İlham Əsgərli düz 6 aylıq həbsdən sonra cəza çəkməkdən azad edilib
Onun törətdiyi qəzaya görə həbs olunan yük maşınının sürücüsü isə 6 illik cəzanı çəkməkdə davam edir
Səbail rayonunun keçmiş, Nəsimi rayonunun isə hazırkı icra başçısı Asif Əsgərovun oğlu həbsdən buraxılıb. Bu barədə “Azadlıq”a məlumat verən mənbə bildirib ki, Ilham Əsgərli səhhətindəki problemlər əsas gətirilərək cəza çəkməkdən azad edilib.
Xatırladaq ki, 1998-ci il təvəllüdlü Ilham Əsgərli “Mc Donald’s”ın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin ölümü ilə nəticələnən yol qəzasına görə həbs olunmuşdu. Hadisə 2014-cü il sentyabrın 27-də Türkan-Zığ yolunda baş verib. Birlikdə təhsil alan və dost olan Ilham Əsgərli ilə Sənan Mirzəyev həmin gün Şüvəlana “Paintball” oynamağa gediblər. Ilham Əsgərlinin idarə etdiyi “Mercedes S500″ markalı avtomobil yolda arxadan Əhliman Süleymanovun idarə etdiyi ”Howo” markalı yük maşını ilə toqquşub. Nəticədə Sənan Mirzəyev dünyasını dəyişib, Ilham Əsgərli, eləcə də hadisə zamanı maşında arxa oturacaqda olmuş sürücüsü Pərvin Fətullayev isə xəsarət alıb.
Bu hadisə ilə əlaqədar Ilham Əsgərli ilə yanaşı, yük maşınının sürücüsü, Qəbələ rayonunun Karxana kənd sakini Əhliman Süleymanov da məsuliyyətə cəlb olunub. Hərçənd, cinayət işinin materiallarında da rəy var ki, Ilham Əsgərli avtomobili 200 km. saat/sürətlə idarə edib və ötmə qaydasını pozub, nəticədə də arxadan yük maşınına dəyib. Sürət elə bir həddə olub ki, toqquşma nəticəsində yük maşınını yoldan çıxarıb kənardakı qumsallığa aşırıb.
Həm Ilham Əsgərli, həm də Əhliman Süleymanov ibtidai istintaq və bu işə məhkəmədə baxıldığı dövrdə azadlıqda olub. Təqsirləndirilən şəxs qismində tanınsalar da, Ilham Əsgərli barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri, Əhliman Süleymanov barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Ilham Əsgərli avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb ki, bu maddənin də sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub. Əhliman Süleymanov isə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilirdi ki, bu maddədəki əməl 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ilham Əsgərliyə 5 il 6 ay, Əhliman Süleymanova isə 6 il həbs cəzası verildi. Başqa sözlə, yük maşınının sürücüsünə icra başçısının oğlunun qarşısına çıxdığına görə ən ağır cəza verildi…
Onların hər ikisi 2015-ci il mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunan gün məhkəmə zalında həbs olundular.
Sonradan – iyunun 29-da Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulov CM-nin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin etmə) maddəsini tətbiq edərək, icra başçısının oğlunun cəzasını 3 ilə endirdi. Amma Əhliman Süleymanova verilmiş maksimum cəza elə olduğu kimi saxlanıldı.
Ədliyyə Nazirliyinin vəzifəli şəxsləri nə yazıb?
“Azadlıq”a daxil olan məlumata görə, Ilham Əsgərli həbs olunandan sonra Kürdəxanıdakı istintaq təcridxanasının tibb-sanitariya hissəsinə yerləşdirilib. Qəza zamanı aldığı xəsarətlə əlaqədar Ilham Əsgərli həbs olunarkən də, ondan sonra təcridxanada da qoltuq ağacı ilə hərəkət edirmiş. O, daha sonra – iyulun 6-da Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Elə həmin ərəfədə onun vəkili Cabir Mehrəliyev ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edib və “cəzanın çəkilməsinə mane olan xəstəliyilə əlaqədar cəzanı çəkməkdən azad edilməsinə dair” qərar çıxarılmasını istəyib. Ədliyyə Nazirliyinin Baş Tibb Idarəsinin rəisi Rəfael Mehdiyevin sədrliyilə, idarənin rəis müavini Iftixar Qurbanovun da daxil olduğu komissiya rəy verib ki, “Müalicə Müəssisəsində aparılan müalicələr effektiv olmayıb, onun müalicəsinin xüsusi şəraitli ixtisaslı tibb müəssisəsində həyata keçirilməsi zəruridir. Penitensiar Xidmətin tabeliyində olan Müalicə Müəssisəsində belə şərait yoxdur. Ilham Əsgərlinin xəstəliyilə əlaqədar müalicəsi isə davam etdirilməlidir. Əks təqdirdə, xəstəliyi ən yaxşı halda, onun sol aşağı ətraf oynağında hərəkət məhdudluğuna, əmək qabiliyyətinin itirilməsinə və əlil olmasına gətirib çıxara bilər”.
