Uzun illərdi Türkiyənin İstanbul şəhərində yaşayan rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Yedditəpə Universitetinin dosenti Teymur Rzayev Türkiyədə yaşayan jurnalistimiz Nigar İsmayılqızına Azərbaycanda baş verən hadisələr haqqında fikirlərini bölüşüb: "Son baş verənlər hər bir azərbaycanlı kimi bizim üçün də çox önəmlidir. Baxmayaraq ki, uzun illərdi Türkiyənin İstanbul şəhərində yaşayıram. Hansı ölkədə yaşamağımızdan asılı olmayaraq biz Azərbaycan vətəndaşıyıq, ən əsası vətənimizlə bağlı xəbərləri izləyirik. Son günlərdə baş verən hadisələri biz rəssamlarda gözləyirdik. Gec, tez ədalət yerini tapmalıdır. Azərbaycan öz haqqını almalıdır. Qarabağ bizim olmalıdır. Təbii ki, bu döyüşlərdə biz canlar itiririk. Necə deyərlər, hər bir insan vətəni üçün canından keçməyə hazır olmalıdır... İstanbulda yaşayan azərbaycanlılar xəbərləri kütləvi informasiya vasitələrindən alır. Bütün hallarda Azərbaycan haqqlıdır. Hətta, BMT-nin dörd qərarına əsasən torpaqlar bizim olmalıdır. Ermənilər bizim torpaqlardan cıxmaqa məcburdular. Bildiyiniz kimi, mən “Yedditəpə” universitetində bir rəssam, bir müəllim kimi öz fəaliyyətimi davam etdirirəm. Demək olar ki, baş verən hadisələr bizim universitetin kollektivi üçün çox maraqlıdır. Onlar da daim Azərbaycanın yanındadır. Kimliyindən aslı olmayaraq, hər bir insan vətənini qorumalıdır. Qeyd edim ki, ilk on iki şəhidlərin siyahısında Dövlət Rəssamlıq Akademiyasının heykəltaraşlıq bölümdən məzun olan tələbəmizdə var. Cəbhədə şəhid olanlara Allah rəhmət eləsin... Bu bir daha onu sübut edir ki, bütün sahələrdə oxuyan, çalışan Azərbaycan oğlu torpaqlarının bütövlüyü üçün canından keçməyə hazırdır... Şəhidlərimizin Ruhu şad olsun..."
Məlumat üçün deyək ki, Teymur Razyev 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elm, mədəniyyət, incəsənət sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə gorə “Əməkdar rəssam” fəxri adı verilib.
04.04.2016 Türkiyə,İstanbul.
Xüsusi olaraq AzerPeyk üçün Nigar İsmayılqızı