aqibətini soruşmaş üçün Zaura zəng etdim. Bu zaman o, nə telefon görmədiyini, nə də götürmədiyini inkar etməyə başladı. Üstəlik, mənə bildirdi ki, guya, ona şər atıram».

İyunun 19-da Səbayel rayon Polis İdarəsinə gedərək, telefonu ilə bağlı məsələni aydınlaşdırmağa çalışan Aliyə İsmayılova mərəkəylə üzləşməli olur. «Belə ki, idarənin qərargah rəisi Rüfət Ələkbərov tərəfindən qəbul edildim. O, söz verdi ki, telefonun tapılması üçün lazım olan bütün tədbirləri görəcək. Əlavə olaraq məndən bəzi sənədlər və telefona aid bilgilər aldı. Bu zaman idarənin rəis müavini Anar Məmmədovun mənimlə görüşmək istədiyini dedilər. Etiraz etmədim, görüşdüm. Anar Məmmədov mənə təklif etdi ki, məsələnin dinc yolla həll olunması daha yaxşı variantdır. Mən də onun tövsiyyəsini nəzərə alıb, şikayət etməkdən vaz keçdim».

Amma bu zaman idarədə olan Zaur Zeynalov Aliyə İsmayılovanı görərək, qışqır-bağır salmağa başlayıb. İş o həddə çatıb ki, Zaur Zeynalov iş otağındakı xidməti telefonu divarda Prezident İlham Əliyevin şəklinə çırpır. «Həmin vaxt ortağına çağırdığı üçün mən də ordaydım. Və baş verənlərdən dəhşətli dərəcədə qorxmuşdum. Tez otaqdan çıxıb, polis əməkdaşlarını çağırdım ki, Zauru sakitləşdirsinlər».

Maraqlı məqamlardan biri də odur ki, Səbayel Polis İdarəsi tərəfindən telefonla bağlı aparılan axtarışlardan sonra həmin rabitə vasitəsi məhz Zaur Zeynalovdan tapılıb.

Bildirək ki, Aliyə İsmayılova iyunun 19-da təkrar 39-cu Polis Bölməsinə çağrılır. O bölmədə üzləşəcəyi sürprizdən xəbərsiz olaraq yola çıxır. «Bölmədə dəftərxananın işçisi Əntiqə xanım, Zaur, onun işçisi Ceyhun və qara köynəkli bir nəfər (kameralara düşüb) mən tutub, zorla abort etdirmək üçün aparmağa çalışdılar. Bölmədə elə qara-qışqırıq salmışdılar ki, sanki bazardaydılar. Oradan məni zorla 3 saylı Sabunçu Xəstəxanasına apardılar. Ginekoloq Aynurə ilə danışaraq, 400 manat müqabilində abort edilməsinə razılaşdılar. Lakin bu vaxt anamın söhbətə qarışmasından sonra Aynurə həkim abortdan imtina etdi və bunun təhlükəli ola biləcəyini vurğuladı».

JAM.AZ xəbər verir ki, Aliyə İsmayılova telefonunun itməsiylə əlaqədar Səbayel Polis İdarəsində olarkən ona maraqlı bir sənəd verilir. Həmin sənədi isə Səbayel Polis İdarəsinin rəisi İlqar Mahmudov imzalayıb. Məktubda qeyd olunur ki, 39-cu Polis Bölməsinin kapitanı Zaur Zeynalov «Daxili İşlər Orqanlarının əməkdaşının Etik Davranış Qaydaları» kodeksini pozduğuna görə, «Xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq» tənbehi seçilib.

Ardından DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi Sahib Mirzəyevin imzasıyla daha bir sənəd Aliyə İsmayılovaya təqdim olunur. Və orada qeyd olunur ki, Zaur Zeynalov işdə yol verdiyi bir sıra nöqsanlara, vəzifə səlahiyyətlərindən şəxsi məqsədləri üçün istifadə etdiyinə görə, polisdən uzaqlaşdırılıb. Bu isə noyabrın 25-də baş verir.

Bütün bu baş verənlərdən sonra Aliyə İsmayılova məcburiyət qarşısında qalaraq, rəsmi qurumlara müraciət etməyə başlayır. Səbayel Prokurorluğunda ona cavab verirlər ki, şikayətinin heç bir əsası yoxdur. Hətta belə bir rəy də yaratmağa çalışıblar ki, guya, İsmayılova Zeynalova böhtan atır. «BŞBPİ-də oldum. Orada məni dinlədilər, təhqiqat aparacaqlarını bildirdilər. Və qeyd etdilər ki, uşağın atasının Zaur Zeynalov olmasının təsdiqlənib, təsdiqlənməməsini müəyyən etmək üçün mütləq DNK testi lazımdır».

Amma bu müddət ərzində Zaur Zeynalovun təhdidləri də davam edib. Aliyə İsmayılova bildirir ki, dekabrın 1-də sancıları tutduğundan təcili olaraq Respublika Xəstəxanasına aparılır. Orada adını Lamiyə Mədətova kimi təqdim edərək, xəstəxanaya daxil olur. «Başqa adla xəstəxanaya daxil olduğumu verdiyim ifadələrdə də yazmışam. Bunu səbəbsiz etməmişdim. Çünki Zaur mütəmadi olaraq məni təhdid edirdi ki, uşağı və məni öldürəcək. Belə olan təqdirdə, başqa çıxış yolum qalmayıb, məcbur olub başqa adla xəstəxanada qeydiyyata düşüm».

JAM.AZ xəbər verir ki, işin ən qəribə tərəfi noyabrın 25-də xidməti vəzifəyə tam uyğun olmaması, işdə yol verdiyi nöqsanlara və səlahiyyətlərindən sui-istifadə etdiyinə görə, işdən çıxarılmış Zaur Zeynalov çox keçmir ki, Cəlilabad Polis Şöbəsində işə düzəlir. Hazırda həmin şöbədə sahə müvəkkili kimi işinə davam edən Zeynalovun bu şansı əldə etməsinin səbəbkarı isə bir neçə nəfərdir. Onların da ən birinciləri sırasında Cəlilabad polis rəisinin müavini Eldar Səfərovdur.

Məlumatlarda qeyd olunur ki, Eldar Səfərov pensiya yaşı 3 il bundan əvvəl çatıb, lakin xidmətinə davam edir. Üstəlik, o, Zaur Zeynalovun əsas himayəçisi qismində çıxış etdiyini də gizlətmir. Elə bu səbəbdəndir ki, Aliyə İsmayılovanı Cəlilabada çağıran Eldar Səfərov onunla görüşüb, Zaura qarşı şikayətlərindən vaz keçməsini, münasibətləri dinc yolla tənzimləməyi təklif edib.


Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.