-Söhbətimizə belə başlamaq istərdim. Siz hazırda YAP-ın üzvüsünüz. Vaxtilə xidmətləriniz olsa da hazırda işsizsiniz. Bu barədə kiməsə xahis etmisinizmi?
- Xeyr. Mənasını görmürəm. Ona görə də nə kimsədən vəzifə xahis etmişəm, nə də indi bununla hansısa umacağım var. Lakin xeyli əvvəl bir əhvalat olmuşdu. Haqqımda Prezident İlham Əliyevdən xahiş edən dostlardan birinə tövsiyə edilmişdi ki, Təhsil Nazirliyi sistemində işlə təmin edilim. Ancaq keçmiş nazir bunun üzərindən sükutla keçdi və özünə əngəl yaratmamaq üçün Prezidentin tapşırığını qulaqardına vurdu. Mən onda da günah görmürəm. Sonradan Mudafiə Nazirliyində xidmət etməli oldum.
Düşüncəmə, siyasi iradəmə, ideyaya, seçdiyim siyasi xəttə münasibətimi nəyinsə xatirinə dəyişmək tərcümeyi-halıma yad olan bir işdir. Bu, mənim səmimi sözümdür. İkincisi, ictimai hədəfə çevrilməkdən həmişə ehtiyat etmişəm. Bəlkə bəziləri üçün asandır, mənə isə çətindir. İmkan verə bilmərəm ki, işsizliyim siyasi iradəmin fövqündə dayansın. Ona görə də YAP-da fəaliyyətimi davam etdirməkdə qərarlıyam. Baş verən hadisələri cəmiyyət bilir. Mənə partiyadan çıxmaq barədə tövsiyə edənlər də az olmayıb. İrad tuturlar ki, başına bu qədər işlər gəldi, yenə YAP-ın ətəyindən yapışmısan... Onu da yaxşı bilirəm ki, deyilənlərə qulaq asmış olsa idim, məni başqa cür atəşə tutacaqdılar. Deyəcəkdilər ki, nə oldu, bir balaca quyruğunu tapdalayan kimi sifətin açıldı... Bax cəmiyyətimiz nə pis ki, belə gündədir...
* Eldar müəllim, vaxtilə partiya aparatındaki tutduğunuz vəzifədən azad olundunuz. Hər halda kifayət dərəcədə ciddi bir postun-hakim partiyanın Analitik İnformasiya və Proqnozlaşdırma Mərkəzinin rəhbəri idiniz. Bu, Sizə azmı gəlirdi?
* Mənə heç bir təzyiq olmayıb. Rəhbərliyə ərizə ilə müraciət edərək azad olunmağımı xahiş etmişəm. Çox fikirləşəndən sonra bu nəticəyə gəldim ki, artıq burada qalıb işləyə bilmərəm. Atdığım addımın peşimançılığını bu gün də çəkmirəm
* Gəlin ümumi danışmayaq. Sizi bu yola dartıb aparan hansısa motivlər olmamış deyil.
* Bunun uzun tarixçəsi var. Başınızı yormaq istəmirəm. İndi artıq düzünü söyləsəm də faydası yoxdur. Təəssüf ki, bəzilərinin timsalında opponenti tənqid yox, təhqir etmək adi hala çevrilib ki, bu da ictimai rəydə yaxsı qarşılanmır. YAP-ın ciddi tədbirlər görməsinə ehtiyac vardır. Son hesabla partiyanın nüfuzuna xələl gətirəcək belə neqativ əhval-ruhiyyədən xilas olmalıyıq. Heç olmazsa, partiya rəhbərimizin tənqid üslubuna nəzər yetirib, nəticə çıxarsınlar. Bilikdən və söz ehtiyatından kəm-kəsiri olan bəziləri elə zənn edirlər ki, ekran qarşısında və ya digər kütləvi
informasiya vasitələrində kimisə aşağılamaq, şəxsiyyətini alçaltmaq qəhrəmanlıq sayıla bilər. Əksinə, bu, həmin adamın özünün hansı mənəviyyat sahibi olduğuna dəlalət edər.
YAP aparatından getməyim birisinin siyasi imkanları olmadığı təqdirdə, yuxarı vəzifəyə təyin edilməsi ilə bağlıdır. Bəlkə məni təkəbbürlülükdə, özündənrazılıqda günahladırasınız. Mümkündür. Sadəcə, ümumi dünyagörüş və mədəniyyəti qeyri-qənaətbəxş olan birisinin aparıcı mövqeyə qaldırılmasına dözümüm və səbrim çatmadı. Məhz bu səbəbdən aparatla xüdahfizləşmək üçün ərizə ilə müracət etdim. Həmin vaxt bu addımımı hörmətli Əli Əhmədovun təyinatına etiraz kimi qiymətləndirilənlər də oldu. Əli müəllim də buna inanmışdı. Lakin onunla qətiyyən bağlılığı yox idi. Çünki o yerə məndə heç bir iddia baş qaldırmamışdı, əksinə Ə. Əhmədovun təyinatına müsbət hadisə kimi yanaşmışdım.
* Bəs niyə konkret ad çəkmirsiniz?
* Bunun kim olduğunu bilməyən yoxdur. Arifə bir işarə kifayətdir. Yeri gəlmişkən, Ulu Öndərimiz Heydər Əliyevlə də bu haqda söhbətimiz olmuşdur. Partiya rəhbərim hansı səbəbdən belə iş gördüyümü məndən soruşdu. İlk sözü də bu oldu ki, qeyri-səmimilik etməyib, ona doğrunu söyləyim. Yalan danışa bilməzdim. Əks təqdirdə, özüm üçün mənəviyyatsızlıq sayardım. Odur ki, Heydər Əliyevə nə vardısa, düzünü dedim, cavabında bildirdi ki, “məsələnin müzakirəsi zamanı onun namizədliyini irəli sürdülər, mən də razılaşdım. Sən gərək, Sabir, bunu nəzərə alaydın! Lakin yekəxanalıq etmisən, bir də belə səhvlərə yol vermə!” Heydər Əliyevdən üzr istəyib, bağışlanmağımı xahiş etdim, o, “Yaxşı!” deyib, telefonu qapatdı. Fikir məni götürdü, buna baxmayaraq, sonralar onun sərt münasibətini heç hiss etmədim... Bu qədər.
* YAP-dan xaric ediləcəyinizlə bağlı dövri mətbuatda özünə yer alan məlumatlara necə baxırsınız? Bunun baş verəcəyini təsəvvür edirsinizmi?
* Hökm mənim əlimdə deyil. Hər şey ola bilər. Lakin YAP-ın üzvü kimi indi yerimdəyəm. Məlumatların haradan və kimlərdən qaynaqlandığı təxminən məlumdur. Bunu arzulayanlar var... Özü də biabırçı şəkildə qovulmamı sidq-ürəkdən diləyirlər. Lakin partiya rəhbərinin bu cür qərar qəbul etməsinə inamım gəlmir. İlham Əliyevi ədalətli insan kimi tanıyıram. Bir də bağışlanılmaz elə səhvə yol verməmişəm ki, barəmdə ən kəskin ölçü götürsünlər. Partiyanın strateji xəttinə qarşı, nizamnamə və proqramının, partiya sədrinin siyasətinin əleyhinə bir hərəkət etmişəmsə, o zaman təşkilatdan uzaqlaşdırılmamı haqq edərlər. Bunlar yoxdursa, kiminsə tənqidini əsas tutaraq məni xaric etmələri nizamnamə prinsiplərinə qətiyyən uyğun gəlmir.
* Bəs oğlunuz Rüfətin prokurorluq orqanlarından istefa verməsinin, səsləndirdiyi bəyanatların, yazdığı sərt yazıların qarşılığında partiya məsuiyyətinizin gündəmə gətirilməsinə necə baxırsınız?
