Hacı Məmmədovu danışmağa kimlər qoymadı?

12-03-2016, 19:42   
Hacı Məmmədovu danışmağa kimlər qoymadı?

Əyyub Kərimov: «Ali Məhkəmənin qərarı qanunun aliliyinin təzahürü yox, siyasi iradənin nəticəsi idi»

Ali Məhkəmənin Hacı Məmmədovun müraciətinə neqativ cavab verməsi bir çox suallar yaradır. H.Məmmədov ibtidai istintaq zamanı rəisi olmuş Zakir Nəsirovun əleyhinə doğruluğuna böyük şübhələr olan ifadələr verdiyini etiraf etmişdi. Amma bütün bunlara baxmayaraq Z.Nəsirovla bağlı iş araşdırmaya səbəb olmadı. H.Məmmədovun nə zamansa danışa biləcəyi istisna edilmirdi. Eldar Mahmudov vəzifəsindən çıxarılandan sonra bu gözləntilərin doğrulması üçün 10 illik fasilədən sonra real şərait yarandı.

2015-ci ilin dekabrında Hacı Məmmədov öz təşəbbüsü ilə Ali Məhkəməyə ərizə ilə müraciət etdi. Amma Ali Məhkəmənin cavabı bu işin davam etdirilməsinə imkan vermədi.


Məntiqli olaraq sual yaranır. H.Məmmədovun bildiklərini açıqlaması niyə əngəlləndi? Əslində H.Məmmədovun danışması hakimiyyətdəki bir qruplaşmanın maraqlarındadır. H.Məmmədovun söyləyə biləcəkləri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və daxili işlər naziri Ramil Usubovun xeyrinə olmalıdır. Amma bu maraqlar belə H.Məmmədovun danışmasına yüksək səviyyədə razığılın verilməsinə kifayət etmədi. Nə baş verir? Bu sual ilə hüquqşünas Əyyub Kərimova müraciət etdik. Ə.Kərimov vurğuladı ki, H.Məmmədovun deyəcəkləri yeni situasiya yarada bilər. Görünür, konkret dairələr yeni situasiyanın yaranmasını istəmirlər. Ali Məhkəmənin qəbul etdiyi qərarı qanunun aliliyinin təzahürü kimi deyil, siyasi iradənin nəticəsi sayan Ə.Kərimov vurğuladı ki, halbuki H.Məmmədovun nə deyəcəyini dinləmək olardı: “Məsələnin maraqlı tərəfi Hacı Məmmədovun açıq formada ”Zakir Nəsirov barəsində yalan, böhtan daşıyan ifadə vermişəm” deməsidir. Bu sözləri Hacı Məmmədovun vəkili mətbuata açıqlayıb. Heç olmasa bu yoxlanmalıydı ki, böhtan xarakterli ifadənin nəticəsi nə oldu? Belə götürəndə bəzi şəxslər də Hacı Məmmədovun bu ifadəsinin araşdırılmasında maraqlı olmalıydı. Amma bəzən elə şeylər baş verir ki, bu cür hallar yaşanır. Mən məhkəmə prosesi gedən zaman bir hüquqşünas kimi Zakir Nəsirovla heç zaman razılaşmırdım. Onun şəxsiyyətinə və biliyinə böyük hörmətlə yanaşırdım. Çünki o, özünü lazımınca müdafiə etmirdi, nəyisə gizlədirdi. Hər şeyi zamana saxlayırdı ki, onu bu kürsüyə gətirənlər bir vaxt özləri də bu kürsüdə əyləşəcək. Bütün bu fikirlər MTN rəhbərliyi, Eldar Mahmudov barəsində idi. Mən “qara kəmər” əməliyyatı ilə bağlı iki mühüm sənədi açmışdım. Həmin dövrdə yazdıqlarımın heç birindən imtina etmirəm. Nə demişəmsə dediklərimin üzərində dayanıram. Yazmışdım ki, mən Zakir Nəsirovdan bu cür özünümüdafiə gözləmirdim”.

Ə.Kərimov onu da bildirdi ki, “qara kəmər” əməliyatının həyata keçirilməsinə zəmin yaradan əsas şərt Cahangir Hacıyevin həyat yoldaşının oğurlanmasaı oldu. “Bəlkə, Cahangir Hacıyevin həyat yoldaşı oğurlanmasaydı, Hacının dəstəsi fəaliyyətinə davam edəcəkdi. Hacı Məmmədovun dəstəsinin ifşası Eldar Mahmudovun işi deyil. Həm Məhərrəm Əliyevdə, həm də Respublika Prokurorluğunda Hacının dəstəsi ilə bağlı ciddi məlumatlar var idi. Hacı Məmmədov Cahangir Hacıyevin yoldaşını oğurlamasaydı, o, hələ də azadlıqdaydı”, deyə Ə.Kərimov vurğuladı.

Ə.Kərimov eyni zamanda H.Məmmədovun indiyə qədər MTN-də saxlanılmasına da diqqət çəkərək bildirdi ki, belə bir fakt indiyə qədər təkrar olunmayıb.

Xəyal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar