«Dedim ki, əməliyyat olunduğuma görə «jim» eləyə bilmirəm, manqa komandiri düz əməliyyat yerindən yumruq vurdu…»
«Bütün tağımın əsgərlərindən «jim» vəziyyəti almaq tələb olundu, yerə uzandıq, manqa komandiri üstümüzdə gəzdi»
Ötən ilin mayında Fövqəladə Hallar Nazirliyinin (FHN) Biləcəridəki hərbi hissəsində müəmmalı şəkildə dünyasını dəyişmiş əsgər Tapdıq Babaşovun ölümü, həmçinin bu hərbi hissədə əsgərlərə işgəncə verilməsilə bağlı məhkəmə prosesi davam edir.
Bakı Hərbi Məhkəməsində keçirilən dünənki iclasda hərbi hissənin bu iş üzrə zərərçəkmiş qismində tanınan əsgərləri orada baş verənlər barədə dəhşətli faktlar açıqlayıblar. On beş nəfərə yaxın əsgərin məhkəməyə ifadələrindən məlum olub ki, orada manqa komandirləri əsgərləri yerə uzadıb, kürəklərində gəzirlərmiş. Yaxud onları bir ayağı üstə saxlayıb, dabanlarına vururlarmış.
Dindirilən əsgərlərdən Tamerlan Sadıqzadə öz başına gələn qəddarlıq barədə bunları deyib: “Manqa komandiri Ruslan Cavadov əsgərlərdən ”jim” vəziyyəti almağı tələb etdi. Mən bir müddət əvvəl kor bağırsağımdan əməliyyat olunmuşdum, ona görə “jim” vəziyyəti ala bilmədim. Bunu dedim. Manqa komandiri elə bədənimin elə əməliyyat olunan hissədən yumruq vurdu. Vəziyyətim pisləşdi, tibb hissəsinə getdim, orada iynə vurdular, qayıtdım. Bir gün də səhər baxışında üstümdən üzqırxan “Gilette” çıxdı, ona görə manqa komandiri məni döydü. Xəbərdarlıq elədi ki, bir də çıxsa, daha pis olacaq”.
Əsgərlərdən Xəyal Müzəffərli, Tural Cəfərli, Kənan Bayramov, Valeh Yaqubov və digərləri hərbi hissədə manqa komandirinin onların kürəyində gəzməsindən danışıb: “Bu hadisə mayın 16-da olub, manqa komandiri Cəmil Ağayev dedi ki, ”siz intizamsız tağımsız”. Ona görə bütün tağımın əsgərlərindən “jim” vəziyyəti almağı tələb etdi. Sonra da hamının üstündən keçdi”.
“Bir gün axşam ”yat” əmrindən sonra əsgərlərin öz aralarında danışmasına görə manqa komandiri Elməddin Babayev əsgərləri sıraya düzdü, onları bir-bir şillə-təpiklə vurdu” – bunu isə əsgərlərdən Bəhruz Yəhyayev, Elvin Fərəcullayev və digərləri bildirib.
Əsgər Eşqin Hüseynəliyev isə deyir ki, manqa komandiri Cəmil Ağayev əlinə dəsmal bağlayıb onları döyürdü.
Zərərçəkmişlərin sözlərinə görə, hərbi xidmətə yeni gəldikləri günlərdə sırada düzgün addımlamadıqlarına görə onları bir ayağı üstə saxlayıb, yerdən təxminən 20 santimetr yuxarı qaldırdıqları ayaqlarının altına vurublar.
Əsgərlər qeyd ediblər ki, ali təhsillilərə nisbətən güzəşt olunurmuş. Amma mərhum Tapdıq Babaşov da ali təhsilli olmasına baxmayaraq, işgəncələrə məruz qalıb. Dindirilən əsgərlər onun barəsində yalnız müsbət fikirlər söyləyiblər. Bildiriblər ki, onda hər hansı psixoloji dəyişiklik, əhval-ruhiyyətinin pis olmasını hiss etməyiblər.
“Hadisə vaxtı biz dərsdə idik. Leytenant Mirzəyev bizə dərs keçirdi. Tapdıq Babaşov növbədə idi. Gəlib dərsdə bizə qəzetləri payladı, dərsdə verilən sualları cavablandırdı. Hadisəni eşidəndə biz inanmadıq. Çünki o, daha cəsarətli idi. Demişdi ki, Milli Orduda zabit olmaq istəyir. Əsgərlikdən bezən oğlan deyildi”, – deyə Tamerlan Sadıqzadə ifadəsində bildirib.
Əsgərlərin ifadəsindən o da məlum olub ki, Tapdıq Babaşovun özünü hərbi hissənin üçüncü mərtəbəsindəki ayaqyolunun üçüncü mərtəbəsindən atması xəbəri yayılan vaxt ayaqyoluya iki nəfər mülki geyimli şəxs girib-çıxıb. Lakin onların kimliyi məlum deyil.
Əsgərlər dindirilərkən üzə çıxıb ki, sən demə, hərbi hissədə komandirlər avtomobillərini də əsgərlərə yudururmuş…
Qeyd edək ki, bu cinayət işi üzrə məhkəmə qarşısına üç nəfər çıxarılıb – Ruslan Cavadov, Cəmil Ağayev və Elməddin Babayev. Vaxtilə sözügedən hərbi hissədə manqa komandiri olmuş bu şəxslərə qarşı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələrilə ittiham irəli sürülüb.
Məhkəmə prosesi martın 14-də davam edəcək.
Xatırladaq ki, BDU-nun qırmızı diplomlu məzunu, eyni zamanda, evin yeganə oğlu olan Tapdıq Babaşov ötən il mayın 22-də dünyasını dəyişib. Rəsmi məlumatlara görə, mərhum Babaşov özünü hərbi hissənin üçüncü mərtəbəsindən ataraq intihar edib. Lakin Tapdıq Babaşovun anası Kifayət Süleymanova və digər qohumları buna inanmır. Onlar əsgərin qətlə yetirildikdən sonra pəncərədən atıldığını düşünür.
Aytən Məmmədova