Əgər general qohumunun cəzası 30 sutkadırsa…

27-02-2016, 11:46   


General qohumuSeymur Həziyə, Məmməd Ibrahimə bəraət verilməlidir

Hakimiyyət bir qayda olaraq beynəlxalq təşkilatları, Qərb ölkələrini ikili standartlarda, qərəzdə, Azərbaycana qarşı fərqli mövqe tutmaqda ittiham edir. Təbii ki, bu ittihamların səbəbləri aydındır və hakimiyyət demokratiyadan qaçmaq üçün belə “sığınacaq”lar tapır.

Reallıq isə budur ki, bütün məsələlər ikili standartlardan yanaşan, qərəzli, ədalətsiz olan bu hakimiyyət özüdür. Bu ölkədə qanunun qüvvəsi adamlara görə dəyişir. Hansısa vəzifəlinin oğlu adam öldürəndə şərti cəzayla azadlığa buraxılır, hansısa müxalifətçi kiməsə bir şillə vuranda 5-6 il həbs cəzası alır. Yaxud bir müxalifətçi avtomobillə birinə toxunanda 3 il həbs edilir, amma avtomobillə adam öldürən deputat sürücüsü azadlıqda gəzir.


Biz, kiminsə həbs olunmasının, zindan həyatı yaşamasının tərəfdarı deyilik. Sadəcə olaraq bilmək istəyirik ki, “ikili standartlar” deyib şüvən salan, dünyanı qərəzdə ittiham edən hökumət özü niyə ayrı-seçkiliklə məşğul olur? Qaradərililərin öldürülməsindən dəm vuranlar, ölkəni niyə “ağlar və qaralara” bölüblər?

Necə olur ki, küçədə bir nəfərə şillə vurmaqda ittiham olunan Seymur Həziyə 5 il 6 ay həbs cəzası verilir, vətəndaşı bıçaqlayan general oğlu azadlıqda gəzir? Necə olur ki, 1 milyonluq mandat alverində ittiham olunan Gülər Əhmədova 3 il həbs cəzası alır və 1 ildən sonra azadlığa çıxır, amma ortada heç bir zərərçəkən olmadığı halda Qarabağ qazisi Asif Yusifli 7 il həbs cəzası alır? Necə olur ki, milyonlarla vergi borcu olan iri şirkət rəhbərləri azadlıqda gəzir, amma “vergidən yayınma”da ittiham olunan Intiqam Əliyev, Anar Məmmədli və digərləri ən ağır cəzaya məhkum edilir? Necə olur ki, zərərçəkmişin, şikayətçinin olmadığı halda Cəmil Həsənlinin qızına qarşı əsassız məhkəmə hökmləri peyda olur?

Bu necə hüquqdur, qanundur, məhkəmədir ki, vəzifəli adamlara, hökumətdə təmsil olunanlara humanist, kasıb-kusuba, haqqını tələb edənə, müxalifət fəalına qarşı qəddar olur? Azərbaycan hakimiyyətinin humanistliyi adam bıçaqlayanı həbsdən azad edib, adamları sevənləri həbsə salmaqdan ibarətdir.

Əslində hakimiyyətin “humanist”liyinə yüzlərlə nümunə göstərmək olar. Amma 1-2 fakt da kifayət edir ki, qərəzin, ikili standartların zirvəsində məhz hakimiyyətin oturduğu sübut olunsun. Bu faktlar da göstərir ki, hakimiyyət öz vətəndaşına qarşı acımasızdır, sadə insanların taleyi bunlar üçün önəm daşımır və qanun adı altında insanların həyatını zəhərləməklə məşğuldular.

Son olaraq isə hakimiyyətin ikili standartı Məhərrəm Əliyevin qohumunun işində üzə çıxdı. Belə ki, yanvarın 25-i paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranmışdı. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk etmişdilər. Araşdırmalar nəticəsində məlum oldu ki, mühafizəçini döyənlər general-leytnant Məhərrəm Əliyevin qohumudur. Ona görə də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Isa Əzizov və Mahir Isgəndərov barəsində 30 sutka inzibati həbs qərarı çıxarıldı. Iki gün öncə isə hər iki şəxs həbs müddətini başa vurub, azadlığa çıxdı. Necə olur ki, AXCP Rəyasət Heyətinin üzvü Məmməd Ibrahim kiməsə şillə vurduğuna görə cinayət məsuliyyətinə cəlb olunur, amma generalın qohumu vətəndaşı şil-küt etdiyinə görə 30 sutkayla canını qurtarır? Bu necə ədalətdir, necə qanundur, necə hüquqdur ki, insanlar arasında fərq qoyur? Əgər general qohumunun cəzası 30 sutkalıq həbsdirsə, Seymur Həziyə, Məmməd Ibrahimə bəraət verilməlidir.

Göründüyü kimi, bu hakimiyyətin dünyanı ikili standartlarda, qərəzdə suçlamağa haqqı yoxdur. Əslində hakimiyyət günahsızları cəzalandırıb, günahkarları cəzasız qoymaq üçün demokratiyadan qaçır. Deməli, dünyaya “ikili standartlar”, “ayrı-seçkilik” ittihamları yağdırmaqda məqsəd, ölkə vətəndaşına qarşı qərəzli münasibət sərgiləyə bilmək, rahat şəkildə ayrı-seçkilik etməkdi.

Indi necə edək? Axı, hamının atası, əmisi, qohumu general, nazir, icra hakimi ola bilməz. Deməli, bu ölkədə ədalətli mühakimə edilmək üçün vəzifəli qohumun olmalıdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar