Neftin ucuzlaşmasının ardınca başlayan iqtisadi böhran dərinləşdikcə Azərbaycanda yeni tendesiya müşahidə olunmaqdadır. Çoxları turizm sektorunun inkişafı naminə qollarını çırmayıb, ümudini turizm sektorunun inkişafına bağlayıb. Bu səbəbdən Azərbaycan üçün həyati önəm daşıyan aqrar, sənaye və digər sektorların inkişafı haqqında düşünənlər azdır.
Sözsüz, Azərbaycanın turizm imkanları genişdir, biz bu sektoru inkişaf etdirməklə ciddi nəticələr əldə edə bilərik. Ancaq indiki durumda yalnız bu sahəyə istiqamətlənmək doğru yanaşma sayıla bilməz. Digər sektorların inkişafı ilə bağlı da düşünmək zəruridir. Turizm sektorunun inkişafı xarici investisiyaların cəlb olunmasından, eyni zamanda dövlətimizin beynəlxalq aləmdəki nüfuzundan, xarici əlaqələrin inkişafından çox aslıdır. Dövlətimizi və millətimizi beynəlxalq aləmdə diplomatik nümayəndəliklər, diaspor qurumları təmsil edir. Ancaq bu sahədə son illər qazanılan uğurlarla yanaşı böyük boşluqlar da var. Digər sahələrdə olduğu kimi, burda da problemlər və düzəldilməsi vacib səhvlər çoxdur.
Ukraynayla əlaqələrim sıx olduğu üçün bu ölkədən təcrübəsini misal gətirmək istəyirəm. Etiraf etmək lazıdır ki, Ukraynada diasporumuzun da, səfirliyimizin də fəaliyyəti çox zəifdir. Başqa ölkələrdə olduğu kimi, Ukraynada da bir neçə Azərbaycan diaspor təşkilatları var və onların hər biri müstəqil fəaliyyət göstərir. Bu təşkilatların heç bir məsələ ilə bağlı koordinə edilmiş fəaliyyəti yoxdur. Ukraynada fəaliyyət göstərən diaspor təşkilatları öz nəaliyyətlərində yalnız bir-biri ilə müqayisə oluna bilərlər. Əminəm ki, bu təşkilatların potensialı daha çoxdur və onlar mövcud olduları cəmmiyətdə daha dayanıqlı mövqeyə sahib olmaq üçün siyasi aktivliklik göstərmək gücündədirlər.
İstənilən cəmiyyətdə milli azlıqlar öz iradələrini siyasi həyatda lobbiçilik formatında həyata keçirirlər. Çox təəssüf, biz hələlik bu formata keçid edə bilməmişik. Uğurlu fəaliyyət göstərmək və yaşadığımız cəmiyyətdə layiqli yerimizi tutmaq, eyni zamanda Azərbaycan üçün böyük işlər görmək naminə biz diaspor formatından çıxmalı və lobbiçilik formatında fəaliyyət göstərməliyik. Bu, bizim üçün yeni format olduğundan tamamilə başqa yanaşma tələb edir. Düşünürəm ki, bu işə Azərbaycana, dövlətimizin dünyadakı və regiondakı nüfuzuna simpatiya bəsləyən və mövqeyini bölüşən ictimai-siyasi xadimlərə dəstək göstərməklə başlamaq mümkündür.
Bir məsələni də xüsusi vurğulamağa ehtiyac olduğunu düşünürəm. Ukraynada ictimai-siyasi fəaliyyətlə məşğul olan azərbaycanlıların diqqəti hər zaman Bakıya yönəlikdir. Bəlkə də bu səbəbdən onlar siyasi aktivlik göstərməkdən hər zaman çəkinirlər. Fikrimcə, bəzi məsələlərdə koordinasiya səfirliyimiz tərəfindən də həyata keçirilə bilər. Ancaq Azərbaycanın Ukraynadakı səfirliyi həm rəsmi, həm də qeyri-rəsmi şəkildə bu məsələdən kənarlaşdırılıb.
Ukraynada ugurlu biznes fəaliyyəti ilə məşqul olan minlərlə azərbaycanlı var. Azərbacanlı biznesmenlər və sahibkarlar səfirliyimiz yanında biznes asossasiyası yaradaraq bu çətir altında birləşə, effektiv fəaliyyət göstərə bilərlər. Diaspor qurumlarımızın nüfuzunu, əlaqələri və imkanlarını ümumiləşdirilərək yeni hədəflər, məqsədlər müəyyənləşdirə, onların əldə edilməsi üçün birgə faəliyyət göstərə bilərik. Yetər ki, ortada bunun üçün siyasi iradə olsun. Bu halda bizneslə, ictimai-siyasi və diaspora fəaliyyəti ilə məşğul olan soydaşlarımızı bir araya gətirərək səfirliyimizin dəstəyi ilə Azərbaycan üçün böyük işlər görə biləcəyimizə inanıram.
İndi Ukrayna önəmli bir mərhələdən keçir. Bu səbəbdən rəsmi Bakı Ukraynadakı səfirin təyinatı məsələsinə son dərəcə həssas yanaşmalı, yeni təyinatın iki ölkənin gələcək siyasi və iqtisadi əlaqələrinin daha da sıx olması, soydaşlarımızın ictimai-siyasi aktivliyinin artırılması işində önəmli olduğunu diqqətə almalıdır. Unutmamalıyıq ki, Ukrayna Azərbaycanın strateji müttəfiqidir. Azərbaycan Ukraynadan hərbi-sənaye məhsulları da daxil olmaqla 1000-ə yaxın adda məhsul idxal edir. 2010-2013 illərdə Azərbaycan və Ukrayna arasında ümumi mal dövriyyəsi 1 milyard dollardan artıq olub. Bir dönəm isə bu rəqəm 2 milyard dollara yaxınlaşıb. Lakin 2014-cü ildən başlayaraq bu göstərici 500 milyondan aşagı düşüb. Buna səbəb son bir neçə ildə ölkələrimiz arasında rəsmi münasibətlərin inkişaf dinamikasının müşahidə olunmamasıdır. Bu münasibətləri yenidən yüksəltmək üçün rəsmi Bakının Ukraynada mövcud siyasi prosesləri incəliklərinə qədər bilən, yüksək analiz qabiliyyətləri olan məsləhətçilərə ehtiyacı var. İnanıram ki, doğru təyinatlarla Ukrayna-Azərbaycan münasibətlərini qısa zamanda daha keyfiyyətli mərhələyə çıxarmaq mümkün ola bilər.
Paşa Məmmədov
Ukrayna Qafqaz Xalqları Konqresinin sədri