* Sizin sualınızla əsla razılaşmıram. Məsələni qarışdırmaq lazım deyil. Bir valideyn kimi oğlumun belə bir addım atmasını istəməzdim. Lakin məndən xəbərsiz o, məlum siyasi mövqeni sərgiləmişdir. Uşaq deyil, yetkin, peşəsini dərindən bilən, savadlı müstəntiq idi. Başqa söhbətdir ki, gərək dözümlülük göstərəydi. Haqlı-haqsız oğluma hansı cəzanın verildiyini yaxşı bilirsiniz. Vaxtında razılaşmadığım məqamları ictimaiyyətlə bölüşmüşəm. Rüfəti zindanda çürütmək istəyirdilər. Lakin Prezident İlham Əliyevin xeyirxahlığı nəticəsində o, çox qısa müddətdə ailəsinin içinə qayıtdı. Saytınız vasitəsi ilə bir daha dövlət başçımıza öz təşəkkür və minnətdarlığımı çatdırıram.
* Bildirirsiniz ki, kimisə tənqid etdiyinizə görə partiya cəzasının verilməsi ədalətli olmazdı. Bağışlayın, yenə mücərrəd danışırsınız. Niyə ad çəkmirsiniz?
* Burada gizli bir şey yoxdur. Tənqid etdiyim şəxsin kimliyi,hansı yüksək mərtəbənin sahibi olduğu hər kəsə bəllidir. Yenidən bir daha bunun üzərinə qayıtmağa lüzum görmürəm.
* Nədən ehtiyat edirsiniz?
* Deyəsən, məni küncə sıxırsınız. Ehtiyat etməyə bir səbəb yoxdur. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev haqda kifayət dərəcədə yazılarım olub. İcarəsində olan adamların üstümə yeridiyi, özü də tərbiyəsiz bir qaydada hücuma keçməkləri də gizli deyil. Düşündükləri təhqiri, şəxsiyyətimi alçaldacaq ən yaramaz sözləri səsləndirdilər. Mən isə Ramiz Mehdiyevi təhqir edəcək bir kəlmə söz işlətməmişəm. Fakt və arqumentlərlə onun siyasi obrazının və idarəetmə metodlarının təhlilinə çalışmışam. Daha xoş olardı ki, irəli sürdüyüm faktları təkzib edəcək tutarlı dəlil-sübütlarla ortalığa çıxaydılar. Zənnimizcə, bunun əks təsiri daha faydalı təsir bağışlayardı, nəinki boş-boş danışıqların və təhqirlərin dilə gətirilməsi. Mən belə təsəvvür edirəm.
* Unutmayın ki, Ramiz Mehdiyevə qarşı yazılarınız ictimiyyətdə birmənalı qarşılanmayıb. Sizi qərəzli olmaqda günahlandıranlar da var. Arxanızda duran mötəbər qüvvələrin təhriki ilə belə addımı atdığınızı qeyd edirlər. Nə deyə bilərsiniz?
* Bu cür xəbərəri mən də eşitmişəm. Qınamıram onları. Acınacaqlı odur ki, cəmiyyəti belə işlərə o qədər alışıdırmışıq ki, artıq düzü, doğrunu söyləyərkən də bunun sifarişli olduğu qənaətinə gəlirlər. Təsəvvür edirsinizmi, qohumlarım arasında da bu cür yanaşanlara da rast gəldim. İndi görün, ictimai rəyi necə korlayıb, rəzil hala salmışıq. Bu, zərərli
tendensiyadır. Ona görə də müəyyən mənada ictimai rəydəki dolaşıqlığın Ramiz Mehdiyevin xeyrinə işləməsinə də təəccüblənmək lazım deyi. Baxmayaraq ki, belə mühitin yaradılmasında onun özünün xüsusi payı vardır. İnanmaya bilərsiniz, öz işinizdir. Ancaq məni bu işə çəkən heç bir qüvvədən söhbət gedə bilməz. Əslində həmin qüvvəni administrasiya rəhbərinin ətrafında axtarmaq lazım gəlir. Onu müdafiə etməyə can atan savadsız şəxslərin təhqirlərinin də bi məsələdə oynadığı rolu inkar etmirəm. Qələmə aldıqlarımın hamısı öz araşdırmalarımın, düşüncələrimin məhsuludur. Öz iradəm nəticəsində siyasi hekayətlərim işıq üzü görmüşdür. Mehdiyevin tənqidi ilə bağlı araşdırmalarımı əsasən onun özünə istinad etməklə qələmə almışam. Onlardan birini yada salacağam. Məsələn, dövlətin kadr siyasəti ilə bağlı administrasiya rəhbərinin mövqeyi Prezident İlham Əliyevin mövqeyindən kəskin surətdə fərqlidir. Necə anlamaq ki, ölkə başçısınınm kadr siyasəti tabeçiliyində çalışan biri tərəfindən qəbul edilmir. Belədə həmin şəxsin bu günədək vəzifəsini davam etdirməsini və ondan bu cür açıqlama ilə gündəmi qarışdırmasının səbəbini soruşan yoxdur. Mehdiyev Prezident yanında İdarəçilik Akademiyasının 15 illk yubiliyendəki nitqində deyir: “Həm Prezident Administrasiyası, həm nazirlər, həm də yerli hakimiyyət strukturları bu gün ciddi kadr problemi ilə üzləşiblər. Yüksək tələblərə uyğun kadr ehtiyatı şəxsən məni qane etmir. 70 il əvvəl qalib gəldiyimiz savadsızlıq həyatımıza qayıdır.” Əgər onun dedikləri doğrudursa, deməli, ölkə bütünlüklə kadr böhranı məngənəsində boğulur ki! O zaman sosial-iqtisadi-siyasi uğurlardan necə söhbət aça bilərik? Göründüyü kimi, administrasiya rəhbəri günahı tamamilə özündən kənarlaşdırır. Halbuki, bir neçə dövləti vəzifəni daşıyan, qalın-qalın kitablara guya müəlliflik edən “akademik” R. Mehdiyevin bir vəzifəsi də varmış: Azərbaycan Respublikası Prezidenti yanında Təhsil Komissiyasının sədrliyi də ona tapşırılıbmış. Görəsən, təhsilli kadrların yetişdirilməsində özü hansı önəmli işlərin sahibidir? Yoxsa, bu da Korrupsiyaya qarşı Mübarizə Komissiyasının sədri kimi göstərdiyi fəaliyyətin o biri üzüdür? Adamı dəhşət bürüyür. Araşdırmalarım nəticəsində maraqlı bir detal da müəyyən olundu. Prezident yanında Dövlət İdarəçilik Akademiyasında rəhbər kadrların hazırlanması fakültəsi on ildən çoxdur ki, fəaliyyət göstərir. Ayrı-ayrı dövlət təşkilatlarında çalışan nümunəvi dövlət qulluqçuları həmin fakültəyə imtahansız surətdə qəbul edilərək, 3 il müddətində akademik təhsil alırlar ki, bu da birbaşa “akademik” Ramiz Mehdiyevin kurasiyasındadır. Sual olunur, hardadır bəs onun rəhbər vəzifələrə hazırladığı kadrlar? Buna nə deyə bilər?
Prezident İlham Əliyev isə Milli Elmlər Akademiyasının 70 illik yubileyindəki çıxışı ilə Ramiz Mehdiyevin sabotajını alt-üst edir. Dövlət başçısı bildirir: “Kadr potensialımız güclüdür. Təhsil lazımı səviyyədədir. Savadlılıq təxminən 100 %-dir.”
Budur, ciddi bir məsələyə iki baxış. Baltanı kökündən saplayan administrasiya rəhbəri bu çağırışla cəmiyyətdə hansı ovqatı yaratmağa can atır? Təcəvvür edirsinizmi, bu sözləri başqa birisi səsləndirmiş olsa idi, YAP-ın bərkgedənləri hansı pəstəhalardan çıxardılar! Bəs niyə susdular? Çünki Ramiz Mehdiyevin immuniteti ona toxunmağa imkan vermir. Onlarla belə misal gətirə bilərəm, mən də bunlardan yazmışam. Günahım nədir, cavab verə bilərlərmi? Əvəzində partiyanın ideoloqları məni gündəmdə qalmaqda təqsirləndirdi, təhqir dolu ifadələrlə şəxsiyyətimə qarşı olmazın ifadələrini dilə gətirdilər. Yazıqlar olsun sizlərə! Daha nə deyim. Heç olmazsa, 650 min üzvü olan bir partiyanın kadr ehtiyatı barədə gurultu ilə danışanlar Mehdiyevin zərərli tezislərinə diqqət çəksinlər.
-Gəlin etiraf edək ki, Ramiz Mehdiyev sıradan birisi deyildir. Sizdən fərqli olaraq biz onu böyük təcrübə və biliyə malik dövlət xadimi kimi tanıyırıq. Tənqidlərinizin mərkəzində şəxsi maraqların dayandığı da aydın hiss olunur. Bu haqda nə deyə bilərdini?
- Onun nüfuzlu şəxs olduğunu kimsə inkar edə bilməz, o cümlədən mən. Həqiqətən, güclüdür. Belə olmasaydı, dövlətin idarə edilməsində yeri və çəkisi barədə cəmiyyətdə dolaşan söz-söhbətlər, əfsanələr kəndbəkənd gəzişməzdi. Prosesin necə formalaşdırılmasının və sadiqliyi ilə seçilən məmurların bu məsələdə göstərdikləri xidmətlərin üzərinə təkrar qayıtmaq fikrim yoxdur. Məgər yalandır ki, administrasiya rəhbərinin siyasi təsiri olmadan dövlətin ayaqda durmasının mümkünsüzlüyünə insanları inandırmaq kimi zərərli və dağıdıcı təbliğat şəbəkəsinin meydan oxuması? Hakimiyyətdaxili proseslərə müəyyən dərəcədə bələdliliyim bu təbliğatın hansı məqsəd daşıdığını söyləməyə imkan verir. Düzdür, mənə etdiyi pisliklərin də oynadığı rolu tam inkar edə bilmərəm. Oğlum Rüfətin həbsinə sanksiyanı prokuror və hakimin deyil, məhz onun verdiyi qənaətindəyəm.Gizli deyil ki, bütün strukturlarda olduğu kimi, hüquq mühafizə orqanlarında da Ramiz Mehdiyevin nöqteyi-nəzəri yeriyir. Məhz ondan ehtiyat edərək Rüfətin irəliləməsinin qarşısı alınırdı. Lakin ədalətin önünü əbədi kəsmək mümkün deyil, necə ki kəsilmədi... Bu mənada, Prezident İlham Əliyevin daha böyük ürək sahibi və ədalətli rəhbər olduğuna ailəmlə birlikdə şahidlik etdik. Mən Prezidentimə sonsuza qədər minnətdaram. Ramiz Mehdiyevə qalan yerdə Rüfət həbsxana divarları arasında çürüməli idi. Əslində Baş prokuror Zakir
Qaralovda da təqsir görmürəm. Nə etsin?!.Ona görə də hər şeyi şəxsi marağın ayağına bağlamağı düzgün saymıram.
-Gəlin mövzunu dəyişək. Eldar müəllim, işlədiyiniz müddətdə Sizə rüşvət, maddi nemət və s. təkif edən olubmu?
