Onun səlahiyyətləri əlindən alınaraq Natiq Əmirova verilib
Ölkə başçısı Ilham Əliyevin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun səlahiyyətləri bir müddət əvvəl prezidentin iqtisadi islahatlar üzrə köməkçisi təyin edilən Natiq Əmirova verilib. Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Əli Əsədovun vəzifəsi faktiki formal xarakter daşıyır. Ehtimal olunur ki, yaxın vaxtlarda o tutduğu vəzifəsindən uzaqlaşdıralacaq.
Qeyd edək ki, hələ Natiq Əmirov Ilham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi təyin edilərkən “Azadlıq” mötəbər mənbələrin verdiyi məlumatlar əsasında bunu Əli Əsədovun vurulmasının tərkib hissəsi qiymətləndirmişdi.
Qeyd edək ki, keçmiş MTN şefi Eldar Mahmudovla qohumluq əlaqələri, onun nazir təyin olunmasında xüsusi rolu olan Əli Əsədov “MTN işi”ndən sonra küncə sıxışdırılıb. Hər halda bir vaxtlar Ilham Əliyev Bakıda abadlıq-quruculuq işləri ilə tanış olarkən onun müşayiət edən Əli Əsədov artıq bir neçə aydır ki, gözə dəymir. Bu da ölkə başçısının Əli Əsədova etimadının itməsilə izah olunur.
Əli Əsədov həm də Prezident Administrasiyası (PA) rəhbərinin müavini vəzifəsi tutur. Nəzərə alsaq ki, PA rəhbəri Ramiz Mehdiyevlə Eldar Mahmudov arasında həmişə ziddiyyətlər olub, o zaman ehtimal etmək olar ki, Əli Əsədov bu vəzifədən də çıxarılacaq.