Xalq sürətlə müflisləşir

28-03-2016, 08:50   
Əhalinin gəlirləri 43,5, iqtisadiyyata yatırım isə 86 faiz azalıbXalq sürətlə müflisləşir

Nemət Əliyev: «Ölkənin iqtisadiyyatına yatırım qoyulmursa, o zaman hansı iqtisadi inkişafdan danışmaq olar»

Maliyyə böhranı getdikcə iqtisadiyyatın daha dərin qatlarına işləməkdədir. Bunu statistik göstəricilər də təsdiq edir. Əhalinin pul gəlirləri 43,5% azalıb. 2015-ci ilin yanvar-fevral aylarında adam başına düşən pul gəlirləri 618 manat hesablanıb. Həmin dövrdə manat-dollar məzənnəsi orta hesabla 0,82 manat təşkil edib. Odur ki, o dövrdə adam başına düşən pul gəlirləri 754 dollar olub.


Bu göstərici 2016-cı ilin yanvar-fevral aylarında 673 manat, manat-dollar məzənnəsi isə orta hesabla 1,58 manat olub. Odur ki, bu dövrdə hər nəfərə düşən pul gəlirləri 426 dollar təşkil edib. Azalma 43,5 %-dir.

Bundan başqa istehsal, qeyri-istehsal sahələrinin maliyyə təminat sisteminin başı üzərini təhlükə alıb.

Bu ilin yanvar-fevral aylarında dövlət büdcəsindən ölkə iqtisadiyyatına kapital qoyuluşu 86% azalıb. Büdcədən bu iki ayda vur-tut 63 milyon manat sərmayə yatırımı həyata keçirmək mümkün olub.

Əhaliyə səhiyyə və sosial xidmət göstərən sahələrə cari ilin ilk iki ayında pul qoyuluşu 99% azalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici istirahət, əyləncə və incəsənət sahəsində 94%, təhsildə 90% enib. Informasiya və rabitə sektorunda 79%, kənd təsərrüfatında 69%, qeyri-neft sənaye sahələrində 53%, tikintidə 44% azalma baş verib. Bütövlükdə qeyri-neft sektoru üzrə sərmayə yatırımı 45% düşüb. Ümumi kapital qoyuluşu 31% azalıb.

Ölkənin iqtisadi və sosial həyatına pul qoyuluşunun bu dərəcədə azalması sabah üçün heç bir nikbin perspektiv vəd etmir. Bu göstəriciləri yaranmış fəlakətli vəziyyətin anonsu kimi də qəbul etmək olar. Belə məlum olur ki, iqtisadi tənəzzül daha dərin qatlara nüfuz etməklə yanaşı, üfüqi istiqamətlərdə də sürətlə genişlənməkdədir. Bütün bunlara baxmayaraq, hələ də real iqtisadi islahatlar görünmür.

İqtisadi göstəricilərin, bu səviyyədə geriləməsi vətəndaşların güzaranına necə təsir edəcək?

nemet-eliyev

Iqtisadçı Nemət Əliyev bildirdi ki, Statistika Komitəsi manatla ifadədə əhalinin pul gəlirlərinin 10 faiz artması barədə məlumat yaysa da, real vəziyyət tam fərqlidir. Ötən bir il ərzində iki böyük devalvasiyanın baş verdiyini deyən N.Əliyev vurğuladı ki, Azərbaycanın milli valyutası iki dəfə dəyərini itirib: “Iki dəfə dəyərini itirmiş manat kütləsi ilə, sabit dönəmdə olan manat kütləsi ilə müqayisə etmək heç nə verə bilməz. Bu real gerçəklikdən uzaq quru rəqəmdir. Əhalinin pul gəlirləri haqqında doğru təsəvvür yaratmaq üçün Dövlət Statistika Komitəsinin borcuydu ki, bu hesablamaları nisbətən sabit valyutada aparıb, cəmiyyətə təqdim etsin. Yaxud da bugünki valyutanın devalvasiya əmsallarını hesablayıb, konkret rəqəmlər ortaya qoymalı idi”.

N.Əliyev vurğuladı ki, ekspertlərin apardığı hesablamalar göstərir ki, əhalinin pul gəlirləri 43.5 faiz aşağı düşüb. Bu göstərici sabit valyuta olan dollarla hesablamada ortaya çıxır: “Adambaşına düşən pul gəlirləri 328 dollar ixtisar olunub. Bundan başqa Azərbaycan iqtisadiyyatında kəskin inflyasiya gedib. Azərbaycan hökumətinin manatla etiraf etdiyi inflyasiya göstəricisi 12 faizə yaxındır. Biz həm əhalinin gəlirlərinin kəskin şəkildə azalmasının, həm də inflyasiyanın şahidi oluruq. Bütün bunlar əhalinin alıcılıq qabiliyyətinə təsir edir. Bütün bunlar ona görə baş verib ki, Azərbaycan hökuməti illərlə yanlış siyasət yürüdüb. Dedikləri yalanlara özlərini inandıra-inandıra, əhalini aldada-aldada bu cür vəziyyət yaradıblar”.

Ölkənin qeyri-neft sahələrinin ağır günlərini yaşadığını deyən N.Əliyev bildirdi ki, kənd təsərrüfatında, neftdən kənar sahələrdə, tikinti sektorunda çox ağır vəziyyət yaranıb: “Qeyri-neft sahəsinin maliyyə təminatı ilə bağlı ciddi problem yaranıb. Bu ilin yanvarında ölkə iqtisadiyyatına maliyyə yatırımı həyata keçirilməyib. Iqtisadiyyatın maliyyələşməsinə ayrılan vəsaitlər 98 faiz və ya 58 dəfə aşağı düşüb. Bu vəziyyət əhalinin ölkə iqtisadiyyatlarına yatırımına təsir edib. Büdcədən kənar fondlarda da oxşar vəziyyət müşahidə olunur. Eyni zamanda xarici investorların yatırımları da 17 faizə qədər azalıb. Ölkənin bütövlükdə qeyri-neft sektoruna kapital yatırımı 45, təhsilə yatırımlar 90 faiz azalıb”.

N.Əliyev vurğuladı ki, ölkənin iqtisadiyyatına yatırım qoyulmursa, o zaman hansı iqtisadi inkişafdan danışmaq olar. N.Əliyevin sözlərinə görə, Azərbaycanın maliyyə vəsaitlərini cüzi faizlə xarici ölkələrin idarəetməsinə verən hökumət, iqtisadiyyata yatırmağa ya vəsait tapmır, ya da ümumiyyətlə bunu istəmir. “Maliyyə böhranı hazırda bütün sahələri başına alıb. Böhran geniş miqyasda müşahidə olunur. Real və təsirli islahatlara təkan verilməlidir. Bu istiqamətdə ən böyük problem inhisar və korrupsiyadır”, deyə N.Əliyev vurğuladı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar