Eldar Mahmudovun kriminal çetesinin ifşasından sonra mediada ən çox adı hallandırılanlardan biri də “Azəriqazbank”ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayev oldu. Eldar Mahmudovun “vurulması”nın ardından “Azərqazbank”da şübhəli hesabların üzə çıxması ilə bağlı xəbərlər yayılmağa başladı. Həmin ərəfədə Ç.Əsədullayevin 90 saylı Ağdaş seçki dairəsindən deputat seçilməsi də əngəlləndi. Ardınca isə bankda yoxlamaların aparılması xəbəri də gəldi.
İstiqlal.az-a daxil olan məlumatlara görə “MTN işi” üzrə araşdırmaların bir ucu da “Azəriqazbank”a uzanır. Belə məlumatlar var ki, Eldar Mahmudov MTN-ə rəhbərlik etdiyi dövrlərdə qurumda ayrı-ayrı iş adamlarından alınan pullar “Azəriqazbank”a daşınaraq oradakı hesablara yatırılıb. Bu əməliyyatlara Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudov rəhbərlik edib. MTN-də yığılan rüşvət pulları kisələrə doldurularaq banka rahat daşınmasına hazırlıq görülürmüş. Ç.Əsədullayevin Şahin adlı sürücüsü onun xidməti maşını – qara rəngli, Az 10 JO 900 nömrə nişanlı “Mutsibishi Pajero” ilə həftədə bir neçə dəfə MTN-ə gedərək oradan maşına yüklənən pul dolu kisələrlə banka qayıdıb. Pulun sürücüyə təhvil verilməsinə də Vüqar Mahmudov nəzarət edib. Sonradan “qara pul”lar xaricdəki bank hesablarına ötürülüb.
Buna qədər də mətbuatda “Azəriqazbank”da baş verən qanunsuzluqlar, neqativ hallar, müştərilərin aldadılması, qanunsuz pul köçürmələri və digər bu kimi hallar barədə müxtəlif yazılar dərc olunurdu. Ç.Əsədullayev deputat olduğu dövrlərdə adı Beynəlxalq Bankın dövlətin milyardlarla manat vəsaitinin talan edilməsi üzə çıxdıqdan sonra gündəmə gəlmişdi. “Beynəlxalq Bank işi”ndə dindirilən iş adamları arasında Çingiz Əsədullayevin də adı keçirdi. Deputat-bankir yayılan məlumatları təkzib etsə də, onun məhz Beynəlxalq Bankda külli miqdarda mənimsəmə faktlarına görə hədəfə gəldiyi şübhə doğurmurdu.
Bildirilirdi ki, Ə.Əsədullayevin də “maliyyə xəyanətlərində” iştirakı olub, Mahmudov-Hacıyev çetesi külli miqdarda pulları onun bankının vasitəsilə ölkədən çıxarıb. Belə demək mümkünsə, Çingiz Əsədullayevin bankı haqda sensasion ittihamlar hələ arxası “MTN dağına” söykənəndə də vardı. Ötən ilin iyununda Kaliforniya Universitetinin (“KrebsOnSecurity”) onlayn apteklərlə bağlı apardığı araşdırmalarında bəlli olmuşdu ki, internet üzərindən qanunsuz dərman satışı ilə məşğul olan onlayn apteklərin gəlirləri “tərəfdaşlıq” proqramları vasitəsilə əsasən “Azəriqazbank”da “yuyularaq” nağdlaşdırılıb.