Ermənilərin Ağdamdakı kazarmalarında partlayan mərmilər...

11-03-2016, 14:01   

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xətti boyu gərginliyin növbəti eskalasiyası baş verdi. Xəbər verildiyi kimi Azərbaycan Müdafiə Nazirliyi martın 10-dan 11-nə keçən gecə Ermənistan ordusunun işğalçı birləşmələrinin təmas xəttinin Ağdam istiqamətində diversiya həmlələrinin qarşısının alındığı, cavab olaraq düşmənin təmas xəttinin dərinliklərində yerləşən mövqelərinin artilleriya zərbələri ilə darmadağın edildiyini, bu zaman qarşı tərəfin 10-15 nəfər itki verdiyini bəyan edib.

Ardınca Ermənistan tərəfi Azərbaycan silahlı qüvvələrinin Ağdam istiqamətində, təmas xəttindn kifayət qədər aralıda yerləşən erməni mövqelərinə “misli görünməmiş zərbələri” haqda açıqlama yayıb və bildirib ki, 1994-cü ildə imzalanmış atəşkəs razılaşmasından bəri belə hal qeydə alınmamışdı.

Bu eskalasiya regionda geosiyasi fəallığın növbəti dalğası ilə bir vaxtda baş verir və Ermənistan prezidenti Serj Sərkisyanın Kremlə çağırılması ilə üst-üstə düşür. Doğrudur, bu günə qədər də təmas xəttində vəziyyət sakit deyildi və vaxtaşırı olaraq atışmalar, o cümlədən minomyotlardan istifadə olunmaqla atışmalar qeydə alınırdı. Ancaq Ermənistan tərəfi bu cür təəcübləndiyinə görə ötən gecə Ağdam istiqamətində doğrudan da ciddi, misli görünməmiş zərbələrin endirildiyinə əmin olmaq mümkündür.



Azərbaycan Müdafiə Nazirliyinin qısa açıqlamasında baş verənlərin təfərrüatları yer almır. Ancaq təxmin etmək çətin deyil ki, Azərbaycan ordusunun bölmələri ötən gecə erməni işğalçı birləşmələrinin təmas xəttindən onlarla kilometr dərinlikdə yerləşən mövqelərinə sərrast artilleriya zərbələri endirib. Və bu zaman atəşin korrektə edilməsinə imkan verən müasir sistemlər, o cümlədən pilotsuz uçan aparatlar tətbiq olunub.

Məlum olduğu kimi təmas xətti boyu gedən atışmalarda pilotsuz uçan aparatlardan vurulacaq hədəflərin koordinatlarını dəqiq müəyyən etmək və atəşi korrektə etmək üçün istifadə olunur. Azərbaycan Müdafiə Nazirliyi bir neçə dəfə düşmənin təmas xəttindəki və təmas xəttinin dərinliklərindəki mövqelərnin artilleriya-minomyot zərbələri ilə necə dağıdıldığı barədə pilotsuz uçan aparatlardan çəkilmiş görüntüləri yayıb. Və qeyd etmək lazımdır ki, bu görüntülər hər dəfə erməni tərəfinin verdiyi “döyüşlərdə itki verməmişik” açıqlamalarına tutarlı cavab sayılmalıdır.



Hazırda Azərbaycan ordusunun silahlanmasında yer alan qaubitsalar düşmənin təmas xəttindən 15 kilometrdən tutmuş 90 kilometrə qədər dərinlikdə yerləşən mövqelərinə sərrast zərbələrin endirilməsinə imkan verir. Ağdamda hansı tip qaubitsanın tətbiq edildiyi haqda məlumat olmasa da ehtimal ki, söhbət 30 kilometrə qədər dərinlikdə hədəfləri vurmağa imkan verən D-30 qaubitsalarından və ya 152 mm-lik “Qiatsint” qaubitsalarından gedir. Və böyük ehtimalla bu silahlardan ermənilərin təmas xəttinin onlarla kilometr dərinlikdəki kazarmaları vurulub. Görünür zərbələr erməniləri doğrudan da qəfil yaxalayıb və onlar təmas xəttindən bu qədər dərinliyin hədəf alınacağını gözləmirdilər. Bundan əvvəl erməni tərəfi Azərbaycan ordusunun 1994-cü ildən bəri ilk dəfə tankları tətbiq etməsini də xüsusi təəcüblə bəyan etmişdi.

Bu zərbələr bir daha onu göstərir ki, münaqişə nizamlanmayana, Ermənistan rəhbərliyi tərəfindən bu məqsədlə siyasi iradə nümayiş etdirilməyənə qədər erməni işğalçı qüvvələri istər təmas xəttində, istər təmas xəttindən dərinliklərdə özlərini arxayın hiss edə bilməyəcəklər. Eləcə də Ermənistanın Azərbaycanla hərbi balansı bərpa etməyə yönələn səyləri, Rusiyadan güzəştli şərtlərlə alınan silahlar və Sərkisyanın “KTMT sərhədləri boyu baş verənlərdən” Kremldə Putinə şikayətlənməsi vəziyyətdən çıxış yolu deyil.



Sərkisyanın Moskvaya bir gün əvvəl baş tutmuş səfərinin əsl məqsədi haqda təfərrüatlar məlum deyil. Ancaq səfər ərəfəsində Kreml bəyan etmişdi ki, Qarabağ münaqişəsi zonasında atışmaların şiddətlənməsindən narahatdır. Məlum olan budur ki, prezident Vladimir Putin Ermənistan dövlət başçısı ilə danışıqlarında Qarabağdakı vəziyyəti də ətraflı müzakirə edib. Putinin münaqişəyə dair hansısa yeni təşəbbüsü və ya planı varmı, bu məlum deyil. Ancaq münaqişə ətrafında vəziyyətin növbəti və 1994-cü ildən bəri görünməmiş eskalasiyasiyası ortadadır.

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar