Demokratik dünya bütün siyasi məhbusların azad olunmasını tələb edir
ABŞ Azərbaycanda həbsdə olan onlarla insan haqları fəalı, jurnalist və siyasi partiyalarınn üzvlərinin azadlığa buraxılmasını alqışlayıb, lakin eyni zamanda fundamental azadlıqlardan istifadə etdiklərinə görə həbsdə olan digər şəxslərin də azad edilməsinə çağırıb.
Bu barədə ABŞ Dövlət katibi Con Kerri Azərbaycan prezidenti Ilham Əliyevin əfv sərəncamı ilə bir sıra tanınmış insan haqları və siyasi fəalların azad edilməsi ilə bağlı verdiyi bəyanatında bildirib. “Birləşmiş Ştatlar Azərbaycan hökuməti tərəfindən insan haqları sahəsində fəaliyyəti, ya da fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbsdə olan ondan çox şəxsin azadlığa buraxılması kimi müsbət addımı alqışlayır. Azadlığa buraxılanlar arasında tanınmış insan haqları fəalı Rəsul Cəfərov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, talış etnik qrupunun qəzetinin baş redaktoru Hilal Məmmədov və Müsavat partiyası sədrinin müavini Tofiq Yaqublu da var. Jurnalist və sülh fəalı Rauf Mirqədirov məhkəmə tərəfindən azad edilib.
Biz Azərbaycan hökuməti ilə əlavə müsbət addımların atılması üçün işləməyimizi gözləyirik. Biz eyni zamanda hökuməti ümumi fikrə görə, eyni azadlıqlardan istifadə etdiklərinə görə həbs edilən başqa şəxsləri də azad etməyə və azad edilən şəxslərin hərəkətinə qoyulmuş məhdudiyyətlərə son qoymağa çağırırıq”, – deyə Con Kerrinin bəyanatında bildirilir.
kris smitABŞ bütün siyasi məhbusların azad olunmasını istəyir
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının sədri Kristofor Smit də Azərbaycanda 14 siyasi məhbusun azad edilməsinə münasibət bildirib. ABŞ konqresmeni bildirir ki, ədalətsiz şəkildə həbsdə saxlanan bu insanların tez bir zamanda ailələrinə qovuşacağı onu məmnun edir. “Lakin məni hələ də siyasi motivlərlə həbsdə saxlanılan digər insanların taleyi narahat edir. Seçkilərin Monitorinqi Qrupunun sədri Anar Məmmədli azad edilib. Baxmayaraq ki, o, həbs edilməməli idi. Hüquq müdafiəçisi Intiqam Əliyev, jurnalist Xədicə Ismayılova, REAL Hərəkatının lideri Ilqar Məmmədov da tez bir zamanda azadlığa buraxılmalıdır. Mən ehtiramla prezident Əliyevə müraciət edib, qalan bütün siyasi məhbusların azad edilməsini xahiş edirəm”, – deyə Smit bildirib.
Konqresmen habelə prezident Əliyevi “insan haqlarını pozan çox sayda qeyri-demokratik qanunları və qaydaları” ləğv etməyə çağırıb(amerikaninsesi.org).
isabel santosATƏT və Avropa Parlamenti də bütün siyasi məhbusların azad olunmasını istəyir
ATƏT-in Parlament Assambleyasının prezidenti və Avropa Parlamentinin insan hüquqları və demokratiya üzrə vitse-prezidenti, ATƏT PA-nın Demokratiya, Insan Hüquqları Komissiyasının sədri də əfv sərəncamına münasibət bildirib.
ATƏT Parlament Assambleyasının prezidenti Ilkka Kanerva (Finlandiya) və ATƏT PA-nın Demokratiya, Insan Hüquqları Komissiyasının sədri Izabel Santos (Portuqaliya) Azərbaycanda əvf fərmanı çərçivəsində 148 nəfərin azad edilməsini alqışlayıb. “Prezident Əliyevin bu qədər çox insanın azad edilməsi barədə etik qərarını alqışlayıram. Bu, çoxdan gözlənilən, beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT Parlament Assambleyasının qəbul etməyə çağırdığı qərardır.
