Son 4 gündə Qarabağda baş verən döyüşlərdə 31 Azərbaycan hərbçisi şəhid oldu.
İşğal altında olan torpaqlarımızın azad olunması üçün hər bir Azərbaycan vətəndaşı iştirak 31 şəhidimiz kimi ölməyə hazır olmalıdır. Varlı və kasıb olmağımızdan asılı olmayaraq Vətən hamımızındır. Təəssüf ki, bundan əvvəl və son döyüşlərdə şəhid olanlar arasında bir məmur övladının adı belə keçmir. Sosial şəbəkələrdə məmur övladlarının müharibədə iştirak etməməsi və kef-damaqlarından qalmaması geniş müzakirələrə yol açıb. Haqlı olaraq Azərbaycanda məmur ovladlarının ordudan və cəzadan yayınması hallarını kəskin tənqid ediblər.
Məmur ovladları əksəriyyət kimi kasıb və orta səviyyəli həyat yaşasaydı, indi həmin oğullar cəbhədə böyük igidliklər göstərə bilərdilər. Lakin, məmur atalar özləri kimi övladlarını da vətənin daşı olmasına imkan vermirlər.
Belə məmurlardan biri də Səbail rayonunun keçmiş, Nəsimi rayonunun isə hazırkı icra başçısı Asif Əsgərovdur. Üzun müddət medianın diqqətdə saxladığı Asif Əsgərovun məlum hərəkətini bir daha xatırlamağı lazım bilirik.
Qeyd edək ki, icra başçısı Asif Əsgərovun oğlu 1998-ci il təvəllüdlü İlham Əsgərli “Mc Donald’s”ın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin ölümü ilə nəticələnən yol qəzasına görə həbs olunmuşdu. Hadisə 2014-cü il sentyabrın 27-də Türkan-Zığ yolunda baş verib. Birlikdə təhsil alan və dost olan İlham Əsgərli ilə Sənan Mirzəyev həmin gün Şüvəlana “Paintball” oynamağa gediblər. İlham Əsgərlinin idarə etdiyi “Mercedes S500” markalı avtomobil yolda arxadan Əhliman Süleymanovun idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşub. Nəticədə Sənan Mirzəyev dünyasını dəyişib, İlham Əsgərli, eləcə də hadisə zamanı maşında arxa oturacaqda olmuş sürücüsü Pərvin Fətullayev isə xəsarət almışdı.
Günahsız insanın həbsi…
Hadisə ilə əlaqədar İlham Əsgərli ilə yanaşı, yük maşınının sürücüsü, Qəbələ rayonunun Karxana kənd sakini Əhliman Süleymanov da məsuliyyətə cəlb olunub. Hərçənd, cinayət işinin materiallarında da rəy var ki, İlham Əsgərli avtomobili 200 km. saat/sürətlə idarə edib və ötmə qaydasını pozub, nəticədə də arxadan yük maşınına dəyib. Sürət elə bir həddə olub ki, toqquşma nəticəsində yük maşınını yoldan çıxarıb kənardakı qumsallığa aşırıb.
Həm İlham Əsgərli, həm də Əhliman Süleymanov ibtidai istintaq və bu işə məhkəmədə baxıldığı dövrdə azadlıqda olub. Təqsirləndirilən şəxs qismində tanınsalar da, İlham Əsgərli barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri, Əhliman Süleymanov barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.
İlham Əsgərli avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb ki, bu maddənin də sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub. Əhliman Süleymanov isə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilirdi ki, bu maddədəki əməl 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlham Əsgərliyə 5 il 6 ay, Əhliman Süleymanova isə 6 il həbs cəzası verildi. Başqa sözlə, yük maşınının sürücüsünə icra başçısının oğlunun qarşısına çıxdığına görə ən ağır cəza verildi…
Onların hər ikisi 2015-ci il mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunan gün məhkəmə zalında həbs olundular.
Sonradan – iyunun 29-da Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulov CM-nin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin etmə) maddəsini tətbiq edərək, icra başçısının oğlunun cəzasını 3 ilə endirdi. Amma Əhliman Süleymanova verilmiş maksimum cəza elə olduğu kimi saxlanıldı.