-Ağır məsələdən yapışırsınız. Ancaq elə bir isbatlı vəzifəm olmayıb ki, mənə kimsə rüşvət təklif etsin. Təklif olunsa idi belə, qəbul edib-etməməyimi məndən deyil, məni tanıyanlardan soruşun. Qoy bir nəfər ortaya çıxıb desin ki, ona rüşvət vermişəm. İkincisi, rüşvətxorluq çirkli bir əməl olmaqla bərabər, həm də böyük fərasət və bacarıq tələb edir ki, o da məndə yoxdur. Səmimi deyirəm, nə rüşvət almışam, nə də rüşvət vermişəm. Hərdən fikirləşirəm ki, əgər çoxlu haram pul toplamış olsa idim, günlərimi necə keçirə bilərdim. İnanın ki, gecələr qorxudan yata bilməzdim. Axı, onsuz da sonumuz 3 metr kəfən, 2 kvadratmetr torpaq sahəsidir, bu da qismət olsa... Məşhur türk milyarderi Sabançı rəhmətə getməmişdən bir gün əvvəl xahis edir ki, ayaqlarıma corab geydirin, heç olmazsa, o dünyaya bir corabla gedim...
Rüşvət xərçəng kimidir insanı içindən didir. Buna baxmayaraq öyrəşmiş adamların gözü doymur. Haram yolla dolanışığı həyat normasına çevirərək çapıb-talayırlar. Azərbaycanın bir nömrəli problemi rüşvət və korrupsiyadır. Nə qədər ki, bu qara yaradan xilas olmamışıq, işlərimiz düz getməyəcəkdir.
Böyük Sabirin iki misrasını yada salmaq istəyirəm:
Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan,
Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan!
Təxminən 100 il keçsə də, sanki bu misralar bu günümüz üçün qələmə alınıb. Heç nə dəyişməyib! Üstəlik, haram pula həvəskarların sayı qat-qat çoxalıb.
-Tənqid etməklə iş bitmir, Eldar müəllim. Konkret təklifiniz nədən ibarətdir?
-İlk növbədə hakimiyyət çox ciddi tədbirlər görməlidir. Problemlərimizin başında rüşvət və korrupsiya dayanır. Biz məhkəmə sisteminin gücünü artırmalıyıq. Bu həlqədə tam dönüş yaradılmayınca nəticəni əldə edə bilməyəcəyik. Nazir, icra başcısı və digər yüksək dövlət məmuru göz altına gətirsə ki, pis əməlinə görə, müttəhimlər kürsüsündə dayana bilər, inanın, o, qorxudan bu yola getməz. Məhkəmə sisteminin müstəqilliyi dövlətin möhkəmliyi, qanunun aliliyinin təmin olunması üçün ən güclü vasitədir.
Rüşvətxor və korrupsioner ölkə və Prezident üçün daha təhlükəlidir, nəinki müxalifətin qışqırtıları. İctimai nəzarət əsasən bu istiqamətə yönəldilməlidir.
-Sizcə, maliyyə naziri Samir Şərifovla bağlı yayılan ifşaedici məlumatların bir əsası varmı?
-Məsələnin indi gündəmə gətirilməsi çoxlu suallar yaradır. Ona görə də konkret nəticəyə gəlmək çətindir. Yuri Şvets bu addımı özünün səyi ilə, yoxsa daxildən maraqlı birisinin təhriki ilə atmışdır?! Bax, bu, düşündürücüdür. Başqa bir diqqətçəkici detal ondan ibarətdir ki, Şvets müsahibəsində iki dəfə “baş nazir” ifadəsini dilə gətirir ki, bu da müəyyən şübhələr yaradır. Məqsəd bundan ibarət olubsa, Prezidentə ən böyük xəyanətdir. Bütün hallarda aydınlaşdırma tələb olunur. Eyni zamanda, Şərifovun üçqat agentliyi barədə səsləndirilən faktlar ciddi araşdırılaraq, ictimaiyyətə səhih məlumatlar verilməlidir. Susqunluq cəmiyyət tərəfindən birmənalı mənfi qarşılanır. Hakimiyyətə yaxın ideoloji mərkəzlər sorğular keçirərək hadisənin necə hiddətlə qarşılandığının şahidi ola bilərlər. Dediklərimizdə bir qərəz yoxdur. Hərə öz işi ilə məşğuldur, təkcə dövlət başcısı hədəfə çevrilmişdir. Bir insafınız, vıcdanınız olsun!..
