Samir Şərifov açıq şəkildə iddiasını ortaya qoyub
Hakimiyyət daxilində baş nazirlik uğrunda savaş yenidən qızışıb. Redaksiyamıza daxil olan məlumata görə, artıq maliyyə naziri Samir Şərifov da açıq şəkildə iddiasını ortaya qoyub.
Qeyd edək ki, baş nazir postuna iddialılar sırasında əsasən nəqliyyat naziri Ziya Məmmədovun, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun və dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayevin adları çəkilirdi. Hazırda hər üç şəxsin şansları minimuma enib. Ziya Məmmədovla məsələ aydındır. Nəqliyyat naziri artıq etimadını itirib və ölkə başçısı Ilham Əliyev onu hissə-hissə “sökməklə” cəzalandırır. Rövnəq Abdullayevə gəlincə, neft şirkətinin prezidenti son aylar ard-arda bir neçə zərbə alıb. “Günəşli” yatağındakı yanğın, neft şirkətinin əsaslı kapital qoyuluşu idarəsinin rəis müavini Qiymət Mehdiyevin adının hallandığı “villa qalmaqalı” buna nümunə ola bilər. Rövnəq Abdullayevin başqa problemi də var. Söhbət onun nurçularla əlaqəli olması barədə iddialardan gedir. Bildirilir ki, hətta Rövnəq Abdullayevin baş nazir təyin olunması barədə ilkin qərar var imiş. Lakin Türkiyə onun nurçularla əlaqəli olması barədə iddialardan dolayı bu təyinata mane olub.
Kəmaləddin Heydərova gəlincə, son günlər onun nəzarətində olan Dövlət Gömrük Komitəsi ilə bağlı xoşagəlməyən faktlar ictimailəşdirilir.
Məlumatlara görə, rəqiblərinin şanslarının əvvəlki vaxtlara nisbətən xeyli aşağı olduğunun fərqinə varan Samir Şərifov da müxtəlif vasitələrlə onlara zərbə vurmağa çalışır.
Məlumatda deyilir ki, güman ki, yaxın vaxtlarda tərəflər arasında mübarizə açıq müstəviyə keçəcək.