Ədliyyə Nazirliyinin vəzifəli şəxslərinin yazdıqları…
“Azadlıq” qəzeti yazır ki, İlham Əsgərli həbs olunandan sonra Kürdəxanıdakı istintaq təcridxanasının tibb-sanitariya hissəsinə yerləşdirilib. Qəza zamanı aldığı xəsarətlə əlaqədar həbs olunarkən də, ondan sonra təcridxanada da qoltuq ağacı ilə hərəkət edirmiş. O, daha sonra – iyulun 6-da Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Elə həmin ərəfədə vəkili Cabir Mehrəliyev ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edib və “cəzanın çəkilməsinə mane olan xəstəliyilə əlaqədar cəzanı çəkməkdən azad edilməsinə dair” qərar çıxarılmasını istəyib. Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəisi Rəfael Mehdiyevin sədrliyilə, idarənin rəis müavini İftixar Qurbanovun da daxil olduğu komissiya rəy verib ki, “Müalicə Müəssisəsində aparılan müalicələr effektiv olmayıb, onun müalicəsinin xüsusi şəraitli ixtisaslı tibb müəssisəsində həyata keçirilməsi zəruridir. Penitensiar Xidmətin tabeliyində olan Müalicə Müəssisəsində belə şərait yoxdur. İlham Əsgərlinin xəstəliyilə əlaqədar müalicəsi isə davam etdirilməlidir. Əks təqdirdə, xəstəliyi ən yaxşı halda, onun sol aşağı ətraf oynağında hərəkət məhdudluğuna, əmək qabiliyyətinin itirilməsinə və əlil olmasına gətirib çıxara bilər”.
İftixar Qurbanov Sabunçu Rayon Məhkəməsinə bu rəylə yanaşı, özünün ayrıca məktubunu da göndərib və məktubda da icra başçısının oğlunun şəxsi keyfiyyətləri barədə fikirlərini bildirib. Məsələn, onun ilk dəfə cinayət törətdiyini və bu əməlin ehtiyatsızlıqdan törədilmiş cinayətlər kateqoriyasına aid olduğunu, həbsdə olduğu müddətdə özünü tərbiyəli, intizamlı, daxili rejim qaydalarına əməl edən şəxs kimi göstərdiyini yazıb.
Və… Məhkəmənin hakimi Anar Qasımov da 12 noyabr 2015-ci ildə CM-nin 78.2-ci (cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər) maddəsinə əsaslanaraq, İlham Əsgərlinin cəzadan azad edilməsinə dair qərarı imzalayıb. Beləliklə, icra başçısının oğlu həbs olunduqdan düz 6 ay sonra cəzadan azad edilib.
Prokuror Ceyhun Kazımov İlham Əsgərlidə “Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilməsi üçün əsas olan xəstəliklər siyahısı”ndakı ağır xəstəliyin aşkar edilmədiyini əsas gətirib və Sabunçu Rayon Məhkəməsinin qərarından protest verib. Amma Bakı Apelyasiya Məhkəməsində Faiq Qasımovun sədrliyilə hakimlər kollegiyası bu protesti əsassız sayıb və İlham Əsgərlinin cəzadan azad edilməsinə dair qərarı qüvvədə saxlayıb.
Məhkəmə prosesində üzə çıxan ilginc faktlar niyə araşdırılmadı?
İndi isə bir qədər geriyə – haqqında söhbət gedən məhkəmə prosesləri zamanı üzə çıxan faktlara qayıdaq. Hadisə zamanı dünyasını dəyişən Sənan Mirzəyevin atası, “McDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyev hadisə baş verən zaman oğlunun daha çox diqqətsizlikdə dünyasını dəyişdiyini bildirib: “İlham gəlib Sənana özü ilə birlikdə Şüvəlana paintball oynamağa getməyi təklif edib. Sürücü olmadığına görə oğlum getmək istəməyib. Amma İlham deyib ki, mən öz sürücümlə gəlib aparacam səni.
İlham Əsgərli yolda maşını sürücüdən alaraq özü idarə edib, nəticədə qəza baş verib. Mən oğlumu itirmişəm. İlham maşını böyük sürətlə idarə etdiyindən bu cür hadisə baş verib.
Məni yandıran odur ki, oğlumu Sabunçu rayon xəstəxanasına aparıblar, amma İlhamı və sürücünü təcili olaraq Türkiyəyə aparıblar. Mənim övladım xəstəxanada yiyəsiz qalıb. Oğluma onlarla eyni səviyyədə tibbi yardım göstərilməyib. İlham Əsgərliyə layiqli cəza verilməsini xahiş edirəm”.
Göründüyü kimi İlham Əsgərlinin azad olunması üçün atası, Nəsimi rayon icra başçısı Asif Əsgərov bütün vasitələrdən istifadə edib. Günahsız adamın həbsi ilə nəticələnmiş məhkəmə hökmünə səbəb olub. Belə bir vəzifəli şəxs övladını ldüşmən qabağına döyüşməyə göndərəcəkmi? Buna isə heç kim inanmaq istəməz. Çünki haqlı səbəb var… Halbuki belə məqamlarda məmurlar xalqa nümünə göstərməyə borcludurlar.