Hökumətdəki “5-ci kolon” hərəkətə keçdi

9-04-2016, 09:25   

İndiki vəziyyətdə Avropa İttifaqını hədəf seçmək nəyə hesablanıb?

Son günlər cəbhədə baş verənlər dostla düşməni bir daha aydın şəkildə göstərdi. Həmişəki kimi qardaş Türkiyə birmənalı şəkildə dəstəyini ifadə etdi və işğalçının üstünə yürüdü. Avropanın məsələyə münasibəti də Azərbaycanın maraqlarına xidmət etdi. Yeri gəlmişkən, Almaniyanın kansleri Angela Merkel Ermənistan prezidenti Sərkisyanla görüşündə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğuladı. Bundan əvvəl də Almaniya Bundestaqı, Avropa Parlamenti Qarabağ məsələsində Azərbaycanın mövqeyini müdafiə edən qətnamələr qəbul etmişdi.

Onu da qeyd edə ki, neftin qiymətinin düşməsi, valyuta ehtiyatlarının azalması, yaranmış maliyyə böhranı hökuməti Qərbə doğru addım atmağa məcbur etdi. Yəni hökumət könülsüz də olsa müəyyən yumşalma nümayiş etdirdi və ölkə başçısının ABŞ səfərinə hazırlıq görüldü. Beləliklə, hökumətin rəsmi təbliğatı ABŞ səfərini böyük uğur kimi dəyərləndirdi və ölkəmizin dünya ilə isti münasibətlərdə olduğu tirajlandı. Hətta ABŞ-la strateji əməkdaşlıq sazişinin imzlanacağı da bildirildi.


Amma belə bir vəziyyətdə hökumət mətbuatı iri həcmli məqalə dərc edir və Avropa Ittifaqı “top”a tutulur. Məqalədə Avropa Ittifaqının məhvə məhkum olduğu, bu qurumun maliyyə böhranı yaşadığı, müstəmləkə siyasəti yürütdüyü, ikili standartlardan çıxış etdiyi, bu quruma üzv olan ölkələrin mənəvi deqradasiyaya məruz qaldığı bildirilir. Açıq şəkildə Avropa Birliyi aşağılanır, avrointeqrasiyanın zərərli olduğu qabardılır.

Görəsən “Yeni Azərbaycan” qəzetinin indiki həssas vəziyyətdə belə bir məqalə dərc etməsi nəyə hesablanıb? Bu məqalə ABŞ-dakı demokratiya vədinə, son günlər cəbhədəki gərginlik zamanı Avropanın verdiyi reaksiyaya zidd deyilmi?

Faktiki olaraq cəbhə bölgəsindəki döyüşlər də sübut etdi ki, Rusiyanın xəyanəti davam edir. Avropa mətbuatından fərqli olaraq Rusiya mətbuatı Azərbaycanın əleyhinə kampaniya apardı, Ermənistanın mövqeləri müdafiə olundu, üstəlik, məlum oldu ki, Rusiyanın “dirijor”luğu ilə 400 PKK-çı Ermənistana kömək üçün cəbhə bölgəsinə yerləşdirilib. Rusiyanın buna qədərki “xidmət”ləri də göz qabağındadır. Hətta hökumətin sözçüləri də etiraf etdilər ki, Rusiya amili olmasa, Qarabağı bir həftəyə azad edərik.

Bütün baş verənlərdən belə nəticə çıxır ki, Azərbaycanın Avropaya, ABŞ-a inteqrasiya zərurəti ölkədəki “5-ci kolon”u hərəkətə keçirib. Bəli, rusmeyllilər “ənənə”nin davamı olaraq “böyük qardaş”ın maraqlarından çıxış edirlər. Belə həssas məqamda və Rusiyanın xəyanətinin aşkar göründüyü vaxtda, antiAvropa təbliğatı aparmaq Azərbaycanın milli maraqlarına növbəti zərbədir. Deməli, “5-ci kolon” növbəti dəfə Azərbaycanı real müttəfiqlərdən məhrum etmək və nəticə etibarilə Rusiyanın imicini qorumaq niyyəti güdür.

Amma artıq bu fayda verə bilməz və cırılmış maskalar simanı aydın göstərib.

Akif
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.