Biz bundan sonra da Azərbaycanı ATƏT çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə təşviq edəcəyik, növbəti konstruktiv dialoqu və irəliləyişi səbrsizliklə gözləyirəm”, – deyə Kanerva bildirib.
Izabel Santos isə deyib: “Nəhayət, Azərbaycanda insan hüquqları sahəsində müsbət addımı alqışlamaqdan şadam. Bu günki əvf bir sıra vicdan məhbuslarına, o cümlədən məslələrini dəfələrlə Azərbaycanlı həmkarlarım qarşısında qaldırdığım Rəsul Cəfərov və Anar Məmmədliyə də aiddir.
Ümid edirəm ki, onlar hamısı yenidən ölkədə dialoqa töhfələrini vermək imkanı əldə edəcəklər.
Həmçinin ümid edirəm ki, bu, Azərbaycanda qanunun aliliyini möhkəmləndirməyə hazırlığın göstəricisidir, tezliklə siyasi mənsubiyyətinə, faəliyyətinə və baxışlarına görə həbs edilmiş və ya hərəkəti məhdudlaşdırılmış insanlar olmayacaq”.
Avropa Parlamentinin insan hüquqları və demokratiya üzrə vitse-prezidenti Aleksandr Lambsdorff digər məhbusların da azadlığa buraxılmalı olduğunu bildirib: “Biz Rəsul Cəfərovun və on dörd digər siyasi məhbusun prezident Əliyev tərəfindən əvf edildiyini öyrəndikdə sevindik. Əlbəttə, onlar həbs olunmamalı idi. Bununla belə, bu addımı Azərbaycan hökumətinin söz və toplaşmaq azadlığı kimi əsas hüquqlara riayət etməklə Avropa Ittifaqı ilə münasibətləri bərpa etməkdə maraqlı olmasının göstəricisi kimi dəyərləndiririk
Xədicə Ismayılova, Intiqam Əliyev və Ilqar Məmmədov kimi digər məhbuslar da azad edilməlidir”.
Daha bir konqresmen həbsdə qalanların azad edilməsinə çağırdı
ABŞ Konqresində Azərbaycan qrupunun həmsədri konqresmen Steve Cohen də əfv sərəncamı ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir ki, konqresmen azad olunanların arasında iki insan haqları müdafiəçisinin – Rəsul Cəfərovun və Anar Məmmədlinin də olmasından məmnunluq duyur, çünki onlar barəsində prezident Ilham Əliyevə yazmışdı.
stiv kohenCohen bildirir ki, bu, ABŞ-ın yaxın dostu və müttəfiqi olan ölkədən alınmış pozitiv xəbərdir.
“Eyni zamanda prezidentin bu addımını salamlamaqla yanaşı, mən jurnalist Xədicə Ismayılovanın və insan haqları müdafiəçisi Intiqam Əliyevin də azad edilməsi üçün çağırışlarımı davam etdirirəm” – deyə konqresmenin bəyanatında bildirilir.
Steve Cohen ümid edir ki, prezident Əliyev Novruz bayramı ərəfəsində onların da azad edilməsi üçün eyni addımı atacaqdır.
Konqresmen qeyd edir ki, belə bir addım ABŞ və Azərbaycan arasında strateji münasibətlərin daha da güclənməsinə xidmət edərdi(azadliq.org).
AzadlıqRadiosu Xədicə Ismayılovaya görə məyusdur
Azadlıq Radiosu isə araşdırmaçı jurnalist Xədicə Ismayılovanın başqa siyasi məhbuslarla birlikdə azadlığa buraxılmamasından məyusluğunu ifadə edib. “Biz ifadə və sərbəst toplaşma azadlığı kimi təməl hüquqlarından istifadə etdiklərinə görə məhbus edildikdən sonra azadlığa buraxılmış jurnalistlərə, insan haqları müdafiəçilərinə və fəallara görə hədsiz sevinc hissi keçiririk, lakin Xədicə də onların arasında olmalı idi”, – deyə AzadlıqRadiosunun baş redaktoru Nenad Pecic bildirib.
bbc-tv“Əfv Əliyevin ABŞ-a səfəri ərəfəsində bir güzəştdir”
Dünyanın bir sıra aparıcı media qurumları da Azərbaycanda martın 17-də verilmiş əfv sərəncamına diqqət ayırıb.
Böyük Britaniyanın BBC telekanalı buraxılanların arasında siyasi məhbus siyahısını hazırlayan Rəsul Cəfərovun da olduğunu, eləcə də həmin gün – martın 17-də jurnalist Rauf Mirqədirovun şərti cəzayla buraxıldığını vurğulayır: “Insan haqları qrupları əfvi alqışlayır, ancaq hökumətin digər tənqidçilərinin həbsdə qaldığını bildirirlər. Bəzi təhlilçilər bu addıma Əliyevin bu ayın sonunda ABŞ-a mümkün səfəri ərəfəsində bir güzəşt kimi baxırlar”. O da qeyd olunur ki, beynəlxalq insan haqları təşkilatları Azərbaycanı Cənubi Qafqazda ən repressiv rejimlərdən biri sayır, hökumətsə bu iddianı yalanlayır. BBC daha sonra yazır: “Tanınmış fəalların buraxılması xəbəri sürpriz oldu. Bunun bir neçə səbəbi ola bilər. Neftin ucuzlaşması və milli valyutanın dəyərsizləşməsi Azərbaycan iqtisadiyyatına zərbə vurub. Ölkə beynəlxalq ictimaiyyətin tənqid obyektində daha çox qala bilməz. Insan haqlarına dair tənqidlərin çoxu da elə Qərbdən gəlir…
…Əfv prezident Əliyevin ABŞ-a planlaşdırılan səfəri ərəfəsində bir güzəşt də sayıla bilər. Konqresdə Azərbaycan rəsmilərinə sanksiya qoyulmasını təklif edən sənəd hazırlanıb…
…Ancaq ən əsası, jurnalist Xədicə Ismayılova siyahıya salınmayıb. Onun araşdırmaları Əliyevin ailə üzvlərinin sərvəti ilə dövlət vəsaitlərinin bağlılığını ortaya çıxarmışdı”.
“Human Rights Watch” insan haqları təşkilatının Avropa və Orta Asiya bölümünün direktoru Giorgi Gogia həm əfv fərmanını, həm də jurnalist Rauf Mirqədirovun azadlığa çıxmasını “yaxşı xəbər” adlandırır: “Bu əfv vacib addım, əslində, heç həbsə atılmamalı olan şəxslərə həyəcanlı xəbərdir. Ancaq görüləsi çox iş var. Siyasi təhlilçi Ilqar Məmmədov, hüquqşünas Intiqam Əliyev, araşdırmaçı jurnalist Xədicə Ismayılova, gənc fəal Ilkin Rüstəmzadə, jurnalist Seymur Həzi hələ də saxta ittihamlarla dəmir barmaqlıqlar arxasındadırlar. Azərbaycanlı fəalların çoxu həmkarlarının azadlığı uğrunda yorulmadan çalışıb. Beynəlxalq qurumlar da hökumətə tələblərini çox aydın şəkildə bildirib. Avropa Parlamenti, ABŞ və AB-nin bir çox üzvləri 2015-ci ildə birgə bəyanatla çıxış ediblər. Konqresmen Kristofer Smit Azərbaycana sanksiyalar layihəsi hazırlayıb. Avropa Şurasının baş katibi və insan haqları komissarı bu yöndə işləyiblər”.
Gogia daha sonra belə yazır: “Onların prinsipial mövqeyi olmasaydı, Rəsul Cəfərov və digərləri hələ də həbsdəydi. Onlara səmimi təşəkkürümü bildirir, eyni zamanda Intiqam Əliyev, Xədicə Ismayılova və Ilqar Məmmədovun azadlığa çıxması üçün səmərəli ictimai diplomatiyanı davam etdirməyə çağırıram”.
bjmkTənqidi jurnalistika cinayət deyil
Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi də əfvi alqışlayan bəyanat verib. Qurum özəlliklə jurnalistlər Hilal Məmmədov, Tofiq Yaqublu və Pərviz Həşimli, media hüquqşünası Rəsul Cəfərovun buraxıldığını vurğulayır, hökuməti bu şəxslərin kriminal tarixçəsini təmizləməyə çağırır.
“Prezident Əliyevi həbsdəki digər curnalistləri də buraxmağa səsləyirik. Azərbaycan hakimiyyəti birdəfəlik anlamalıdır ki, tənqidi jurnalistika cinayət deyil, jurnalistlərin təqibinə və həbsinə son qoymalıdır”. Bu sözləri təşkilatın Avropa və Orta Asiya üzrə baş tədqiqatçısı Müzəffər Süleymanov dilə gətirib.
Jurnalistləri Müdafiə Komitəsi jurnalistlər Nicat Əliyev, Araz Quliyev, Seymur Həzi və Xədicə Ismayılovanın həbsdə qalmasına diqqət çəkir və bu şəxslərdən jurnalist fəaliyyətlərinə görə qisas alındığını vurğulayır. CPC bu yaxınlarda Avropa Birliyinin baş diplomatı Federica Mogherini-yə səslənmiş və onun fevralın 29-da Bakıya səfərində prezident Əliyevi həbsdəki jurnalistləri buraxmağa çağırmasını istəmişdi.
amnesty-internationalQalanlara ümid qığılcımı
“Amnesty International” hüquq-müdafiə təşkilatı isə 17 mart əfv fərmanını Azərbaycanda sıxışdırılmış vətəndaş cəmiyyətindən ötrü “nadir ümid qığılcımı” adlandırır.
“10 vicdan məhbusunun buraxılması yaxşı xəbərdir. Ancaq həbsdə, azı, 8 belə məhbusun qalması şadyanalığa kölgə salır. Bu addım alqışlanır, ancaq ədalətsiz məhkum edilənlərin hamısı buraxılandan, vətəndaş cəmiyyətinə təzyiqlər bitəndən sonra Azərbaycan hakimiyyətini tərifləmək olar”,- deyə təşkilatın Avropa və Orta Asiya bölümünün direktoru Denis Krivosheev belə deyib və daha sonra fikrini davam etdirib: “Prezident Əliyev ölkədə insan haqları problemlərini çözmək istədiyini gerçəkdən göstərməli, 8 jurnalist, fəal və insan haqları müdafiəçisini dərhal və qeyd-şərtsiz buraxmalıdır”.
O, bəyanatda Avropa Insan Haqları Məhkəməsinin Rəsul Cəfərov haqqında martın 17-də açıqladığı qərara da toxunub: “Rəsul Cəfərovun işi Azərbaycanda qüsurlu məhkəmə sisteminin tipik göstəricisidir. Ittihamlar repressiv recimə qarşı çıxmağa cəsarəti çatanlardan intiqam almaq üçün hərfən uydurulur. Avropa Məhkəməsinin son qərarı hakimiyyətə güclü bir mesaj göndərir – onların narazıları susdurmağa yönəlik qəddar kampaniyasına haqq qazandırmaq mümkün deyil”.
“Amnesty International”ın təmsilçisi hökuməti qalan vicdan məhbuslarını dərhal buraxmağa, ölkədə insan haqlarına beynəlxalq hüquqa uyğun səviyyədə sayqı göstərilməsini təmin etməyə çağırıb.