Prokurorluq manatın çapında yeyilən pulları niyə araşdırmır?

14-03-2016, 09:17   
Prokurorluq manatın çapında yeyilən pulları niyə araşdırmır?
Ələsgər Məmmədli: «Görünür, qanunların işləməsində maraqlı olmayan tərəf var»

“Azadlıq”ın ötən sayında xəbər vermişdik ki, Avstriyada Azərbaycan manatının çapı ilə bağlı korrupsiya qalmaqalı yenidən gündəmə gəlib. Söhbət manatın çapının məhz Avstriya şirkətinə həvalə olunması üçün Azərbaycan Mərkəzi Bankının rəhbər şəxslərilə korrupsiya razılaşmasına dair cinayət işindən gedir.

Xatırladaq ki, Avstriya Mərkəzi Bankının sədr müavini Volfanq Duçazek bankın pul əskinaslarının çapına məsul törəmə şirkəti olan “OeBS”in baş direktoru Maykl Vulf da daxil olmaqla, ümumilikdə 9 nəfərin ittiham olunduğu iş üzrə Vyana məhkəməsi bir müddət əvvəl qərar versə də, nəticə prokurorluğu qane etməyib. Prokurorluq bu cinayət işinin ölkənin Ali Məhkəməsində araşdırılmasını istəyir. Ona görə də bu instansiyaya müraciət edib.


Cinayət işinin materiallarında göstərilib ki, 2005-2011-ci illərdə Azərbaycan və Suriya Mərkəzi banklarının rəhbərləri – Elman Rüstəmov və Adib Mayale də daxil olmaqla, bu ölkələrin rəsmilərinə ümumilikdə 14 milyon avro pul verilib. Konkret olaraq, bu ölkələrin pul çapı üçün ödədikləri vəsaitin Suriyaya 14 faizi, Azərbaycana isə 20 faizi qaytarılıb.

Bağlanmış müqavilələrdə Azərbaycan Mərkəzi Bankının Idarə Heyətinin sədri Elman Rüstəmov və onun müavini Abdulla Məlikaslanovun imzaları olduğu bildirilir.

Maraqlıdır, Azərbaycanın hüquq-mühafizə orqanları ölkənin baş bankı ilə bağlı, üstəlik, xaricdə qalmaqala səbəb olan bu korrupsiya olayına niyə heç bir reaksiya vermir? Dövlətin pulunun taleyi məsul qurumları və şəxsləri niyə maraqlandırmır?

Hüquqşünas Ələsgər Məmmədli də təəssüflə qeyd edir ki, qanunvericilik tələb etsə də, bu cür vacib məsələ ilə bağlı araşdırma aparılmır. Hüquqşünas deyir ki, kütləvi informasiya vasitələrində yayımlanan istənilən hüquq pozuntusuna dair fakt hüquq-mühafizə orqanları, əsasən də prokurorluq tərəfindən araşdırılmalıdır.

“Hüququn üstün olduğu normal ölkələrdə məsələ belə tənzimlənməlidir. Lakin Azərbaycan kimi ölkədə hüquq-mühafizə institutları və siyasi fiqurların başı rüşvət və qalmaqala qarışıb. Manatın çapında baş verən olayların araşdırılması, onun sübutu sonrakı məsələdir. Zənnimcə, qanunların işləməsində maraqlı olmayan tərəf var. Bu da qanunları icra etməli olan tərəfdir. Həmçinin, cəmiyyətin də çox zəif olması onların qanunsuz fəaliyyətinə şərait yaradır”, – deyə Ələsgər Məmmədli bildirib.

Informasiya şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.