BDU-da baş verənlər məni bir daha rektor Abel Məhərrəmovun şəxsinə nəzər salmağa vadar etdi. Təxminən 2002-ci il yaxud 2003-cü il idi. Ofisə gələndə mənə iki zərf verildi. Birinin üstündə “Aslan İsmayılov” digərinin üstündə isə “Elmar Hüseynov” yazılmışdı. Özümə məxsus zərfi alıb oxudum. Təxminən 4 səhifədən ibarət yazıda hüquq fakültəsində kimin hansı fəndən hansı miqdarda rüşvət alması və rüşvətin necə bölüşdürülməsi, adlar çəkilməklə, ətraflı təsvir olunmuşdu. İmzalanmasa da yazının mətnindən görünürdü ki, hazırlayanlar məhz hüquq fakültəsində işləyən müəllimlərdir. Yazı “Monitor” jurnalında çap olunması üçün göndərilmişdi. Yazının, jurnala verilməsində qarşımı kəsən məqam, sonunda yaxın zamanda hüquq fakültəsində dekan seçkilərinin keçiriləcəyinin vurğulanması oldu. Jurnalda çap olunmuş məqalənin hüquq fakültəsində seçkilər zamanı hansısa qruplaşma tərəfindən istifadə olunmaması üçün yazını atdım. Hərçənd ki, yazıda göstərilən faktların təxminən düz olmasında şübhəm yox idi. İkinci zərfi isə bağlı şəkildə rəhmətlik Elmara göndərdim. Bir müddət sonra hüquq fakültəsində oxuyan övladıma qarşı haqsızlıqlar başladı. Bir müddət sonra bildim ki, rəhmətlik Elmara göndərdiyim zərfdən Elmarın da xəbəri olmadan kimlərsə istifadə edib və Abel Məhərrəmova çatdırılıb ki, mənim istəyimin əksinə olaraq, yazının jurnala verilməsinin qarşısını alıblar. Bundan sonra, Abel Məhərrəmovun necə rektor olması barədə fikrim formalaşdı və istər istəməz onu öz rektorum akademik Qeorqiy Konstantinoviç Makovka ilə müqayisə etdim. Həmin rektora mən bir müqəddəs insan kimi baxırdım. Yadımdadır ki, hüquq fakültəsində bir qrup nümayəndəsi kimi rektorun qəbuluna gedib bir tələbənin çox kasıb olduğundan və qiymətlərindən birinin 3 olması ilə bağlı təqaüd ala bilmədiyindən köməklik etməyini xahiş etmişdim. Rektor məni dinləyən kimi dərhal bir istisna kimi tələbəyə təqaüd verilməsi barədə göstəriş verdi. Rektor Abel Məhərrəmov isə haqsızlıqdan şikayət edən tələbə qızı məhkəməyə verəcəyi, universitetdən qovduracağı ilə hədələyir, digərini isə cangüdənləri vasitəsi ilə döydürür. Cangüdən demiş, bu yaxınlarda Münhen Universitetində (LMU Munich) oxuyan oğlum Ziyəddin facebook səhifəsində yazmışdı ki, oxuduğu 45 min tələbəsi olan elm ocağının rektorunu tez-tez metroda görür və heç bir cangüdəni yoxdur. Abel Məhərrəmov isə universitetdə gəzəndə cangüdənləri universitetin dəhlizlərində belə tələbələrin gəzməsini qadağan edirlər. Rektor kimi A. Məhərrəmovun təxminən tanıdığımızdan onun necə alim olmasını bilmək üçün hardasa bir saatlıq kiçik araşdırma apardım.
Bəlli oldu ki, akademik Abel Məhərrəmov, özü yazdığı, kimi 1500 elmi işin müəllifidir. Özü də bu işlər əsasən rektor olduğu dövrlərdə yazılıbdır. Orta məktəbdə riyaziyyatdan olimpiyada qalibi olduğumdan dərhal hesablama apardım. Əgər hər ay cəmi 10 səhifədən ibarət bir elmi iş yazmış olsa belə Abel Məhərrəmovun ancaq bu sahəyə 125 il vaxt ayırması, 15 min səhifəni elmi icadları ilə doldurması lazım idi. Onun isə cəmi 64 yaşı var. Axı bundan başqa Abel Məhərrəmov Azərbaycanın bir nömrəli, təxminən 20 minlik müəllim, tələbə kollektivindən ibarət bir elm ocağının rəhbəri, BDU-nun üzvi kimya kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, həm də Milli Məclisin deputatıdır.
Bundan əlavə, sahibi olduğu biznes sahələrində haqq hesabların aparılmasına vaxt lazım olduğunu da nəzərə alsaq Abel müəllimin gördüyü işlərə heç 200 illik ömür də bəs etməz. Burada qeyd edim ki, yazıq Eynşteyn ömrü boyu cəmi 300-ə yaxın “cızma qara” etmiş və onun 1905-ci ildə yazdığı xüsusi nisbilik nəzəriyyəsi isə cəmi 7 səhifədən ibarət olub. Bəs onda 1500 elmi əsər necə peyda oldu?! Çox sadə, az qala universitetdə işləyən hər kəs, Abel müəllimin xəbəri belə olmayan yazdıqları elmi işdə, onun adını ya elmi rəhbər, ya da məsləhətçi kimi göstəriblər. Azərbaycan elmi və Abel müəllimin Milli Məclisin üzvü kimi fəaliyyəti göz qabağında olduğundan buna vaxtınızın sərf olunmasını istəmirəm. Bir insan kimi onun necə olması da yəqin çoxları üçün maraqlı olar.
Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəldiyi ilk günlərdən minlərlə azərbaycanlı gənclərin SSRİ-nin aparıcı elm ocaqlarına oxumağa göndərməsi, içində ədalət hissi olan hər kəs tərəfindən, bəyənilir və bu bir faktdır. Ancaq Abel Məhərrəmovun 1973-cü ildə Moskvaya oxumağa göndərilməsinə görə mətbuatda ”Heydər Əliyevin mənə etdiyini ata, anam belə etməyib” deməsi isə çox mübahisəli fikirdir. Bu yerdə sadəcə yaşlı bir alimin mənə söylədiyi epizodu Sizlərlə bölüşməklə kifayətlənirəm. 1950-ci illərin əvvəllərində Azərbaycan Elmlər Akademiyasının Vitse Prezidenti olan dahi şairimiz Səməd Vurğun bir aspirantdan imtahan götürərkən onun adının azərbaycanlılara xas olmadığını soruşduqda həmin aspirant dərhal cavab verir ki: “bağışlayın, mənim anam erməni olub. Ancaq bu səhvi tez bir zamanda düzəldərəm”. Dahi Səməd Vurğun həmin aspiranta baxıb deyir: ”Ana müqəddəsdir, ondan imtina etmək olmaz. Ola bilsin səndən alim olar, ancaq insan heç vaxt olmayacaq”.