Iftixar Qurbanov Sabunçu Rayon Məhkəməsinə bu rəylə yanaşı, özünün ayrıca məktubunu da göndərib və məktubda da icra başçısının oğlunun şəxsi keyfiyyətləri barədə fikirlərini bildirib. Məsələn, onun ilk dəfə cinayət törətdiyini və bu əməlin ehtiyatsızlıqdan törədilmiş cinayətlər kateqoriyasına aid olduğunu, həbsdə olduğu müddətdə özünü tərbiyəli, intizamlı, daxili rejim qaydalarına əməl edən şəxs kimi göstərdiyini yazıb.
Xəstəliyi cəza çəkməyə imkan vermir
Məhkəmənin hakimi Anar Qasımov da 12 noyabr 2015-ci ildə CM-nin 78.2-ci (cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər) maddəsinə əsaslanaraq, Ilham Əsgərlinin cəzadan azad edilməsinə dair qərarı imzalayıb. Beləliklə, icra başçısının oğlu həbs olunduqdan düz 6 ay sonra cəzadan azad edilib.
Prokuror Ceyhun Kazımov Ilham Əsgərlidə “Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilməsi üçün əsas olan xəstəliklər siyahısı”ndakı ağır xəstəliyin aşkar edilmədiyini əsas gətirib və Sabunçu Rayon Məhkəməsinin qərarından protest verib. Amma Bakı Apelyasiya Məhkəməsində Faiq Qasımovun sədrliyilə hakimlər kollegiyası bu protesti əsassız sayıb və Ilham Əsgərlinin cəzadan azad edilməsinə dair qərarı qüvvədə saxlayıb.
Prezidentə müraciət
Onu da qeyd edək ki, apelyasiya instansiyasında icra başçısının oğlunun cəzası azaldılandan sonra “Mc Donald’s”ın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyev prezidentə belə bir məzmunda məktub yazmışdı: “Əsgərli Ilhamın atası dövlətin ona veridiyi vəzifədən sui-istifadə edərək məhkəmələrə təsir göstərib, oğlunun vəziyyətini yüngülləşdirmişdir.
Xahiş edirəm, Əsgərli Ilham Asif oğlunun vaxtından əvvəl cəza cəkməkdən azad edilməsinə yol verməyəsiniz”.
Yük maşınının sürücüsü ədalət istəyir
İndi isə yük maşınının sürücüsü Əhliman Süleymanov barədə. O, həbs olunandan sonra bir müddət Kürdəxanı təcridxanasında saxlanılsa da, sonradan 14 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Üç və iki yaşlı iki körpə qız atası olan Əhliman Süleymanovun uşaqlarından birinin gözdən əlil olduğu bildirilir. Əldə etdiyimiz məlumata görə, Ilham Əsgərlidən fərqli olaraq, Əhliman Süleymanov Ali Məhkəməyə kassasiya şikayəti verib. Şikayətdə günahsız olduğunu, ona ən ağır cəzanın verildiyini, bunun məhkəmənin ədalət prinsipilə qətiyyən bir araya sığmadığını göstərib. Məlumatda qeyd olunur ki, dekabrda kassasiya şikayətinə baxılıb və Ali Məhkəmə Əhliman Süleymanovun şikayətini təmin edib. Əhliman Süleymanov barədə qərar ləğv olunub və iş yenidən baxılması üçün təkrar Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb. Hələ ki, işə baxılmayıb. Bu səbəbdən Əhliman Süleymanov həbsdə qalmaqda davam edir…
İnformasiya şöbəsi