NUŞİRƏVAN VƏ BOY-BOYA DÜZÜLƏN VİLLALARI – “Rüşvətdən uzaq” məmurun topdağıtmaz sərvəti (FOTOLAR)

25-02-2016, 22:16   

Nuşirəvan Səfərov… Düşünürəm ki, bu zatı-möhtərəmin adı, çox hörmətli “AzPolitika”nın oxucularına artıq yaxşı tanışdır. Aylar öncə saytımızda Nuşirəvan müəllim və onun bəzi gözü qılıncdan iti “bayquşlarının” sərgüzəştlərindən bəhs edən tənqidi yazı getmiş, bu yazıdakı bəzi ifadələr və ittihamlar bu gözəl insanın xətrinə dəymiş, onu özündən çıxarmış, iş gedib məhkəməyə qədər çıxmışdı. Aylarla sürən məhkəmələrdə də bir sürü hadisələr baş vermiş, sonda polkovnik Nuşirəvanın ədaləti zəfər çalmış, onun tər-təmiz adını ləkələmək, pak mənəvi dünyasına kölgə salmaq istəyənlər layiqli cəzalarını almışdılar.

Məhkəmə istintaqı zamanı məlum olmuşdur ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYP) çox hörmətli rəisinin “mənəvi dünyasında rüşvətə geniş meydan verildiyi” barədə ittihamlar böhtan, onun savadsız, kobud, özündən razı bir adam olduğu haqda deyilənlər isə, bu möhtərəmin şəxsin şərəf və ləyaqətinin qəsdən, bilə-bilə təhqir olunması imiş.

Paytaxtın dövlət yol polisində tuğyan edən rüşvətxorluqdan, yığılan və hansısa istiqamətə ötürülən böyük pullardan isə, bu adamın qəti xəbəri olmayıb və indi də yoxdur. Heç DYP-nin binasında 2500 manat rüşvət alarkən saxlanılan və işdən qovulan bacısı oğlunun da, N.Səfərovun mənəvi dünyasına heç bir aidiyyatı yox imiş.

Qısası, çox hörmətli Nuşirəvan Səfərov – BDYPİ rəisi sadə, savadlı, təvazökar, tər-təmiz, dünya malında gözü olmayan, saf bir adamdır. Bütün bunlar Xətai Rayon Məhkəməsinin hakimi Habil Məmmədovun qətnaməsində də qət olundu və hazırda bu qətnamədən verilmiş şikayətə Apellyasiya Məhkəməsində baxılır. Bu gün hazırlıq iclası oldu və məhkəmə baxışı martın 9-na təyin olundu.

Apellyasiya Məhkəməsinin N.Səfərovun “mənəvi dünyasının vəziyyəti” barədə nə qərar verəcəyini zaman göstərəcək. Amma… necə deyərlər, görünən dağa nə bələdçi?


Nuşirəvan Səfərovun hazırda yaşadığı sarayın uzaqdan görüntüsü

Bu yazıya əlavə olunmuş fotolarda BDYPİ rəisi, rəsmi maaşı yəqin ki, 1500 manatdan artıq olmayan Nuşirəvan Səfərovun Bakının milyonçular yaşayan prestijli rayonunda – Badamdar qəsəbəsi 2-ci yeni massiv, ev 156 ünvanında yertləşən villasının yerdən və peykdən çəkilmiş görüntüləri var. Başında kümbəz, qırmızı örtüklü möhtəşəm saray və onun qarşı tərəfində, yeni tikilməkdə olan ikinci villa N.Səfərova məxsusdur. Çox böyük ehtimalla, ikinci villanı N.Səfərov övladına tikdirir.

Bu iki villanın yerləşdiyi ərazi, təxminən 1 hektar sahəni əhatə edir! Bilisinizmi, əgər son 7-8 ildə alınıbsa, təkcə bu torpağın bazar qiyməti nə qədər edir? AZI 8-10 MİLYON DOLLAR!

Hazırda, bu iqtisadi böhran şəraitində belə bu ərazidə sənədli torpağın 1 sotu 70-80 min manatdan az deyil!


Təmiz insan N.Səfərovun hazırda yaşadığı qırmızı kümbəzli 4 mərtəbəli sarayı nə vaxt tikdiyini və bu tikintiyə nə qədər vəsait xərclədiyini deyə bilmərik. Dəqiq qiymətləndirmə aparmaq üçün evin içini, təmirin səviyyəsini də görmək lazımdır. Amma heç şübhə etmirik ki, ümumi sahəsi 1000 kvadratla ölçülən bu sarayın tikintisi, təmiri, mebel və digər zəruri əşyalarla təmin olunmasına xərclənən pul da MİLYON MANATLARLA ölçülüb. Devalvasiya, böhran, tikinti materialları bazarında qiymətlərin od tutub yandığı bu günlərdə tikintisi var gücü ilə davam edən İKİNCİ VİLLAYA nə qədər xərclənəcəyini isə indi özünüz düşünün!


Belə görünür ki, Azərbaycan xalqını diz çökdürən, milyardlarla valyuta ehtiyatı olan dövləti belə çətinə salan bu iqtisadi böhran, cənab Nuşirəvanın yanından, heç yel olub ötə bilməyib.

Ən dəhşətlisi isə bilirsinizmi nədir? İkinci villanın tikintisinə uniformalı DYP əməkdaşları nəzarət edir. Açıq-aşkar. Qorxub-çəkinmədən, utanıb-ar eləmədən! Əməkdaşlarımız iki gün əvvəl ərazidə müşahidə apararkən, şahidi olublar ki, 90—300 dövlət nömrə nişanlı, BMV markalı DYP avtomobilindən düşən 2 gənc DYP əməkdaşı, BMV X6 markalı avtomobildən düşən 23-25 yaşlarında gənclə (Çox böyük ehtimalla bu gənc N.Səfərovun oğludur-red) tikintiyə aid məsələləri danışa-danışa tikinti sahəsinə daxil olublar. “Hansı qanun və haqla N.Səfərov dövlət işçilərini özünün şəxsi təsərrüfatında işlədir?” – deyə soruşmaq olar. Amma biz soruşmuruq, nəyimizə lazım?…

Yeri gəlmişkən, əldə etdiyimiz məlumata görə, ikinci villanın tikildiyi ərazini N.Səfərov qonşusundan bu yaxınlarda alıb, ordakı evi uçuraraq, yerində yeni villanın tikintisinə başlayıb.

Bu təkzibolunmaz faktlar, foto və peyk görüntüləri ondan xəbər verir ki, polkovnik Nuşirəvan Səfərovun hər iki giriş küçəsindən qarşısına şlaqbaum qoyulmuş, təkcə hasarının üzlənməsinə bir sərvət xərclənmiş, Bakının ən prestijli rayonlarından birində yerləşən malikanəsi, ən azı 15 MİLYON DOLLARA başa gəlib!

Əlbəttə, biz bu pulun mənbəyi ilə bağlı konkret heç bir iddia irəli sürmək niyyətində deyilik. Bunu araşdırmaq, zamanı gələndə istintaqın işi olacaq. Amma fikrimizcə, bir müqayisə aparmaq yerinə düşər. Aşağıda təqdim etdiyimiz foto da Badamdar qəsəbəsində çəkilib. Fotodan görünən, N.Səfərovun villaları kimi yan-yana düzülən 3 villanın sahibləri ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarov və onun övladlarıdır. Diqqət etsəniz, görərsiniz ki, N.Səfərovun villası, A.Çovdarovun villasından da möhtəşəmdir.




A.Çovdarova qarşı hazırda Azərbaycan Cinayət Məcəlləsindəki maddələrin, az qala yarısı ilə ittiham irəli sürülüb. Yəni sübut olunub ki, general Çovdarov bu villaların pulunu qətl, hədə-qorxu ilə tələbetmə, şəxsi həbsxanada işgəncə, gizli çəkilişlərlə şantaj, ölkə rəhbərlərini dinləmə və xarici kəşfiyyatlara satma, bir sözlə, ən ağır cinayətlərə qol qoyma yolu ilə əldə edib.

Maraqlıdır, bəs A.Çovdarovla müqayisədə çox kiçik vəzifəni tutan və rütbəni daşıyan Nuşirəvan Səfərovun bu sərvətinin kökü hardan gəlir?

Əlbəttə, biz bununla heç bir eyham vurmaq niyyətində deyilik. İstisna deyil ki, hörmətli və savadlı Nuşirəvan Səfərova dədə-babalarından küpələrlə qızıl qalmış ola bilər.

Yaxud da, mümkündür ki, onun da oğlu, məsələn, Ziya Məmmədovun oğlu kimi fitri istedad yiyəsidir və qısa zamanda dövlətimizdə yaradılmış demokratik şəraitdən istifadə edərək, biznes yolu ilə milyonlar qazanıb və hər bir qeyrətli oğul kimi, qanuni yolla qazanılmış bu pullarla da atasına hektarlarla torpaq alıb, villalar tikib. Yəni bütün bunlar mümkündür.

Amma sübutları hanı? Keçmişdən qalan sərvət varmı? N.Səfərovun oğlu fitri istedadlı biznesmendirmi? Hansı şirkəti var və dövlətə nə qədər vergi ödəyib?

BU SUALLARA CAVAB AXTARIŞLARIMIZ DAVAM EDƏCƏK! Amma hələlik bu qədər!

N.Səfərovu dinləməyə, məmunniyyətlə hazırıq!





NUŞİRƏVAN VƏ BOY-BOYA DÜZÜLƏN VİLLALARI – “Rüşvətdən uzaq” məmurun topdağıtmaz sərvəti (FOTOLAR)



Murad MƏMMƏDOV
AzPolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.