Elton Məmmədovun qardaşı oğlundan xəbəri yoxdur

27-02-2016, 11:38   

Anar Məmmədov İngiltərəyə köçüb, keçmiş deputat isə «hər kəsin xaricə gedib-gəlmək hüququ»ndan danışır

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Azərbaycanı tərk etdiyi barədə dünənki sayımızda məlumat yaymışdıq. Məlumatda deyilirdi ki, Anar Məmmədov Ingiltərəyə köçüb. O, “Qarant Holdinq”in rəhbərliyindən də istefa verib. Hazırda holdinqə Ziya Məmmədovun qardaşı oğlanlarından biri rəhbərlik edir.

Nəqliyyat nazirinin qardaşı, keçmiş deputat Elton Məmmədov məlumata münasibət bildirib. O, modern.az-a açıqlamasında iddia edib ki, xəbər həqiqətəuyğun deyil: “Anar Məmmədovun Azərbaycanı tərk etməsi haqqında informasiyalar yalandır”.


Elton Məmmədov qeyd edib ki, qardaşı oğlunun ailəsi ilə birlikdə Ingiltərəyə getməsi iftiradır: “Hər bir Azərbaycan vətəndaşının hansısa ölkəyə gedib-gəlmək hüququ var. O da gənc, biznes aləminin mühitini formalaşdıran insan kimi gedib-gəlir, yəni əlaqələri var. Bunu hər hansı böhran və ya Ziya müəllimlə hallandırmaq düzgün deyil. Iqtisadi və maliyyə böhranı bütün dünyada var. Ancaq bu o demək deyil ki, təkcə Anar Məmmədovun rəhbərlik etdiyi şirkətdə böhran yaşanır”.

Elton Məmmədov vurğulayıb ki, Anar Məmmədov Azərbaycandan həmişəlik getməyib: “Kimsə cəmiyyətdə çaşqınlıq salmasın. Hər bir insanın digər ölkəyə gedib-gəlmək hüququ var. Anar Məmmədov Azərbaycan vətəndaşıdır. Heç bir ölkənin vətəndaşlığını qəbul etməyib. Azərbaycan vətəndaşı olaraq ailəsi, balaları ilə istədiyi zaman hansısa ölkəyə gedib-gəlir”.

Anar Məmmədovun ölkədən getməsi barədə “Azadlıq”a məlumat verən mənbə isə israrla bildirir ki, nazir oğlu ölkəni birdəfəlik tərk edib. Onun sözlərinə görə, Ziya Məmmədovla bağlı qalmaqal başlayan ərəfədə Anar Məmmədovun ailəsi Ingiltərəyə gedib. Bir müddət sonra nazir oğlu özü də ölkəni tərk edib. Görünür, Elton Məmmədovun bu məsələdən xəbəri yoxdur. Yaxud da məlumatı təkzib etməklə çaşqınlıq yaratmağa çalışır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar