Pirverdiyev hökumətin “yeni iş yerləri” kələyini ifşa etdi

29-02-2016, 09:33   
Pirverdiyev hökumətin “yeni iş yerləri” kələyini ifşa etdi

«Azərenerji»də yeni iş yerləri necə yaradılır və onların əmək haqqı məsələsi necə həll olunur?

Azərbaycan hakimiyyətinin təbliğatını apardığı “yeni iş yerləri” ilə bağlı redaksiyamıza şok sənədlər daxil olub. Əvvəlcə yada salaq ki, 21 dekabr devalvasiyasından sonra hakimiyyət böhranın qarşısını almaq üçün real addımlar atmaqdansa, imitasiya ilə cəmiyyəti aldatmaq yolunu tutub.

Kütləvi ixtisarların getdiyi bir vaxtda ölkə başçısı işsiz qalanları dövlət qurumlarında işləməyə dəvət etdi. Onun bu çağırışından sonra “yeni iş yerləri” ilə bağlı kampaniyaya start verildi. Rayonlarda əhali məşğulluq idarələrinin qarşısına toplaşdı. Bəzi bölgələrdə, xüsusilə Gəncədə bu toplantılar aksiyaya çevrildi. Həmçinin bəlli oldu ki, məşğulluq idarələrinin qarşısına toplaşan insanlar dövlət qurumlarına göndərilsə də, onlara “iş yoxdur” cavabı verilib. Lakin bütün bunlara baxmayaraq hakimiyyət inadla bu kampaniyanı davam etdirir.


Dünən redaksiyamıza “Azərenerji”də bu prosesin getdiyini əks etdirən sənədlər daxil olub. Sənədlərdən aydın olur ki, İlham Əliyevin “yeni iş yerləri” ilə bağlı bəyanatından az sonra, daha dəqiqi fevralın 19-da “Azərenerji”nin prezidenti Etibar Pirverdiyev əmr imzalayıb. Həmin əmrdən bəlli olur ki, Pirverdiyev ölkə başçısının çağırışına uyğun olaraq “yeni iş yerləri” açıb. Əmr verib ki, hansısa tikinti və abadlaşdırma sahələri yaradılsın, işdən çıxarılan işçilər həmin sahədə işlə təmin olunsun. Beləliklə, energetiklər tikinti ilə məşğul olacaqlar. Bəs onların əmək haqqı məsələsi necə həll olunacaq? Bu sualın cavabı Etibar Pirverdiyevin növbəti əmrində və “Azərenerji”nin baş mühəndisi Həsən Həsənovun bu əmrə müvafiq olaraq qurumun bütün strukturlarına verdiyi göstərişdədir. Etibar Pirverdiyevin növbəti əmri vahid tarif cədvəlinin tətbiq edilməsi barədədir. Qeyd edək ki, biz bu əmri “ikinci əmr” adlandırsaq da, Etibar Pirverdiyev onu “iş yerləri” barədə əmrdən əvvəl imzalayıb: fevralın 16-da. Həsən Həsənov isə bu əmrə müvafiq olaraq göstəriş verib ki, “Azərenerji” ASC-də rəhbər vəzifələrdə çalışan işçilərin (direktor, direktor müavinləri, baş mühasiblər, baş mühəndislər, baş mühəndislərin müavinləri) əmək haqları maksimum həddə, işçilərin maaşları isə minimum həddə müəyyən edilsin.

Beləliklə, aydın olur ki, işçilərin maaşını kəsməklə yeni işə götürülənlər əmək haqqı ilə təmin olunacaq. “Azərenerji”nin rəhbər şəxslərinin maaşları isə yuxarıda qeyd olunduğu kimi, maksimum həddə təyin olunub.

Redaksiyamıza daxil olan məlumatlara görə, digər dövlət qurumlarında da “yeni iş yerləri” bu sayaq yaradılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar