Məlum olduğu kimi “Azərbaycan Respublikası Prezidentinin “Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncamına əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin vahid tarif cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 % artırılmışdır.
Artıq fevralın sonudur və, digər sosial təbəqələr kimi, devalvasiya və inflyasiyadan əziyyət çəkən təhsil işçiləri, əmək haqlarını 10 faizlik artımla alacaqlarını düşünürdülər. Amma indi məlum olur ki, artım müəllimlərin heç də hamısına aid edilmir. Belə ki, Day.Az bildirdiyinə görə, bu barədə report-un sorğusuna Təhsil Nazirliyinin mətbuat xidmətindən cavab olaraq bildirilib ki, “Azərbaycan Respublikası Prezidentinin “Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2016-cı il 18 yanvar tarixli 1709 nömrəli sərəncamına əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən keçmiş müəllimlərin əməkhaqqı Vahid Tarif Cədvəli əsasında ödənilmədiyi üçün qeyd olunan artım həmin müəllimlərə şamil olunmur”.
“Basta”ya daxil olan digər məlumata görə nəinki diaqnostik qiymətləndirmədən keçən müəllimlərin, digərlərinin də, o cümlədən təhsil müəssisələrinin texniki heyətlərinin də əmək haqlarında artım gözlənilmir. Mənbəmiz bildirir ki, dövlət başçısının məlum sərəncamından sonra Nazirlər Kabineti müvafiq sənəd hazırlayıb Maliyyə Nazirliyinə və nazirliyin yerli idarələrinə göndərməliydi. Həmin sənəd göndərilmədiyindən, yəni faktiki olaraq prezidentin sərəncamı Nazirlər Kabineti tərəfindən nəzərə alınmadığından, fevral ayının əmək haqları cədvəlləri mühasiblər tərəfindən ənənəvi qaydada hazırlanaraq maliyyə idarələrinə təqdim edilmişdir. Mənbə iddia edir ki, maliyyə böhranı yaşandığı üçün qeyd olunan sərəncam ümumiyyətlə nəzərə alınmayacaq.
Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.
bastainfo.com