Bərdədə vətəndaş və beş nəfərlik ailəsi ölümlə hədələnir

15-03-2016, 08:35   


O, Bərdədəki vəzifəli şəxslərin onlara zülm etdiyini deyir

Bərdə rayonu, 866 yerlik qəsəbənin 8-ci bina, 39-cu mənzilində yaşayan, Ağdamdan məcburi köçkün Elşən Novruzov dövlət başçısı Ilham Əliyevə ünvanladığı məktubun surətini “Azadlıq”a da göndərib. Məcburi köçkün məktubunda yazır:

“Cənab prezident, biz 2013-cü ilin noyabrında sizin sərəncamınız və iştirakınızla Bərdə rayonunda tikilib başa çatmış 15 hündürmərtəbəli binanın mənzillərinə köçürülmüşük. Bu yaşayış qəsəbəsinin, bizə müvəqqəti kirəkeş kimi verilən mənzillərin qorunub saxlanmasını özümə borc bildim.


Bu qəsəbənin tikilib başa çatmasına dövlət büdcəsindən 93 milyon 600 min manata yaxın pul xərclənsə də, abadlıq işlərinin 50 faizdən çoxunun aparılmaması, idman meydançasının yarımçıq qalması, içməli suyun birbaşa Qarabağ kanalından çirkab halda gəlməsi, sakinlərin iki ildir içməli suya möhtac qalması, mənzillərə gələn sudan üfunət iyinin gəlməsi biz köçkünləri boğaza yığıb. Bu haqsızlıqlar barədə 2014-cü ildən bugünədək dövlət başçısına və digər qurumlara şikayət etsək də, səsimizə səs verən olmayıb. Əksinə, bəzi məmurlar tərəfindən təhqir olunur, hədə-qorxu ilə üzləşirik.

Bu azmış kimi, ixtisasca baytar olan Afiq Hüseynovu qəsəbənin Mənzil Kommunal Istismar Sahəsinə mühəndis vəzifəsinə, Firdovsi Cəfərov adlı şəxsi isə sahə nəzarətçisi təyin etdilər. Öncə qəsəbənin torpaq sahələri başqa şəxslərə satıldı. Qəsəbə ərazisində şəhid və Qarabağ ailələrinin əkdiyi ağacları, saldıqları yaşıllıqları ləğv etdilər. Dövlət binaları bərbad hala salındı. Qəsəbə sakinləri belə özbaşınalığa dözməyib 2015-ci ilin yanvarında dövlət başçısına, Əli Həsənova və digər qurumlara çoxsaylı şikayətlər göndərdilər. Nəticədə bu adamlar ailələrə qənim kəsildilər. Adamlar şərləndilər, polislə hədələndilər. Afiq Hüseynov və Firdovsi Cəfərov vəzifəli qohumlarına arxayındır. Onlar məcburi köçkünlərin hüquqlarını pozurlar, amma özlərinə yaxşı şərait qurublar.

Mənim beş nəfərlik ailəm də ölümlə hədələnir. Mən dövlətçiliyimizə xidmət edirəm. Iki yaşlı qızım, 18 yaşlı oğlum aclıq içində yaşayır. Özüm isə xəstə canımla “moyka”da maşın yuyub, ailəmin çörəyini qazanıram.

Dövlət başçısı kimi Sizə üz tutub, Afiq Hüseynov, Firdovsi Cəfərova himayədarlıq edən məmurların bu özbaşınalığına son qoymanızı istəyirəm. Haqq-ədalət nəhayət ki, bərpa olunsun”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.