Zakir Fərəcovun bacısı oğlu Abşeronda müəllim qiyamı yetişdirir: “Bezmişik...”Zakir Fərəcovun Sumqayıta təyinat almasından sonra Abşerona İradə Gülməmmədovanın təyin edilməsi böyük mənada heç nəyi dəyişməyib. İndi Zakir Fərəcov faktiki olaraq həm Sumqayıta, həm də Abşeron rayonuna ümumi rəhbərliyi həyata keçirir.
Məlumat üçün bildirək ki, İradə xanım bu təyinata qədər Abşeron RİH başçısının birinci müavini vəzifəsində çalışıb. Onun Abşeron rayon icra hakimiyyətinin başçısı postuna gətirilməsində isə Zakir Fərəcovun müstəsna xidmətlərinin olduğu bildirilir.
İradə Gülməmmədovanın başçı təyinatından bir qədər sonra isə Zakir Fərəcov bacısı oğlu Məhəmməd Həsənovu Abşeron RİH başçısının birinci müavini postuna gətirtməklə işini daha etibarlı tutmağa çalışıb. Məlumat üçün bildirək ki, Sumqayıt RİH başçısının bacısı oğlu Məhəmməd Həsənov Abşeron RİH başçısının birinci müavini vəzifəsinə bir müddət öncə təyinat alıb və bu təyinatda Zakir Fərəcovun əsas məqsədi Abşerona nəzarət imkanlarını maksimum həddə çatdırmaq olub.
Daxil olan məlumata görə, Məhəmməd Həsənov rəsmi olaraq birinci müavin postunda əyləşməsinə baxmayaraq faktiki olaraq icra başçısının səlahiyyətlərini yerinə yetirir. Ondan icazəsiz Abşeronda daşı-daş üstə qoymağın mümkünsüzlüyünü bildirən mənbəmizin sözlərinə görə, hazırda rayonun bütün gəlirli sahələri, o cümlədən təhsil sektoru da məhz Məhəmməd Həsənovun kurasiyasındadır.
Sumqayıt icra başçısının bacısıoğlunun Abşeron təhsil sisteminə tətbiq etdiyi “yeniliklər” isə müəllimlərin böyük etirazına səbəb olub. Belə ki, ötən ilin dekabr ayında diaqnostik qiymətləndirmədən keçən müəllimlərə məvaciblərində yaranan artıma görə “haqq”ın qoyulması böyük səs-küyə səbəb olub.
Savash.org-un məlumatına görə, Abşeron rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məhəmməd Həsənovun göstərişinə və rayon Təhsil Şöbəsinin yerli məktəb direktorlarına verdiyi qeyri-rəsmi əmrə görə, bundan sonra diaqnostik qiymətləndirmədən keçən müəllimlərin hər biri aylıq 10 manat pul, “haqq” verməlidir. Səbəbsə məlum deyil.
Bu günlərdə Abşeron təhsilində yaşanan bu biabırçılıqla bağlı müəllimlərdən biri mətbuata çox maraqla qarşılanan açıqlama vermişdi. Savash.org olaraq həmin açıqlamanı da olduğu kimi dərc edirik:
“Vallah-billah bezmişik.... Onsuz da güclə, birtəhər dolanırıq, həm də əlavə qazancımız olmur ki, özümüzü, ailəmizi bir yana çıxaraq. Bu azmış kimi də dəqiqədəbir müəllimlərdən “haqq” tələb olunur. Ay, nə bilim, hasar çəkilir, pul verin, kimsə Həccdən qayıdıb, pul verin, İcra Hakimiyyətindən “qonaq” gələcək, pul verin, Təhsildən kimsə gələcək, “artıq-əskik söz-söhbət” olmasın, pul verin...5-10 manat pul qazanırıq, onun da heç üzünü görmürük. İndi də belə bir göstəriş gəlib ki, diaqnostik qiymətləndirmədən keçən və maaşlarında artım olan müəllimlər hər biri ayda 10 manat ödəməlidir. Axı, nəyə görə? Biz zəhmət çəkirik, alnımızın tərini axıdırıq ki, kiməsə pul verək? Niyə bunun qarşısı alınmır? Ümidimiz yenə də mətbuatadır, bəlkə səsimizi eşidən ola...”
Savash.org