Sumqayıtdakı vəhşiliyə görə günahkarlar cəzalanmalıdır
Mövcud hakimiyyət hər zaman xalqa sübut etməyə çalışıb ki, dünyanın hər yerində zülm ərşə dirənib, insanların hüquqları pozulur və yeganə təhlükəsiz ölkə Azərbaycandır. AzTv-nin hər gün dünyanın müxtəlif yerlərindəki etiraz aksiyalarını, zəlzələləri, daşqınları, polis zorakılığını əks etdirən görüntülər tirajlaması da məhz bu siyasətin davamıdır. Amma reallıq tamam fərqlidir. Təəssüf olsun ki, Azərbaycanda işgəncə halları adiləşib və cəzasızlıq mühiti formalaşıb.
Hələ bir müddət əvvəl 14 saylı cəzaçəkmə müəssisəsində Elşad Babayev adlı soydaşımız vəhşicəsinə ÿdöyülərək öldürüldü. Bu hadisə böyük səs-küyəÿ səbəb olsa da günahkarlar məsuliyyətdən yayındırıldı. Üstəlik, Elşad Babayevin döyülərək öldürülməsinə etiraz edən dustaqlar da döyüldü, karserə salındı. Fevralın 12-də daha acınacaqlı bir hadisə baş verdi. Bu dəfə də 6 saylı cəzaçəkmə müəssisəsində 2 məhkumun döyülərək öldürüldüyü məlum oldu.
Ümumiyyətlə, həbsxanada işgəncə hallarının hökm sürdüyü, MTN-in təcridxanasında insanlara zülm edildiyi haqqında çoxlu faktlar var. MTN generalının gizli həbsxana saxlaması, MTN-in cinayət yuvasına çevrilməsi haqda ortaya çıxan faktlar da real vəziyyətə aydınlıq gətirir.
Amma görünən budur ki, bu kimi halların ictimailəşməsi, MTN-in cinayətkar generallarının həbs olunması “ənənə”ni ləğv etməyib. Yəni, insanlara qarşı işgəncə halları, hüquqsuzluq, vəhşilik hələ də davam edir.
Iki gündür ölkə mətbuatı, sosial şəbəkələr Sumqayıtda baş vermiş tükürpədici hadisədən yazır. Belə ki, 22-23 mart tarixlərində Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. Polislər bu hadisə ilə əlaqədar günahsız bir vətəndaşı tutub, cinayəti zorla onun boynuna qoymaq istəyiblər. Polis idarəsində həmin günahsız vətəndaşa saatlarla işgəncələr verilib, cinayəti boynuna alması tələb olunub. Sonda isə məlum olub ki, bu şəxs həqiqətən də günahsız imiş. Bu işgəncəni gizlətmək üçün isə polis rəisi vətəndaşı hədələyib, susmasını tələb edib. Işgəncəyə məruz qalmış şəxsin danşdıqlarından, bədənindəki xəsarətlərdən də aydın görünür ki, polislər bu adamla düşmən əsiri kimi davranıblar.
Təbii ki, polislərin cəmiyyətdə rolu böyükdür, polisin fəaliyyəti sabitliyin təminatıdır, polislərin xidmətini danmaq olmaz. Amma bu kimi faktlar da göstərir ki, polis sistemində də özbaşınalıq, hüquqsuzluq hökm sürür. Faktiki olaraq polislər bir insanın, bir ailə başçısının həyatına qəsd etməklə məşğul olublar. Belə cinayətlər cəzasız qalmamalıdır. Hansısa müxalifət fəalına qarşı qondarma ittiham irəli sürüləndə MTN, DIN, Prokurorluq birgə bəyanat verirlər, dərhal iş başına keçirlər.
Amma Sumqayıtda dəhşətli bir hadisə baş verib və adekvat reaksiya hələ də yoxdur. Normal bir ölkədə belə hadisənin ictimailəşməsi ölkəni silkələyərdi. Daxili Işlər Naziri Ramil Usubov açıqlama verməli, bu adamlar cəzalandırılmalıydı. Faktiki olaraq DIN əməkdaşları quldur dəstəsi kimi fəaliyyət göstərib.
Görünür, MTN-də baş verənlər DIN üçün dərs olmayıb. Amma DIN rəhbərliyi də bilməlidir ki, belə işgəncə halları onların aktivinə yazılır. Hacı Məmmədov işindən xeyli müddət ötüb və yenə də iyrənc ənənələr davam etdirlir. Bir cinayətin üstü açılmırsa, bunu günahsız insanların boynuna yıxmaq lazımdır? Bu hansı kitabda, hansı qanunda yazılıb? Vətəndaşın təhlükəsizliyinə təminat verməli olan adamlar, təhlükə mənbəyinə çevrilibsə, dərhal cəzalanmalıdır. Polis idarəsi işgəncə yuvasıdırsa, polisin vətəndaşı vəhşicəsinə döymək hüququ varsa, bunu ictimaiyyətə açıqlayın. Əgər belə deyilsə, bu halların qarşısı alınsın. Bugünlərdə polislə əməkdaşlığa cəlb olunmuş 226 mülki şəxs belə hallardan dərs götürməlidir?
Məhz belə hallara görə cəmiyyətdə polisə münasibət birmənalı deyil. Elə buna görə də polislə əməkdaşlıq edənlərə cəmiyyətdə mənfi münasibət var.
Bir sözlə, Sumqayıtda baş verən hadisə onu göstərdi ki, polis sistemində ciddi boşluqlar və buna şərait yaradılıb.