Gəncənin icra başçısı öz sözünə əməl etmir
Gəncə sakini Nahib Hüseynov növbəti dəfə dövlət başçısı Ilham Əliyevə müraciət edib. Şəhid ailəsi olan Nahib Hüseynov Gəncənin icra başçısından Əliyevə şikayətinin surətini “Azadlıq”a da göndərib. O, məktubunda icra başçısının onu və ailəsini çörəksiz qoymasından bəhs edir:
“Mənim Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 36 saylı binanın yaxınlığında şəxsi mülkiyyətim olan mağazam vardı. Ailəmi mağazanın gəliri ilə dolandırırdım. Amma 18 avqust 2015-ci ildə Gəncənin icra başçısı heç bir səbəb və sənəd göstərmədən mağazamı avadanlıqlarıyla birgə ağır texnika vasitəsilə dağıtdı. Bütün dövlət orqanlarına müraciət etmişəm. Uzun sürən mübarizələrdən sonra Icra Hakimiyyəti tərəfindən mənə zəmanət məktubu verildi. Sənəddə qeyd olunurdu ki, həmin ünvanın məhəllə tərəfindən mənə 120 kvadrat metrlik torpaq ayrılacaq və üzərində mağaza tikiləcək. Mağaza bütün qanuni sənədləri və içindəki avadanlıqlarla birlikdə tam təmirli və işlək vəziyyətdə mənə təhvil veriləcək. Bütün bu öhdəliklər 31 dekabr 2015-ci ilədək yerinə yetirilməli idi.
Dəfələrlə zəng edib tikintiyə başlayıb-başlamadıqlarını öyrənmək istəsək də, bizə cavab vermədilər. Məcbur qalıb prezident Ilham Əliyevə məktubla müraciət etdim və bir surəti də ”Azadlıq”da çap olundu. Gəncə şəhər icra başçısının müavini Mikayıl Zeynalov mənə zəng edərək məsələni çox böyütməyimi irad tutdu. Ona mağazanın deyilən vaxtda təhvil vermələrini xatırlatdım.
Mağazanı tikməyə başlayandan bir həftə sonra işi dayandırdılar. Müxtəlif qurumlara etdiyimiz şikayətlər nəticəsiz qalıb. Preziden Ilham Əliyevdən xahiş edirəm, kobudcasına pozulan hüquqlarımını bərpa olunmasını təmin etsin”.