-Eldar müəllim, 7 il Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi olmusunuz. Az müddət deyil. Digər strukturlardakı oxşar vəzifələrlə müqayisədə sizinki daha məsulyyətli və daha diqqətli olmağı tələb edən bir sahə idi. Bu illərdə hər hansı səhvə yol verdiyiniz məqamları xatırlayırsınızmı?
-Hər işdə bir səhv ola bilər, lakin baxar onun miqyas dərəcəsinə. Həqiqətən, bu vəzifə olduqca səriştə, səbr, kütləvi informasiya vasitələri ilə əlaqədə olarkən ehtiyatlı davranmağı, peşəkarlıq nümayiş etdirməyi, deyilməsi məqbul sayılmayan informasiyaların məxfiliyinin qorunmasını tələb edir. Çünki ağzından çıxan söz dərhal ictimailəşə bilər ki, bu da böyük skandala səbəb yaradar. Burada hər şeyi açıq süfrəyə qoymaq olmaz. Dövlətin maraqları üstün tutulmalıdır. Bu mənada hər zaman çalışmışam ki, qeyd etdiyim mühüm tələblərə əməl edim. Xırda səhvlərim ola bilər. Lakin birdən-birə başqa mühitə düşüb səs-küyə və ciddi ehtirazlara səbəb olan, yuxarı komandanlığın əmr və göstərişlərini icra edərkən səriştəsizlik göstərmək kimi halları yadıma sala bilmirəm. 7 illik əsgəri xidmətimi ləyaqətlə başa vurdum. Ağzıgöyçəklər hər zaman olub, onların qərəzli tənəsinə baxmayaraq, öz işimlə məşğul olmuşam.
-Nəhayət, sonuncu sual: Tez-tez Sizi cəhbə bölgələrində görərdik. Şəxsi heyətin döyüş qabiliyyəti, hərbi-texniki potensialımız Dağlıq Qarabağı işğaldan azad etməyə imkan verirmi?
-Buna şübhəniz olmasın. Beynəlxalq hərbi sorğu mərkəzləri və institutlarının apardıqları monitorinqlər də sübut edir ki, Cənub Qafqazda Azərbaycan ordusu istər silah-sursata, istərsə də şəxsi heyətin döyüş qabiliyyətinin yüksəkliyinə görə ilk yerdə durur. Bununla fəxr etməliyik. Ermənistan bizimlə müqayisədə çox geridə qalır. Ona qüvvət verən Rusiyadır. Bir neçə gün əvvəl prezident Serj Sarksyanın Moskvada prezident Vladimir Putinlə görüşdən dərhal sonra mətbuat katibi Dmitri Peskovun bəyənatına diqqət yetirin. O, belə deyir: “İştirakçılar razılığa gəlmədiyi halda beynəlxalq vasitəçilər Dağlıq Qarabağ münaqişəsinin həll edə bilməzlər.” O zaman Minsk Qrupu kimə və nəyə gərəkdir? Birdəfəlik ləğv edilsin, biz də öz işimizi bilək. Hazırda bu beynəlxalq missiya Rusiyanın birbaşa müdaxiləsi nəticəsində ölü təşkilata çevrilmişdir. Nə sülh, nə müharibə- heç biri yoxdur. Artıq 25 ilə yaxındır ki, Ermənistan yaxın havadarının köməkliyi ilə torpaqlarımızda oturub. Azərbaycanın heç bir başqa ölkənin ərazisində gözü yoxdur. Düşmənin geri oturdulması hüququnu da əlimizdən kimsə ala bilməz. Münaqişənin indiyədək həl edilməməsinin başlıca günahkarı Rusiya dövlətidir. Yoxsa Azərbaycan Silahlı Qüvvələri üç-dörd ay ərzində işğalçını torpaqlarımızdan silib-süpürmək qüdrətinə malikdir.
SSRİ dövründə yaradılmış Dağlıq Qarabağ böhranı Rusiyanin hazirkı hakimiyyəti tərəfindən də eyni qaydada dərinləşməkdə davam edir. Yəni dünənki Kreml ilə bugünki Kreml arasında heç bir fərq yoxdur...