“Qarabağda atırlar. Burda isə top-tüfəng atmırlar. Müharibə başqa formada gedir. Yaşayış uğrunda əhali çarpışır. Azərbaycan və Iran gömrüyündən gedib-gəlmək müharibədən pisdir. Xüsusən Azərbaycan gömrüyü adamın anasını ağladır”.
Astara keçid məntəqəsinin önündə Irana getmək üçün növbəyə duranlardan biri əli ilə adamları göstərərək, sözünə davam edir:
Irana gedənlər azalıb
“Bu gün Irana getmək istəyənlər azdır. Döyüşlər gedən vaxtlarından bəri azalma var. Axı ölülərimiz var. Iş yox. Nə edək? Xırda alverdi də. Çörək pulu”.
Nəzarətçi də Irana gedənlərin sayının azaldığını deyir. O qeyd edir ki, Qarabağda müharibə gedir. Həm də Iranda ABŞ dolları qalxıb. Çoxlarına ora getmək sərf etmir: “Novruz bayramı ərəfəsində Irana gündə 2000 minə yaxın adam keçirdi. Indi isə 700-800 nəfər gedir. Bəzən bunların sayı 400-ə düşür. Xəstələr də var. Ən çox alverə gedirlər. Digər tərəfdən, 15 gündən bir Irana buraxırlar”.
Burda əvvəlki qələbəlikdən əsər-əlamət qalmayıb. Müştəri gözləyən fəhlələr də, sürücülər də bir tərəfə çəkilib gözləyirlər.
Sərhədyanı ticarətlə məşğul olan Elman Əliyevin deməsinə görə, Irandan piyada qayıdan vətəndaşlardan mal alır. Mağaza mal ilə dolu olsa da alan azdır:
Irana alış-verişə gedənlərin gəliri azalıb
“Bu döyüşlərdən əvvəl də, vəziyyət yaxşı deyildi. Gündən-günə pisləşir. Böhrandır da. Bunun müharibəyə dəxli yoxdur. Irandan əsasən paltar yumaq üçün yuyucu toz, xlor, konfetlər, siqaret, xama, pendir, xiyar, pomidor, kartof, ilbiz dərmanı və sairə gətirirlər. Qiymət fərqi cüzidir. Əvvəllər Irana gedib-gəlirdilər, 40-50 manat qazanırdılar. Indi düşüb 10 manata. Iran Astarasında tanışım var, tacirdir. O da deyir ki, bizdə də vəziyyət yaxşı deyil”.
Elman Əliyevin deməsinə görə, Iran Astarasında 1 ABŞ dolları 3500, 1 manat isə 2150 tüməndir. Dollar qalxdıqca Irana gedənlərin sayı da azalır.
Irandan gələn yük maşınlarının sayının isə artdığı söylənir. Adının çəkilməsini istəməyən bir terminalın işçisinin dediyinə görə, Irandan gündə yüzə yaxın yük maşını çıxır. Onların arasında tranzit yüklər də var: “Iran gömrüyündə Azərbaycan üçün nəzərdə tutulmuş yük çoxdur. Onların gətirilməsində maneə var. Oradan kənd təsərrüfatı, ərzaq məhsulları və tikinti materialları gəlir. Rusiyaya gedən maşınlar da var”.
Super-marketlərdə bir çox ərzaq məhsulların qiymətlərində ucuzlaşma müşahidə olunur. Mağaza sahibi Araz Hüseynov deyir ki, elə məhsul var qiyməti 50 faiz düşüb. Alıcıların sayı isə azalıb:
Alıcı az, nisyə çoxdur…
“Alver çox aşağıdır. Adamlar əsasən zəruri ərzaq məhsulları alırlar. Adətən hər bayramdan sonra belə olur. Nisyə çoxdur”.
Iqtisadçı Vidadi Mirzəyev deyir ki, ölkədə iqtisadi böhran var. Ona görə də qiymətlər oynayır. Onun fikrincə, mağazalarda vaxtı keçməkdə olan məhsulların qiyməti aşağı salınır ki, alınsın.
O deyir ki, manat dollara nisbətdə sabit qalanda istehlak məhsullarının qiyməti də dəyişmir. Iqtisadçının sözlərinə görə, Qarabağda gedən döyüşlər əhaliyə öz problemlərini bir qədər unutdurub: “Lakin bu çox çəkməz. Mən inanmıram ki, döyüşlər iqtisadi enişin qarşısını ala bilsin. Hansı şəraitdə olursa olsun, insan çörək yeməlidir. Çörək də iqtisadiyyata bağlıdır”.
Azərbaycan Gömürük Komitəsinin rəsmiləri isə dəfələrlə qeyd ediblər ki, keçid məntəqələrində sahibkarlarla bağlı heç bir problem yoxdur.
Əgər qanunun tələbi gözlənilirsə və rüsum ödənirsə, heç bir sahibkara problem yaradılmır.