«Bunlar insan cildində iblisdilər; onların haqsızlığı nəticəsində saysız-hesabsız ailələr dağılır, uşaqlar atasız qalır…»

8-03-2016, 10:12   
«Bunlar insan cildində iblisdilər; onların haqsızlığı nəticəsində saysız-hesabsız ailələr dağılır, uşaqlar atasız qalır…»
«Bizlər çox şey bilirik, amma dövlətimiz, dövlətçiliyimiz naminə danışmırıq…»

“AMAY” Ticarət Mərkəzinin sahibi, 2014-cü ilin aprelindən həbsdə olan iş adamı Abdulla Abdullayev dövlət başçısı Ilham Əliyevə müraciət edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il azadlıqdan məhrum edilmiş iş adamı prezidentə məmurlardan şikayətlənir.


“Bizlərə zor işlədib, həbsə salmaqdansa, bizlər qarşısında işsizliyin aradan qaldırılması, xarici iş adamlarının ölkəyə gətirilməsi öhdəliyini qoymaq daha məqsədyönlü olardı.

Bu gün artıq bu məmurlar cəmiyyətə, dövlətə qarşı laqeyd, qərəzli, maraqlar çərçivəsində aqressiv mövqedədilər. Onlar üçün insanların, dövlətin taleyinin dəyəri qalmayıb. Hətta sifarişlə qətl törətməyə də qadirdilər. Bizlər vətəndaş olaraq Sizin təminatınız altındayıq. Amma bu məmurlar hər cür ədalətsizliyə qadirdilər. Çünki bizləri dinləyən bir kəs yoxdur. Onun üçün istədikləri adamın mövqeyini dəyişməklə istədiklərinə nail olurlar. Lazım gələndə isə “bu yuxarının sifarişidir” deyirlər və bizləri ümidsiz, çarəsiz buraxırlar. Bizlərin də imkanı yoxdur ki, Sizə sözümüzü çatdıraq. Məktub yazırıq, bütün vasitələrə əl atırıq, lakin mümkün olmur. Bunlar istədikləri kimi hər şeyin qarşısını alırlar. Bu cür mövqe yalnız millətə, dövlətə düşmən olanlara aid olar”, – deyə Abdulla Abdullayev məktubunda yazır.

“AMAY Abdulla” məktubunda qeyd edir ki, “bizlər çox şey bilirik, amma dövlətimiz, dövlətçiliyimiz naminə danışmırıq”. Iş adamı bildirir ki, məmurların haqsızlıqları nəticəsində sayı-hesabı bilinməyən insanlar ümidsizliyə, çarəsizliyə qapanıb, ailələr dağılır, başsız qalan ailələr çətin vəziyyətə düşür, uşaqlar atasız qalır, iş yerləri bağlanır, iş adamları, o cümlədən sadə insanlar ölkəni tərk edir, ölkədə dəyərlər dəyərsizləşir: “Bu məmurlar maraqları üçün tək dövlətə, cəmiyyətə, Sizə xəyanət etmirlər, bu millətin, bu dövlətin gələcəyini məhv edirlər”.

Iş adamı yazır ki, onu faktiki rəhbər kimi öhdəliyi olmayan mülki xarakterli işə qanuna-zidd don geyindirərək 13 il həbs cəzası veriblər: “Məntiqsiz mövqe, cahil düşüncə, sifarişli yanaşma, qərəzli münasibət, maraqların yırtıcılığı… Minlərlə iş yerləri yaradan, işlədən təşkilatı nəyəsə görə məhv edib, insanları işsiz qoymaq, dövləti vergilərdən məhrum etmək olar? Qanun üstündə duranlardan, məmurlardan hansının malı, mülkü, biznesi yoxdur? Hansı faktiki rəhbər deyil? Əgər istəsəniz hamısının siyahısını, hətta küçələrdəki stolüstü satış yerlərini də açıqlaya bilərəm.

Bir qrup məmur “bu ölkə onlara məxsus olmalıdır” düşüncəsi ilə yaşayırlar. Bu cinayətkar dəstə lazım gələndə özlərini yuxarılara bağlayırlar. Əgər məsləhət olsa adlarını açıqlamağa hazıram. Amma təhlükəsizliyimə təminat verildikdən sonra…”

Abdulla Abdullayev qeyd edir ki, “AMAY” MMC özəl şirkətdir, nə dövlət layihələrində iştirak edib, nə də dövlət əmlakını mənimsəyib: “Azərbaycanda elə şirkətlər var ki, 300 milyon, 500 milyon, 1 milyard 300 milyon kredit götürüblər, təminatları da yox dərəcəsindədir, müddətləri də keçib. Hamısının arxasında məmurlar dayanıb. Hansı səbəbdən onlardan tələb olunması üçün cinayət işi açılmır, həbs olunmur, amma mənim heç bir məsuliyyətim, öhdəliyim olmadığı halda, mənə 13 il cəza verilir. Nə baş verir?

Bu krizis dövründə, bunların qarşısını yalnız Siz ala bilərsiniz. Bizlər, ümidin itirənlər yalnız Sizə inanırıq ki, bunları cəzalandıracaqsınız. Bu Allaha da xoş gedər. Bnların nə imanı, nə dini, nə də Allahı var. Bunlar insan cildində iblisdilər. Onların nə bu dünyası var, nə də o dünyası…

Mən günahsız məhkumam. Amma bu ölkənin vətəndaşıyam. Mən əminəm ki, yazdığım səmimi məktuba görə mənim mövqeyimə fərqli qiymət verəcəksiniz və məni bu məmurların sifarişlərindən, təzyiqlərindən, təhlükəsindən müdafiə edəcəksiniz”.

İnformasiya şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar