Həbs olunma sifarişimi millət vəkili Fəzail Ağamalı verib

8-04-2016, 09:22   
Həbs olunma sifarişimi millət vəkili Fəzail Ağamalı verib
6 saylı kalonda cəza çəkən İlqar Məmmədov Fəzail Ağamalının sifarişilə həbs edildiyini, qarşı tərəf isə bu iddianın əsassız olduğunu bildirir

6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Ilqar Məmmədov “Azadlıq”a məktub göndərib. Ilqar Məmmədov yazır ki, o, deputat Fəzail Ağamalının sifarişi nəticəsində həbs edilib: “Mən 22.11.2012-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin əməkdaşları tərəfindən haqsız olaraq həbs edilmişəm. Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2, 221.2.3, 127.2.3, 178.2.3, 320.1, 320.2-ci maddələri ilə təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 9 il müddətinə azadlıqdan məhrum olunmuşam.

Həbs olunma sifarişimi millət vəkili Fəzail Ağamalı verib. Belə ki, mən 2005 və 2010-cu illərdə 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd olmuşam. Fəzail Ağamalı ilə rəqib olduğum üçün mənimlə düşmənçilik aparıb. Bakı Ağır Cinayətlər Məhkəməsində sədrlik edən hakim Həsən Əliyev olub. 100 dəfə onun sədrlik etdiyi məhkəmə prosesinə çıxmışam və heç bir ittihamla mənə iş verə bilmədi. Çünki günahsız olduğumu ona bildirdim.


Mən ali təhsilliyəm, BDU-nun jurnalistika və hüquq fakültəsini bitirmişəm. “Qızıl qələm” mükafatçısıyam. Ən nəhayət, 101-ci məhkəmə prosesim Zeynal Ağayevin sədrliyilə keçib və mənə 9 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Hakim Həsən Əliyev müəyyən səbəblərə görə həbs olunub. 17.03.2016-cı ildə KIV-ə bəyanatım olub. Hüquqlarımı qoruyan Əvəz bəy Zeynallıya müraciətimdə öz əksini tapıb.

Sizə bildirmək istəyirəm ki, heç bir günahım yoxdur. Sadəcə, Fəzail Ağamalının qurduğu oyunun qurbanıyam. Fəzail Ağamalı hakim və müstəntiqlərə rüşvət verdiyi üçün mən həbs edildim.

Mən özümü vicdan məhbusları sırasında görmək istərdim. Eyni zamanda, bütün yazarlardan xahiş edirəm ki, azadlığım üçün öz köməyini əsirgəməsinlər. Mən hüquq müdafiəçisi Intiqam Əliyevlə bir yerdə cəza çəkmişəm və yaxın münasibətdə olmuşam. O bu yaxınlarda öz haqqını az da olsa taparaq azadlığa qovuşdu. Mən bütün siyasi məhbuslara, bütün məhkumlara azadlıq arzulayıram”.

Fəzail Ağamalı isə “Azadlıq”a açıqlamasında Ilqar Məmmədovun iddialarının əsassız olduğunu bildirib. “Bu şəxsin dedikləri tamamilə əsassızdır. Mən indiyə qədər kimsəni tutdurmamışam. Bu adam doğrudan da mənim rəqibim olub. Lakin sonradan başqa bir rəqibimin xeyrinə namizədliyini geri götürüb. Salyanın Kürsəngi kəndindəndir. Saxta diploma satmaq və digər dələduzluq əməlləri ilə məşğul olub. Mən nəinki onu həbs etdirməmişəm, heç onun həbs olunmasından xəbərim olmayıb. Bir daha qeyd edirəm ki, barəmdə səsləndirilən ittihamlar tamamilə əsassızdır”, – deyə Fəzail Ağamalı vurğulayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.