Əgər ötən ilin noyabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Su-24 bombardmançısını vurmaq əmri verəndə Vladimir Putinin Yaxın Şərq ambisiyalarını cilovlamağı düşünürdüsə indi onun bu addıma görə təəsüfləndiyi dəqiqdir. Qəzəblənmiş Putin vəd etdi ki, Türkiyə öz əməlinə görə çox peşiman olacaq. O , xəbərdarlıq etdi ki, Türkiyəyə qarşı cavab təbirləri pomidorla bu işdən yaxalarını qurtaracaqlar, çox yanılırlar. Biz bilirik nə etmək lazımdır”-Putin xəbərdarlıq etdi. İndi aydın olur ki, Putin həmin vaxt nəyi nəzərdə tuturdu...
Virtualaz.org xəbər verir ki, bu sətirlər ABŞ-ın nüfuzlu “The National İnterest” jurnalının “Putin-Kürdüstanın xaç atası?” başlıqlı məqaləsindən götürülüb. Məqalədə Rusiyanın Türkiyəni cəzalandırmaq üçün ənənəvi kürd kartını necə işə salmasından bəhs olunur.
Bu günlərdə Moskvada Suriyanın şimalında fəaliyyət göstərən Kürd Demokratik Partiyası PYD-nin ofisi açılıb. Məqalədə deyilir ki, bu, PYD-ni xaricdəki ilk missiyasıdır və Ankaraya qorxulu siqnaldır. Bu arada Suriyadakı digər kürd qruplaşması YPG Rusiyanın hərbi dəstəyi ilə nəzarətindəki əraziləri genişləndirdi və Türkiyə sərhədinə doğru irəlilədi. Ankara həyacan siqnalı verdi və bunun üçün bütün əsasları vardı. Çünki YPG son vaxtlar Türkiyənin cənub şərqində öz fəaliyyətini gücləndirən PKK-nın törəmə strukturudur. PKK ölkənin cənub-şərqində barrikadalar qurur, dağlarda mövqe tutur, Türkiyə təhlükəsizlik qüvvələrinə hücumlar təşkil edir.
Ərdoğan PKK-nı darmadağın edəcəyini vəd edir, ancaq buna heç kim inanmır. Türkiyə hakimiyyəti 30 ildən çoxdur ki, PKK-nn kökünü kəsməyə çalışır. Lakin PKK özünü heç vaxt indiki kimi möhkəm, diplomatik və hərbi baxımdan inamlı hiss etməmişdi.
PKK İraqdakı xaosdan istifadə edərək bu ölkənin şimalındakı Qəndil dağlarında öz qərargahını, bazalarını qurdu. Elə bu yaxınlarda YPG Suriyanın şimalındakı Rojavada muxariyyət elan etdi. Türkiyənin cənub-şərqində toqquşmalar yenidən alovlandı. Ən başlıcası isə “İslam dövləti”nə qarşı mübarizə ilə PKK misli görünməmiş beynəlxalq tanınmaya nail oldu.
1997-c ildə Vaşinqton, ardınca Avropa Parlamenti PKK-nı terror təşkilatı elan etmişdi. Ancaq indi Amerika xüsusi təyinatlıları PKK-nın Suriyadakı törəmə strukturunu silahlandırır, ona təlim keçir. Vaşinqton bunu YPG-nin PKK-dan ayrı struktur olması və İŞİD-ə qarşı döyüşməsi ilə əsaslandırır. Hər şey ona doğru gedir ki, ABŞ və Avropa PKK-nın üzərindən “terrorçu” adını götürəcək. Əgər bu səylər nəticə versə PKK üçün böyük hədiyyə olardı.
Lakin PKK-nın müstəqil Kürdüstan dövlətini qurmaq üçün heç Qərbin xoş məramına ehtiyacı yoxdur. PKK-nın İŞİD-lə müharibədə rolu kürdləri himayə edən çoxdankı super dövlət Rusiya ilə münasibətləri canlandırdı. Kürdlərlə əməkdaşlıq edərək Moskva İŞİD-lə müharibə apara və Türkiyəni cəzalandıra, Suriyada ABŞ-ı uda və eyni vaxtda NATO-nun zəifləməsinə yol aça bilər.
Müəllif yazır ki, əslində PKK ilə Rusiya arasındakı indiki alyansda təəcüblü heç nə yoxdur. Rus-kürd alyansı Yaxın Şərqdə hələ 200 il bundan əvvəldən daimi hal idi, Yekatrinanın 1787-ci ildə kürd dili qrammatikasının dərcinə dair qərar verdiyi dövrlərdən başlamışdı. Yekatrinanın kürdlərə marağı təkcə akademik maraq deyildi. Rusiyanın rəsmən tanıdığı kürd qəbilələri cənub sərhədlərində baş verən hadisələrin mühüm iştirakçıları idi. 1804-cü ildən başlayaraq kürdlər Rusiya imperiyasının Fars və Osmanlı imperiyaları ilə müharibələrində mühüm rol oynayırdılar. Yüz illiklər boyu Rusiya ordusu kürd birləşmələrini farslara və türklərə qarşı müharibələrdə istifadə edib.
Məqalədə rus-kürd müttəfiqliyinin sovetlər dövründə də davam etdiyi bildirilir. 1923-cü ildə sovet hakimiyyəti Azərbaycan-Ermənistan sərhədi zonasında “Qırmızı Kürdüstan” adlı nominal muxtar kürd bölgəsi yaratdı. Bu ilk kürd etnik dövlət quruluşu idi. “Qırmızı Kürdüstan”da kürd dilində qəzet nəşri və kürd dilində təhsillə yanaşı muxtariyyətin vəzifəsi Yaxın Şərq kürdləri arasında sosialist inqilabı ideyalarını yaymaq vəzifəsi dayanırdı. Lakin inqilab ixracının əks-inqilab idxalına səbəb ola biləcəyini düşünən Stalin 1930-cu ildə “Qırmızı Kürdüstan”ı ləğv etdi. Ancaq sovet lideri heç də kürdlərdən geosiyasi məqsədlərlə istifadəyə son qoymamışdı. 1941-ci ildə Uinston Çörçillə İranı təsir zonalarına bölən Stalin Mahabad vilayətində regional kürd administrasiyasının yaradılmasını nəzərdən keçirirdi. 1945-ci ildə Mahabadda kürd respublikası elan edildi, ancaq SSRİ qoşunlarını İrandan çıxardığı üçün bir il sonra fəaliyyətini dayandırdı.
Ancaq Mahabad kürd respublikasının lideri, indiki İraq Kürdüstanının lideri Məsud Bərzaninin atası Mustafa Bərzani 2 minə yaxın silahlı tərəfdaşı ilə SSRİ-yə keçdi və İraqa qayıdana qədər 10 ilə yaxın orada qaldı. O vaxtkı KQB sədri Aleksandr Şelepin Bərzanidən İran, İraq və Türkiyədə kürd hərəkatlarının fəallaşması üçün fəal istifadə edirdi.
Məqalədə SSRİ-nin PKK kürd terror təşkilatına və onun lideri Öcalana dəstəyindən də geniş bəhs olunur. Bu hərəkatdan NATO üzvü Türkiyəyə qarı necə istifadə olunduğu göstərilir.
Müəllif yazır ki, indi Rusiya Türkiyəyə qarşı yenidən kürd kartını işə salıb. Və amerikalılar da çıxılmaz vəziyyətdədir. Bir tərəfdən onlar İŞİD-ə qarşı kürdlərə dəstək verir, ancaq digər tərəfdən Rusiyanın kürdlərlə münasibəti NATO üzvü Türkiyəni təhdid edir. Lakin müəllif görə Rusiyanın müstəqil Kürdüstan dövlətinin yaradılmasına dəstək verəcəy hələ birmənalı deyil. Çünki bu oyunda hərənin öz marağı var. Moskvanın prioriteti Əsəd rejimini saxlamaqdır və Rusiya Rojavanın Suriyadan ayrılmasına dair heç bir siqnal verməyib. Ona görə də ehtimal olunur ki, Rusiya bu prosesdə kürdlərə geniş muxtariyyət vəd edir.
Ancaq İran amilini də nəzərə almaq lazımdır. Suriyada və Türkiyədə kürdlərə verilən dəstək İranın şimalında da kürd üsyanının alovlanmasına səbəb ola bilər. İran Əsədi qorumaqda Moskvanın əsas müttəfiqidir və kürd məsələsində Tehranın maraqlarını nəzərə almamaq onun avtomatik olaraq Ankara ilə yaxınlaşmasına səbəb olacaq.
Məqalədə deyilir ki, Rusiya kürd məsələsində istənilən başqa ölkədən çox lider olub və indi Kürdüstana müstəqillik yolunda irəliləməyə şərait yaratmaq üçün unikal imkanlara malikdir. “Əgər Putinin “Kürdüstanın xaç atası” olması fikri Ərdoğana gecələr rahatlıq vermirsə bu, belə də olmalıdır. Sultan Abdulhamid II-nin pərəstişkarı olaraq o, yaddan çıxarmamalıdır ki, panislamizm ideologiyasına əsaslanan böük xarici siyasət ambisiyalarına malik olub, habelə daxili islahatlar vəd edib. Nəticədə Osmanlı Balkanları itirdi, daxildə islahatlar isə aparılmadı. Və bu səbəblərdən sultan real hakimiyyət rıçaqlarını itirdi və hökmdarlığının son illərində öz sarayında zahidə çevrildi. Və məhz rus silahları və diplomatiyası sayəsində Rumıniya, Serbiya və Bolqarıstan 1878-ci ildə Osmanlıdan ayrılıb müstəqilliklərini elan etdi. Ola bilsin ki, Kürdüstan da bu gün öz “xilaskar-çarını” gözləyir”-müəllif yazır.
Virtualaz.org