Heç kim hakimiyyətin səmimiyyətinə inanmır
Artıq hakimiyyətin nağılları sona çatıb. Daha doğrusu heç kim bu nağıllara inanmır. Uzun illər ərzində yürüdülən anti-xalq siyasəti, yalançı təqdimatlar, daxili və xarici auditoriyanı çaşdırmaq cəhdləri effekt vermir. Indi hökuməti bütün dünyada öz adıyla çağırırlar. Nə qədər gizlətməyə çalışsalar da, nə qədər təkzib etsələr də həqiqi mahiyyətlərini gizlədə bilmədilər. Indi bütün dünya bilir ki, bu ölkədə 100-ə yaxın siyasi məhbus var, seçkilər saxtalaşdırılır, korrupsiya tüğyan edir, qanunlar işləmir və s. Eyni zamanda hamıya aydındır ki, hakimiyyət komandası anti-xalq mövqeyindədir, hər hansı müsbət addım atmağa siyasi iradə yoxdur və hökumətin başında duran adam problemləri həll etmək iqtidarında deyil.
Xatırlayırsınızsa, bir müddət əvvəl ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar demişdi ki, hakimiyyət komandası monolit deyil. Bu fikirlərdən sonra hökumət Morninqstara qarşı əks-hücuma keçsə də, nəticə göstərdi ki, o haqlıymış.
Bugünlərdə isə hökumətin içüzünü Ingiltərənin “Dailiy Mail” qəzeti ortaya çıxardı. Qəzet “Azərbaycan lideri neft böhranı dövründə atasından qalan mirasın girovudur” başlıqlı məqalə dərc etdi. Məqalədə Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gilin fikirləri də yer alıb. Steynar Gil “Doğrudanmı Ilham Əliyev real dəyişikliklər istəyir?” sualına belə cavab verib: “Mən buna şübhə edirəm. Əgər o, real dəyişikliklər istəsəydi, bu qədər qocaları vəzifədə saxlamazdı. Bu rejim sanki dondurulub. Ilham Əliyev həyatının çox hissəsini atasının kölgəsində keçirib. Mən əminəm ki, Ilham Əliyev nə isə etmək lazım olduğunu başa düşür. Lakin onun bunu həyata keçirmək qabiliyyətində olduğunu düşünmürəm. Problem ondadır ki, Ilham Əliyevə atasından miras qalmış komanda buna imkan vermir. Ilham Əliyev də onlarla vidalaşmağa həvəsli görünmür”.
Bəli, Norveçin keçmiş səfiri Ilham Əliyevi belə xarakterizə edir. Əslində, bu fikirlər keçmiş səfirin ağlına qəfildən gəlməyib. Sadəcə müşahidə etmək kifayətdir ki, hökumət və onun başında duran adam haqqında nəticə çıxardasan.
Kənardan baxan da başa düşür ki, real islahat aparmaq istəyən, korrupsiyanın kökünü kəsmək niyyətində olan, monopoliyanı ləğv etmək istəyən adam bu formada idarə etməz. Bugünə qədər korrupsiyada, monopoliyada, talançılıqda ittiham olunana adamların heç biri cəzalandırılmayıb. Yaxud, ən ağır cinayətlərdə ittiham edilən Eldar Mahmudov hələ də azadlqıda gəzir. Və ya mandat alveriylə bağlı görüntülər yayılır, hökumətin əsas adamlarının adı bu cinayətdə hallandırılır və ölkə başçısı bütün bunlara susmaqla reaksiya verir. Iri məmurların biznes imperiyası haqqında məlumatlar yayılır və həmin məmurlar daha da yuxarı postlara çəkilir. Hakim ailənin biznes imperiyası haqqında beynəlxalq araşdırma ortaya çıxır və ölkə başçısı yenə də susur. Nə təkzib var, nə də təsdiq. Bütün bunları görən xarici müşahidəçi də sağlam nəticə çıxartmaq üçün çətinlik çəkmir.
Məsələ bununla da bitmir. Uzun illərdi ölkədə Rəqabət Məcəlləsi haqqında qanun qəbul edilmir, Tibbi sığorta haqqında qanun hələ də kağız üzərində dövr eləyir, qanunsuz tikililərin sənədləşdirilməsi məsələsi hələ də həllini tapmır, gəlir deklorasiyası haqqında qanun tətbiq olunmur. Yəni, ölkə başçısı qətiyyət nümayiş etdirib bu mühüm məsələlərin həlinə nail ola bilmir. Hansıki, bu qanunların qəbul edilməsi korrupsiyanın qarşısını ala bilər. Digər tərəfdən ölkə başçısı öz imzalandığı sərəncamları da ləğv edir. Əvvəlcə spirtli içkilərin kartla satışı haqında sərəncam verildi və sonra ləğv olundu. Daha sonra qərar verildi ki, 10000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallar gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçiriləcək və bir neçə gün sonra bu qərar da ləğv olundu. Bunun ardınca qərar verildi ki, ölkədən 50 min dollardan artıq pul aparanlar, 20 faiz vergi ödəyəcək. Qsıa müddətdən sonra bu qərar da ləğv olundu. Yəni, ölkə başçısı imzaladığı sərəncamların da arxasında dayana bilmir və qeyri-ciddi təəssürat yaradır.
Artıq ölkə daxilində də, ölkə xaricində də qənaət formalaşıb ki, bu hakimiyyət ciddi islahat apara bilməz və ölkə başçısının bütün fəaliyyəti imitasiyadır.
Akif