Ləğv olunmuş Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbəri, general-leytenant Vəli Ələsgərov və digər yüksək rütbəli məmurların, generalların işi üzrə istintaqdan yeni məlumatlar var.
Xatırladaq ki, Naxçıvan Daxili İşlər Nazirliyi (DİN) və Prokurorluğu tərəfindən yaradılmış birgə istintaq qrupu tərəfindən aparılan cinayət işi çərçivəsində sabiq nazirin özünün və yaxın ətrafının, həmçinin bir neçə nüfuzlu generalın, onların qardaşlarının əməlləri araşdırılır. Bu şəxslər arasında Vəli Ələsgərovun qardaşı Əli Ələsgərov, MR Gömrük Komitəsinin sədri Asəf Məmmədovun qardaşı Yusif Babayev və onların biznes şəriki Fəxrəddin Quliyev də var (Sonuncu Eldar Mahmudovun kəndçisi və yaxın adamıdır-red). F.Quliyev əvvəllər Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən korpusunun ərzaq xidməti rəisi olub.
İstintaqla müəyyən olunub ki, bu şəxslər əsasən Vəli Ələsgərovun himayəsi altında maraq qrupu formalaşdıraraq, bir sıra fırıldaq vasitələrlə – hərbinin adından sui-istifadə, gömrük və vergi rüsumlarından yayınma, qaçaqmal yolu ilə külli miqdarda vəsaiti dövlət büdcəsindən yayındırıb və talayıblar. Məsələn, MR Gömrük Komitəsinin sədri Asəf Məmmədovun yaratdığı şərait nəticəsində bu “üçlük” heç bir maneə ilə üzləşmədən illərdir Bakıdan Naxçıvana hərbinin adı ilə un daşıyıb, orda müəyyən yayındırma üsulları ilə bu unu özlərinə məxsus çörək zavodlarında istifadə edərək, yaxud yerli istehsal adı altında özlərinin un dəyirmanları vasitəsi satışa çıxararaq, külli miqdarda pul qazanıb. Eyni üsulla Naxçıvana toyuq əti və digər ərzaq məhsulları da daşınıb.
Bütün bunlar isə Vəli Ələsgərovun vəzifəsindən uzaqlaşdırılmasından sonra üzə çıxıb.
siaphoto_457457“AzPolitika”ya daxil olan məlumata görə, MR Ali Məclisinin sədri Vasif Talıbovun ən inanılmış adamları kimi tanınan məmurları, generalları əhatə edən bu cinayət işinin istintaqı bitmək üzrədir. Artıq xəbər verdiyimiz kimi, Gömrük Komitəsinin sədri Asəf Məmmədov, qardaşı Yusif Babayevin istintaqdan yayındırılmasına nail olub. Belə ki, Naxçıvanın hansısa “Abadlaşdırılması fondu”na təxminən yarım milyon (!) ödəniş edən və 120 min manat vergidən yayınmaya görə cərimələnən Y.Babayev, istintaq tərəfindən sərbəst buraxılıb. Buna baxmayaraq, A.Məmmədovun etibarı ciddi şəkildə zədələnib. Uzun illərin dostu olmalarına baxmayaraq, Gömrük Komitəsinin sədrinin xeyli vaxtdır əfv diləmək üçün V.Talıbovun qəbuluna düşməyə cəhd etdiyi, lakin buna nail olmadığı bildirilir.
Vəli Ələsgərovun qardaşı Əli Ələsgərov isə MR-dəki bütün obyektlərindən – “Əylis” quşçuluq fabriki, dəyirman, çörək zavodu, Culfa və Babək rayonları ərazisində yerləşən gəc zavodları, restoran və mağazalarından imtina etdikdən sonra, 300 min manat da vergidən yayınmaya görə cərimələnib, qısa müddətdə bu pulu ödəməzsə, həbs olunacağı gözlənilir.
“Üçlüyün” son “ayağı” Fəxrəddin Quliyev isə himayədarlarının (?) əleyhinə ifadə verməkdən imtina edərək, bütün məsuliyyəti öz üzərinə götürüb. Digər şərikləri kimi, yuxarıda barəsində danışdığımız “fonda” təxminən 1 milyon (!) ödəniş etdikdən və vergi cərimələrini ödədikdən sonra sərbəst buraxılan F.Quliyev, 2 gün əvvəl Naxçıvandan Bakıya uçub, burdan isə Ukrayna istiqamətində hərəkətini davam etdirib. F.Quliyevin Ukraynada çox böyük biznesi olduğu haqda məlumatlar var.
Beləliklə, görünən odur ki, Naxçıvanda nüfuzlu məmurların, generalların himayədarlıq etdiyi və ən yaxınlarından ibarət dəstənin cinayət işinin istintaqı “azərbaycansayağı” yekunlaşmaq üzrədir. “Güclü bəndlər” öz yaxınlarını, müəyyən qədər də elə özlərini xilas etməyə nail oldular (Lakin sözsüz ki, bu işə bulaşan məmurların, generalların etibarı ciddi şəkildə zədələndi və çox çətin ki, onlar MR rəhbərinin qəzəbindən tam qurtula bilsinlər-R.Ə)
Ortada qalan isə ən “zəif bənd”dir. Söhbət Vəli Ələsgərovun qardaşından gedir. Çox böyük ehtimalla, onun da taleyi qardaşının – Vəli Ələsgərovun özü ilə bağlı qərardan asılı olacaq.
1394551620Yeri gəlmişkən, V.Ələsgərovun istintaqı da davam etməkdədir. İstintaqın əlində müəyyən materiallar var və bəzi suallara cavab tapılmalıdır. Aparılan bu dərin araşdırmadan sonra Naxçıvanın MTN başçısının öz rəhbərinə xəyanət edib-etmədiyi məlum olacaq.
V.Ələsgərov MR rəhbərini və onun ailə üzvlərini dinləməkdə, mütəmadi olaraq onlarla bağlı Bakıya – Eldar Mahmudova dosyelər ötürməkdə şübhəli bilinir. Bundan başqa, V.Ələsgərovun MTN rəhbərlərindən biri ilə telefon danışığında Vasif Talıbovla bağlı sərt və təhqiredici sözlər işlətdiyi, bu söhbətin audioyazısının MR rəhbərinə təqdim olunduğu haqda da məlumatlar var.
Bir başqa iddiaya görə isə, Vasif Talıbova V.Ələsgərovun hansısa xarici dairə ilə (İstisna deyil ki, söhbət Eldar Mahmudovun bağlı olduğu xarici qüvvədən gedir-R.Ə) gizli əlaqələrini sübut edən fotolar təqdim olunub və MTN başçısı bundan sonra vəzifəsindən azad olunaraq, nəzarət altına alınıb.
Rasim ƏLİYEV
AzPolitika.info